
İranın SEPAH-a yaxınlığı ilə seçilən Əhli Beyt Xəbər Agentliyi (ABNA) Qasim Süleymani sui-qəsdinin bəzi detalları ilə bağlı məlumat yayıb.
Ovqat.com-un bildirdiyinə görə, ABNA sui-qəsdin ilyarım əvvəldən hazırlandığını irəli sürüb. Agentlik iddia edir ki, ABŞ-ın kəşfiyyat orqanları hədəflərini izləmək üçün ilyarım əvvəldən bəzi agentlərini Dəməşq və Bağdad hava limanında işə düzəltsələr də, Qasim Süleymaninin səfərindən son anda xəbər tutublar. Bu isə İran generalının bəzi təhlükəsizlik tədbirlərindən qaynaqlanırmış. Bildirilir ki, Qasim Süleymani düşmənə terror niyyətini həyata keçirmək imkanı verməmək üçün fərqli hava yolları ilə uçurmuş və təyyarə biletini yola düşmədən bir neçə dəqiqə əvvəl alırmış: “Süleymani ümumiyyətlə təyyarəyə minən sonuncu şəxs olurdu. Həmişə təyyarənin son qatında otururdu ki, enişdən sonra dərhal oradan çıxsın”.
Bu dəfə də eyni təhlükəsizlik metodlarından istifadə edən generalın bu manevrləri ilk başda Dəməşq aeroportundakı ABŞ casuslarını aldadır. Onlar əvvəl öz rəhbərliklərinə səfərin təxirə salındığını belə xəbər verirlər. Süleymani təyyarəyə mindikdən sonra xəbər yenə lazımi yerə ötürülür və sui-qəsd planı həyata keçirilir.
“Təyyarənin qapıları bağlamamışdan bir neçə dəqiqə əvvəl Qasim Süleymani onu müşayiət edən iki nəfərlə birlikdə göyərtəyə minir. Təyyarə saat 00: 36-da Bağdad Beynəlxalq Hava Limanına enir və təyyarəni ilk tərk edənlər yenə general-polkovnik Süleymani və onu müşayiət edən insanlar olurlar. O, Əbu Mehdi əl-Muhəndis tərəfindən qarşılanır, sonra hava limanının sonunda terror hücumuna məruz qalan o iki maşına minir”.
Agentlik Süleymaninin qətlinə fərman verən ABŞ prezidentinin bu təhlükəli qərarını vermə səbəbinə də aydınlıq gətirib. İddiaya görə, Yeni il tətilini Floridada keçirən Donald Tramp Bağdaddakı ABŞ səfirliyinə edilən hücumları televiziyadan izlərkən çox qəzəblənir: “Və general polkovnik Qasım Süleymaninin öldürülməsini qətiyyətlə israr edir”.
Sui-qəsdin Suriyada yox, İraqda törədilməsi səbəbinə də aydınlıq gətirən ABNA İsraili qəzəbləndirməmək üçün bu ssenarinin həyata keçirilməsinə qərar verildiyini bildirib: “Vaşinqton Suriyaya səfəri zamanı Hizbullah qrupunun yüksək səviyyəli üzvü ilə birlikdə olduğu Süleymani terrorunun Livan qrupunu İsrailə qarşı dərhal bir hərbi hücuma sürükləyə biləcəyindən qorxdu, buna görə də Livanda terror törətmədi”.
Paylaş: