Vətən bütün sözlərin fövqündə dayanan müqəddəs kəlmədir. Bu söz təkcə coğrafi məna kəsb edən ərazi, yaşayış məskəni demək deyil. Vətən anadır, Vətən namusdur, Vətən min illər boyu ata-babalarımızın uyuduğu yurd yeridir. Vətənin övladı olmaq isə təkcə bu torpaqlarda doğulmaq, yaşamaq və ölmək anlamına gəlmir. Vətənə layiqli övlad olmaq onu canından çox sevmək, uğrunda hər an şirin canını qurban verməyə hazır olmaq deməkdir.
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Keçmiş dövrlərdə də, ötən əsrin ortalarında da Azərbaycanın say-seçmə oğulları- İsrafil Məmmədov, Həzi Aslanov, Gəray Əsədov, Mehdi Hüseynzadə və digər minlərlə Vətən övladı misilsiz qəhrəmanlıqlar göstərib şəhidlik zirvəsinə ucalıblar. Onların Qəhrəmanlıq Məktəbinin davamçıları öz sələflərinin igidliklərini dəfələrlə təkrarladılar, xain düşmənə göz dağı verdilər.
Əliyarlar, Şirinlər, Allahverdilər, Əliflər...ölümləri ilə ölümsüzlüyə qovuşdular. Qəhrəmanların ölümündən sonra erməni faşistləri rus havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini ələ keçirməyə nail oldular. Atəşkəsin imzalanmasından sonra ötən zaman kəsimi bizə güclü ordu qazandırsa da, işğalın bu qədər uzun sürməsi insanlar arasında ruh düşgünlüyü yaratdı. Yurd həsrətindən qovrulan, ürək ağrısı tutan nə qədər insan bu dünyanı vaxtsız tərk etdi. Bizə göz dağı vermək üçün işğal olunmuş torpaqlarımızda, cənnət misallı yurd yerlərimizdə şəkillər çəkdirib paylaşan erməni dığaları özlərini bu yerlərin əsil sahibi kimi aparmağa başladılar. Erməni ağçiləri azərbaycanlıları sosial şəbəkələrdə təhqir edir, qorxaqlıqda ittiham edir, aşağılayırdılar. Belə bir ağır və dözülməz dönəmdə qeyri-adi bir xəbər ildırım sürətilə bütün dünyaya yayıldı.
Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov təkbaşına cəbhə xəttini keçərək erməni əsgərləri ilə saatlarla döyüşmüş, onlarla erməni dığasını cəhənnəmə vasil etmişdi. Yalnız döyüş sursatı bitəndən sonra ermənilər onu öldürməyə nail olmuşdular. Onun cansız bədənindən belə qorxan düşmənlər Mübarizi öldürəndən sonra əllərini arxadan bağlamışdılar.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında onlarla maraqlı yazı və görüntülər var. Azərbaycanın işğal altındakı torpaqlarında öz qanı ilə tarix yazan qəhrəmanımız bir gecədə ermənilərə təkbaşına divan tutaraq adını tarixə qızıl hərflərlə yazdı. Erməni əsgərlərini pərən-pərən salan Mübariz Qarabağda ordumuzun gücünü düşmənə göstərdi.
Kim idi Mübariz İbrahimov? Ucqar bir kənddə, Biləsuvarın Əliabad kəndində dünyaya göz açmış Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Yaşasaydı, 31 yaşı olacaqdı. 1988-ci il fevralın 7-də doğulmuşdu. Bütün gənclər kimi onun da arzuları vardı. Amma digərlərindən fərqli olaraq yuva qurmaq, övlad sahibi olmaq deyil, işğal altda olan torpaqlarımıza bayraq sancmaq idi onun ən böyük arzusu!!!
Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Xocalı faciəsi baş verəndə cəmi 4 yaşı vardı. Sonralar ağlı kəsən yaşa çatanda gizli-gizli çox göz yaşı axıtmışdı günahsız ölən yaşıdları, qanına qəltan edilən xocalılar üçün... Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, beynində qəhrəmanlığın ilk sətirləri yazılırdı.
Mübariz ona qoyulan adı doğrultdu. Onun valideynlərinə göndərdiyi son məktubda yazdıqlarını göz yaşlarsız oxumaq mümkün deyil: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir, bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun.
Oğlunuz Mübariz.
Haqqınızı halal edin”.
Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən müqəddəs idi. Onun ilk və son sevdası Vətən oldu. Dostları ilə söhbətlərində "mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”, - deyirdi.
O, vaxtilə faşist ordusuna ciddi zərbələr vuran, adını Fransada, İtaliyada Yuqaslaviyada tanıdan , başına milyonlarla pul qoyulan Mehdi Hüseynzadənin layiqli davamçısı oldu. Qəhrəmanlıq səhifəsini bir gecəyə sığışdıran Mübariz ölümü ilə xalqa yenidən mübarizə gücü verdi, insanları ümidsizlik ilgəyindən xilas etdi. Ermənistanı yasa boğdu və oğullarımızı ələ salan erməni qadınlarını qara libaslar geyməyə məcbur etdi.
Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçisi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alındı və bir gün sonra, noyabrın 7-də İkinci Fəxri xiyabanda dəfn olundu.
Əziz Şəhidim, ad günün, uca məqamın mubarək!
Nazilə Nəriman,
Ovqat.com
Paylaş: