Xəbər lenti

 

 “Ermənistanın baş naziri Nikol Paşinyanın tənqidçiləri hesab edirlər ki, o, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Tənqidçilər deyir ki, indiyədək heç kəs baş nazirdən bu problemlə bağlı konkret mövqe görməyib”.

Ovqat.com xəbər verir ki, İranın Anaj.ir saytında dərc olunan “Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal" sərlövhəli məqalədə belə deyilir.

Azərbaycan ictimaiyyəti üçün maraqlı olduğunu nəzərə alıb məqaləni olduğu kimi təqdim edirik:

“Nikol Paşinyanın son mətbuat konfransında verdiyi açıqlamalar Ermənistanda ciddi müzakirələrə yol açıb. Mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir ölkəsinin düşdüyü vəziyyətə görə köhnə hakimiyyəti günahlandırıb. “Bu məsələdə əvvəlki hökumətdən qalmış irs mənə və hökumətimə ağırlıq edir”, - deyə Paşinyan bildirib.

“Keçmiş hakimiyyətdən qalma dözülməz irs”in nədən ibarət olduğuna gəlincə, o, deyib: “Sarqsyanın dövründə Qarabağ problemilə bağlı danışıqlar qeyri-real model əsasında aparılıb”. Paşinyan bildirib ki, Sarqsyan hakimiyyəti Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması, həmin ərazidə, o cümlədən yaradılacaq bufer zonada sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün referendumun təşkili məsələlərini müzakirə edirmiş. Baş nazir hesab edir ki, məsələyə “DQR” rəhbərliyinə iddialı şəxslərin münasibət bildirməsi lazımdır: “Onların razılığı olarsa, məsələ daha tez həllini tapar”.

Separatçı liderlər, “DQR”də keçiriləcək “seçki”yə qatılmış “namizədlər” isə deyilənləri qəbuledilməz sayır. Onlar “işğal altındakı torpaqların geri qaytarılması ilə bağlı heç bir danışıqları qəbul etməyəcəklərini” bildirirlər. Üstəlik, onlar Qarabağ ətrafındakı işğal olunmuş rayonlara ermənilərin yerləşdirilməli olduğunu da söyləyirlər.

 

Bu arada, N.Paşinyanın son fikirləri keçmiş hakim Respublikaçılar Partiyası tərəfindən kəskin tənid olunur. Onlar hesab edirlər ki, Paşinyan qorxu içərisindədir və məhz bu üzdən “axmaq ifadələr işlətməyə məcbur olur”.

Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov “DQR” separatçılarına dəstək olaraq deyib ki, Paşinyanın son açıqlamaları onlar üçün problem yaradacaq.Paşinyan Dağlıq Qarabağ problemilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır. İndiyədək heç kəs özünü Ermənistanın baş naziri sayan bu şəxsdən Qarabağla bağlı konkret mövqe eşitməyib!”, - deyə o, bildirib.

 

Bir müddət əvvəl Paşinyan hakimiyyətini Ermənistanın sabiq prezidenti Robert Koçaryan da tənqid etmişdi: “Ermənistan hökumətinin ən böyük səhvi Rusiya qoşunlarının, yəni hərbi bazasının ölkədən çıxarılması ilə bağlı israrıdır. O, Suriyanın şimalındakı kürd məsələsini özü üçün ibrət sayır”. 

Ermənistandakı “Qarabağ klanı”nı narahat edən daha bir məqam Azərbaycanın hərbi büdcəsinin ildən-ilə artması, Ermənistanda isə bu büdcənin olduğu kimi qalmasıdır. Onlar Paşinyanı buna görə də tənqid edirlər.

 

Bəzi siyasi ekspertlər isə hesab edir ki, Paşinyan “DQR”in başına öz namizədini gətirməyə çalışır. Onların fikrincə, baş nazirin son açıqlamaları da buna hesablanıb: “Paşinyan hələ bir müddət əvvəl “mən qarabağlı deyiləm” bəyanatını vermişdi. İndi o, işğal olunmuş ərazilərdə öz siyasətini yeritməyə, bunun üçün isə orada öz adamını başa çəkməyə çalışır. Bununla Paşinyan həm erməni lobbisinin siyasi və iqtisadi dəstəyini almağı, həm də “Qarabağ klanını”nın siyasi təzyiqlərindən qurtulmağı düşünür”.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 30-01-2020, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma