2020-ci il Çin təqviminə görə,” Sıçan ili”dir.
Azərbaycan təqviminə görə, “Könüllülər ili”dir.
Prezident İlham Əliyevin 30 dekabr 2019-ci ildə imzaladığı Sərəncamda belə deyilir:
“Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram:
- 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”
Bakı şəhəri, 30 dekabr 2019-cu il.
Naxçıvan təqviminə görə isə, ixrac ilidir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da, təbii ki, öz arqumenti var:
"Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin etmiş, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artmış, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalmışdır.
Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri etmişdir.
Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:
- 2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilsin.
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin".
Qısası, bu il Naxçıvanda təyyarəyə minib Bakıya gələndə cəmi 1 saat havada olacağıq. Bakıya enəndə isə ilimiz dəyişəcək. “İxrac ili”ndən “Könüllülər ili”nə qədəm qoyacağıq. Çində koronavirus yayıldığından bu ölkəyə səfərlərə qadağa qoyulub. Deməli, bu il heç “Sıçan ili” görməyəcəyik. “Könüllülər”, yoxsa “İxrac ili”ndə olmağımızı isə yaşadığımız zaman yox, bulunduğumuz məkan müəyyənləşdirəcək.
Gülməlidir, deyilmi? Amma sizə gülməli gəlməsin. Naxçıvan MR gərək hansısa fərqli xüsusiyyətilə fərqlənə. Yoxsa onun Muxtar Respublikalığı necə bəlli olacaq?
Paylaş: