Neftin milliləşdirilməsindən narazı qalan ingilislər Müsəddiqi devirmək üçün bir neçə dəfə uğursuz cəhd göstərdilər. Kömək üçün ABŞ-a da müraciət edildi, Müsəddiqin devrilməsi müqabilində gələcəkdə İran neftindən pay vəd edildi. Lakin amerikanlar razılaşmadılar.
Bu dövrdə prezident Trumen və administrasiyası bitərəf mövqe tutur, İranla İngiltərə arasında konsensusa nail olmağa çalışırdı. İngilislərin təklifi cazibədar idi, lakin İranın qanuni hökumətini devirəcək qədər deyil.
İran da öz növbəsində Birləşmiş Ştatların dəstəyinə nail olmağa çalışırdı. Müsəddiq Trumenlə görüşündə ABŞ-a İran neftinin hasilatında əməkdaşlıq təklif etmişdi. Bu da yaxşı təklif idi, lakin amerikalıları öz yaxın müttəfiqləri olan Böyük Britaniya ilə münasibətləri korlamağa təhrik edəcək qədər şirnikləndirici deyildi.
1952-ci ilin oktyabrında İranın Böyük Britaniya ilə diplomatik əlaqələri kəsməsindən, diplomatlarla yanaşı digər Britaniya təbəələrini ölkədən çıxarmasından sonra ingilislərin işi xeyli çətinləşdi. Onların İranda Müsəddiq əleyhinə təbliğat aparmaq, təxribatlar törətmək imkanları minimuma endi.
Lakin 1 ay sonra ABŞ-da keçirilən prezident seçkilərində demokratların uduzması, respublikaçıların namizədi Duayt Eyzenhauerin qalib gəlməsindən sonra vəziyyət dəyişdi. ABŞ-da idarəçilərin dəyişməsi ilə yanaşı ingilislərin onları tovlamaq üçün taktikaları da dəyişdi. Bu dəfə amerikanları neft qazancı ilə şirnikləndirməyə yox, kommunizm təhlükəsi ilə təhdid etməyə üstünlük verildi. Kommunistyönümlü Tudə Partiyasının fəaliyyətinin güclənməsi, Müsəddiqin guya getdikcə onlardan asılı vəziyyətə düşməsi, beləcə İranın sovet blokuna qoşulacağı iddia edildi. Potensial kommunizm təhlükəsi ABŞ-ın yeni rəhbərliyinin diqqətini neft qazancından daha tez çəkdi. Dövr elə dövr idi ki, kommunistlərin nəzarətinə keçən ölkələrin sayı az qala aybaay çoxalırdı.
Digər tərəfdən, ingilislərin İran neftinin satılmasına tətbiq etdikləri blokada sosial-iqtisadi vəziyyəti ciddi şəkildə sarsıdırdı və Tudənin xeyrinə işləyə bilərdi. Bəlkə də məhz bu ehtimala görə Tudə əvvəllər tez-tez tənqid etdiyi Müsəddiqi indi Moskvanın göstərişi ilə dəstəkləməyə başlamışdı. İran kimi dindar ölkədə kommunistlərin hakimiyyətə gəlməsi nə qədər qeyri-real görünsə də, təhlükə həmişə gerçəkdə olduğundan daha qorxunc təsir bağışlayır.
Onu da nəzərə almaq lazımdır ki, 1952-ci il seçkilərində "sovet təhlükəsi" Eyzenhauerın əsas təbliğat aləti idi. Onun demokratlara yönəlik əsas tənqidlərindən biri kommunist düşərgəsinin genişlənməsinə, xüsusən də Çindəki vətəndaş müharibəsinin kommunistlərin xeyrinə yekunlaşmasına imkan vermələri idi. İndi isə İranda kommunistlərin qələbəsi Eyzenhauer üçün heç arzuolunan olmazdı.
Səbəb nə olursa olsun, 1953-cü ilin fevralından etibarən ABŞ Müsəddiqin devrilməsi üçün Britaniyanın yardım müraciətlərinə müsbət cavab verdi. Mərkəzi Kəşfiyyat İdarəsinin artıq bir neçə ay ərzində Tehranda olan əməkdaşı Kermit Ruzveltə (ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin nəvəsi) Müsəddiqi devirmək üçün fəaliyyətə başlamaq tapşırıldı.
*
Qeyd etmək lazımdır ki, həmin dövrdə ABŞ-ın İranda mövqeləri və əlaqələri elə də güclü deyildi. İranın bütün ərazisində və cəmiyyətin bütün təbəqələrində tərəfdarları, agenturası olan ingilislərdən fərqli olaraq amerikalıların şəbəkəsi çox zəif idi. Buna görə də onlar ingilislərin təsir şəbəkəsindən istifadə etdilər.
Bu şəbəkədə önəmli fiqurlardan biri Əsədulla, Seyfulla və Qüdrətulla Rəşidyan qardaşları idilər. Varlı biznesmen olan, ingilislərin pulu ilə xeyli insanları təsir dairəsində saxlayan Rəşidyan qardaşları həm də bir neçə nüfuzlu qəzetlərin sahibləri idilər və bunun nəticəsində Müsəddiq əleyhinə təbliğatda ciddi rol oynayacaqdılar.
Vaxtilə Milli Cəbhənin tərkibində olan, lakin indi ondan ayrılan ayətullah Əbülqasım Kaşani, Müzəffər Baxayi, Hüseyn Məkki və digərləri də ABŞ səfirliyi ilə əməkdaşlıq etməyə başlayırlar. Lakin onlar bu əməkdaşlığa könüllü, ədalətli iş uğrunda işbirliyi kimi baxırdılar. Sonradan açılan sənədlərdə bu əməkdaşlığa görə ABŞ səfirliyindən pul almaları barədə heç bir məlumata rast gəlinmir.
Əvəzində digər din xadimi, ayətulla Məhəmməd Bəhbəhani səfirliyin muzdlu əməkdaşına çevrilmişdi. Bu, o qədər aşkar məsələyə olmuşdu ki, Tehranda hətta "dollar Bəhbəhani" termini yaranmışdı.
Tudə Partiyasında da agentura mövcud idi. Mənbələrdə Tudədəki əsas agentin Lənkərani soyadlı bir şəxsin olduğu yazılır. Ciddi narkotik asılılığı olan və Müsəddiqin devrildiyi gün baş verəcək hadisələrdə əhəmiyyətli rol oynayan bu adam haqqında ətraflı məlumat toplamaq mümkün olmadı.
Lakin Tudənin önəmli isimlərindən biri, sonralar şah məhkəməsinin ölümə məhkum etdiyi Xosrov Ruzbeh haqqında məlumatlarda onun Tudə daxilində dörd xaini, o cümlədə Heşam Lənkərani adlı birisini öldürdüyü söylənilir. Yəqin ki, söhbət eyni adamdan gedir. Digər tərəfdən, Lənkəraninin tanınmış ruhani ailəyə mənsubluğu qeyd olunur.
F.Keyvani və A.Cəlali adlı iki nəfər də mətbuatda baş nazir əleyhinə "qara piar" aparılmasına dəstək verməli idilər. Üstəlik, onların Tehrandakı əlbəyaxa döyüş dərnəklərində əlaqələri vardı və ehtiyac yaranardısa onlardan istifadə ediləcəkdi.
Əməliyyatda kriminal qruplara və bandit dəstələrinə də yer ayrılırdı. Bu yöndə ayətulla Bəhbəhaniyə yaxın olan və ondan aldığı təlimatla hərəkət edən Şaban Cəfərinin quldur dəstəsi xüsusilə fərqlənirdi.
Nəhayət, İranda məskunlaşan bir çox tayfaların, o cümlədən qaşqayların, bəxtiyarların və digərlərinin rəhbərləri ilə əlaqələr mövcud idi.
Amerikalılar Müsəddiqin əvəzinə Baş nazir postuna general Fəzlulla Zahedini münasib gördülər. Zahedi qatı Britaniya əleyhdarı kimi tanınırdı. İkinci dünya müharibəsi illərində İranı işğal edən ingilislər əleyhinə fəaliyyəti onun tutularaq Fələstinə sürgün edilməsi ilə nəticələnmişdi.
O, hətta bir müddət Müsəddiq hökumətində daxili işlər naziri vəzifəsini tutmuş və neftin milliləşdirilməsi yönündə addımları dəstəkləmişdi. Lakin Zahedi həm də qatı antikommunist idi və bu, onun Tudə Partiyasına dözümlü münasibət sərgiləyən Müsəddiqlə yollarının ayrılmasına səbəb olmuşdu.
İndi amerikanlar belə bir Britaniya əleyhdarını Müsəddiqin yerinə Baş nazir etmək istəyirdilər. Demək artıqdır ki, bu seçim ingilislərin ürəyincə deyildi, lakin onların əl-qolu bağlı idi və amerikalıların rəyi ilə hesablaşmağa məcburdular.
*
Troya müharibəsinin iki eyniadlı əfsanəvi personajlarının şərəfinə "Ayaks" adlandırılan əməliyyatın ssenarisi elə bir mürəkkəbliyi ilə seçilmirdi. Bir neçə ay ərzində müxtəlif üsullarla Müsəddiq hakimiyyətini zəiflətməyə, nüfuzdan salmağa yönələn addımlar atılacaqdı. Sonra isə şah Müsəddiqin vəzifədən çıxarılması, Zahedinin təyin olunması barədən fərman imzalayacaqdı. Əgər yenə küçələrdə etirazlar olardısa, hərbçilər müdaxilə edəcəkdilər.
Aprel ayından başlayaraq amerikalılar və ingilislərin nəzarətlərində olan mətbuat orqanları vasitəsilə Müsəddiq əleyhinə təbliğata başlanıldı. Məqalələr bir çox halda MKİ-nin Kiprdəki mənzil-qərargahında yazılır, fars dilinə tərcümə edilərək İran qəzetlərində çap olunurdu. Karikaturalar da eyni üsulla hazırlanırdı.
Mətbuatdan əlavə şayiələr də yaddan çıxmırdı. Rəşidyan qardaşları öz müzdlu adamları tərəfindən əsasən Tehran bazarında müxtəlif şayiələr yayırdılar. Buna görə onların ingilislərdən hər ay 10 min funt sterlinq aldıqları iddia olunur. Kaşani və Bəhbəhaniyə yaxın olan mollalar isə eyni şeyi dindarlar arasında edirdilər.
Qəzet məqalələrində və şifahi şayiələrdə baş nazir ağla gələn və gəlməyən ən müxtəlif əməl və istəklərdə günahlandırılırdı. O, diktator, korrupsioner, ateist, respublikaçı kimi təqdim edilirdi. Təbii ki, belə hallarda subyektin yəhudi kökənli olması ittihamı olmazsa olmazdı. Hərçənd, Müsəddiq kifayət qədər tanınan nəslin nümayəndəsi idi, ana tərəfi isə ümumiyyətlə Qacarlara bağlı idi.
Aprel ayında Tehran polisinin rəisi, Müsəddiqin "sağ əli" sayılan Mahmud Afşartusun öldürülməsi baş nazirə ciddi zərbə oldu. Hüseyn Katibi adlı birinin evinə dəvət edilən Afşartus zərərsizləşdirilərək şəhər kənarına çıxarıldı və öldürüldü.
Bu hadisədə Müsəddiq əleyhdarlarının, o cümlədən Zəhmətkeşlər Partiyasının sədri Baxainin əli olması şübhəsiz idi. Qətldə şübhəli bilinən15-ə qədər adam həbs edildi (Baxainin deputat toxunulmazlığı vardı). Lakin çevrilişdən sonra onlar hamısı azad edildi.
Agentura, ümumiyyətlə, İranda, xüsusən də Tehranda asayişi pozmaq üçün var gücü ilə fəaliyyət göstərirdi. İstər kriminogen durum, istərsə də ictimai-siyasi sabitlik pozulurdu. Müxtəlif düşərgələrdəki təxribatçılar vasitəsilə toqquşmalar təşkil edilirdi.
Parlamentdə təmsil olunan müxalif deputatlara amerikalılar məsləhətlər verir, ittihamedici çıxışlar hazırlamaqda, təsirli ifadələr tapmaqda kömək edirdilər. Sonralar Kermit Rusvelt ad çəkməyərək, 15 deputatın onun təlimatları ilə hərəkət etdiyini yazırdı.
Tamaşaçılar üçün ayrılmış yerdə guya xalqın nümayəndələri kimi gələn, əslində isə pulla ələ alınan insanlar hay-küy qaldıraraq müxalifətə dəstək verir, hökumət tərəfdarlarına isə etiraz edirdilər.
Monarxist əhval-ruhiyyənin güclü olduğu orduda da iş aparılırdı. Zabitlərin kimisini şaha sədaqətlə, kimisini də pulla sui-qəsdə cəlb edirdilər. Sonuncu variant üçün Fəzlullah Zahidiyə xeyli vəsait ayrılmışdı.
Müsəddiqin mövqelərini zəiflətmək üçün ABŞ rəsmiləri bilavasitə iştirakdan da çəkinmədilər. İyulun 9-da mətbuatda ABŞ prezidentinin İrana göstərilən yardımın artırılması barədə Müsəddiqin xahişini rədd edən məktubu çap olundu.
Ardınca dövlət katibi Con Foster Dalles keçirdiyi mətbuat konfransında söylədi ki, "Kommunist Partiyasının artan fəallığı və İran hökumətinin buna dözümlü münasibəti yardım göstərilməsini çətinləşdirir". Bu imtina Müsəddiqin nüfuzuna ciddi zərbə oldu.
Halbuki, Tudənin fəallığının artmasında partiyaya yerləşdirilən agent-təxribatçılar mühüm rol oynayırdılar. Bu təxribatçılar məsələnin mahiyyətini bilməyən üzvləri və tərəfdarları tez-tez küçələrə çıxarır, kommunist şüarlar səsləndirirdilər. Xüsusən din və din xadimləri əleyhinə olan şüarlar geniş rezonans doğurur və narazılığı artırırdı.
Müsəddiq əleyhinə kampaniyada BBC radiosu da fəal iştirak edirdi. Bu iştirak o qədər açıq şəkil almışdı ki, radionun fars redaksiyası əməkdaşlarının etirazına və tətil etmələrinə səbəb oldu.
Qeyd etmək lazımdır ki, əməliyyata şahı cəlb etmək heç də asan olmadı. O, əməliyyatı ingilislərin planlaşdırdığını düşünür, onlara isə etibar etmirdi. Amerikalılar şahı inandırmaq üçün onun əkiz bacısı Əşrəfin köməyinə müraciət etdilər.
Əşrəf Pəhləvi əsasən Parisdə yaşayırdı. Lakin MKİ-nin əməkdaşları onunla görüşmək istərkən, Parisdə tapmadılar. Beş gün davam edən gərgin axtarışlardan sonra şahzadə Fransa Rivyerasında tapıldı. Onu qardaşı ilə danışmağa razı salmaq üçün amerikalılar bir qədər pul və samur xəzindən olan kürk peşkəş etməli oldular.
Lakin şahın hər hansı uğursuzluq nəticəsində taxt-tacını itirəcəyi qorxusu o qədər böyük idi ki, bacısına da inanmadı. Polis strukturlarının yaradılmasında İrana kömək edən ABŞ hərbçisi Norman Şvartskopf (1990-cı ildə İraqa qarşı "Səhrada fırtına" əməliyyatının baş komandanı) şahla görüşərək planı izah etdi.
Şah ABŞ və Britaniya hökumətinin bu işdə iştirak etdiyi barədə birbaşa dəlillər tələb etdi. Şərtləşdirilən gündə BBC radiosunda ənənəvi "vaxt - gecəyarıdır" əvəzinə "dəqiq vaxt - gecəyarıdır" sözləri səsləndi. Bu, Britaniya hökumətinin iştirakı barədə sübut idi.
Prezident Duayt Eyzenhauer isə avqustun 4-də qubernatorlarla görüş zamanı çıxış edərkən mövzuya heç bir aidiyyatı olmadan haşiyə çıxaraq İranın SSRİ-nin nəzarətinə keçməsinə ABŞ-ın əl-qolunu sallayaraq baxmayacağını söylədi. Şahın arvadı, qənirsiz gözəl Soreyya da ərini qəti hərəkətə sövq edirdi.
Avqustun 3-10-da keçirilən referendum şahın qəti qərar verməsində önəmli rol oynadı. Baş nazirə əslində diktator səlahiyyətləri verən və əksəriyyətin fikrincə saxtalaşdırılan bu referendumda iştirak edənlərin 99,94% -i "hə" dedilər. Bundan sonra monarxiyanın, eləcə də şahın taleyi baş naziri kefindən asılı olurdu. Məhəmməd Rza şah, nəhayət, hərəkət etməyə qərar verdi.
*
Hər ehtimala qarşı hadisələrin episentrindən uzaq olmaq üçün şah ailəsi ilə birlikdə Tehranı tərk etdi və Xəzər dənizi sahillərində yerləşən Ramsar şəhərindəki iqamətgahına yollandı. Burada o, avqustun 13-də Müsəddiqin baş nazir vəzifəsindən kənarlaşdırılması və yerinə general Zahedinin təyin edilməsi barədə iki fərman imzaladı.
Lakin naməlum səbəblərdən bu fərmanların Tehrana yetişməsi ləngidi. Şah qvardiyasının zabiti Nemətollah Nəssiri yalnız avqustun 15-dən 16-na keçən gecə bir qrup hərbçi ilə birlikdə vəzifədən çıxarılması barədə fərmanı baş nazirə çatdırdı. Plana görə o, bundan sonra Müsəddiqi həbs etməli idi. Lakin məsələdən artıq xəbərdar olan baş nazir iqamətgahı ətrafına sadiq hərbçiləri toplamışdı və Nəssiri özü həbs olundu.
Bununla da bir neçə ay davam edən, milyonlarla dollar xərclənən əməliyyat fiaskoya uğradı. Şah avqustun 16-da təcili Bağdada, oradan da Romaya uçdu. Zahedi gizləndi. Mərkəzi Kəşfiyyat İdarəsi İrandakı əməkdaşlarına izlərini bacardıqca ört-basdır edərək ölkədən çıxmağı əmr etdi.
Lakin Kermit Ruzvelt bu göstərişi qulaqardına vurdu. O, növbəti bir cəhd etmək barədə düşünürdü və bu dəfə daha uğurlu olacağına inanırdı. Buna görə də əlaqədə olduğu insanlara yeni tapşırıqlar verdi.
Müsəddiq və komandası isə artıq qəti qələbə qazandıqlarını güman edərək arxayınlaşmışdılar. Xarici işlər nazri Hüseyn Fatemi "Bahter-e emruz" qəzetində çıxan məqaləsində respublika qurulmasına çağırır, şahı "ingilislərin köləsi", "Bağdad oğrusu" adlandırırdı. Sonralar bu məqalə Fatemiyə baha başa gəldi.
Əvvəlcə ikinci çevriliş cəhdini avqustun 21-nə, cümə gününə təyin etməyi planlaşdırırdılar. Ayətullalar üçün həmin gün insanları cəlb etək daha asan idi. Lakin növbəti informasiya sızmasından ehtiyat edən Kermit Ruzvelt əməliyyatı iki gün qabağa çəkdi.
Avqustun 19-da əvvəlcə Tudə Partiyasındakı təxribatçılar insanları küçələrə çıxardılar. Onlar "Yaşasın Müsəddiq və kommunizm", "Yaşasın Sovet ittifaqı" kimi şüarlar səsləndirirdilər. Onlar kapitalist obyektləri saydıqları banklara, dükanlara hücum edirdilər. Dini obyektlər də zərər gördü.
Tudəçilərin bu çılğınlığı bir neçə saat davam edəndən sonra ayətulla Kaşani və Bəhbəhaninin adamları, Rəşidyanların topladığı insanlar, Şaban Cəfərinin kriminal ünsürləri küçələrə çıxdılar. Daha çoxsaylı olan bu qrup tudəçiləri qovandan sonra Müsəddiqin iqamətgahına doğru irəlilədi.
Bu dəfə Zahedinin hərbçiləri də punktual davrandılar və lazımi məqamda Müsəddiqin evi yaxınlığında peyda oldular. Gün ərzində baş verən toqquşmalarda 300-ə qədər adam öldürüldü.
İlk cəhdi yatırandan sonra hadisələrə nəzarət etdiyini düşünən Müsəddiq üçün baş verənlər tamamilə gözlənilməz oldu və o, heç bir əks-tədbir görə bilmədi. Yalnız azğın kütlənin əlinə keçməmək üçün çardaqdan qaça bildi və ertəsi gün hakimiyyətə yiyələnən Zahediyə təslim oldu. Beləliklə, "Ayaks" əməliyyatı müvəffəqiyyətlə başa çatdırırldı.
*
Romada olan Məhəmməd Rza şah Müsəddiqin devrilməsi barədə ilk xəbərlərə inana bilmirdi. O, avqustun 22-də ölkəsinə döndü, Kermit Ruzveltlə görüşdə "Taxt-tacımın qorunmasına görə Allaha, xalqıma, orduma və sizə borcluyam" söylədi.
İran cəmiyyətinin əhval-ruhiyyəsi səbəbindən neftin milliləşdirilməsini ləğv etmək mümkün deyildi. İran neftinin hasilatı üçün konsorsium yaradıldı. Növbəti ildən British Petroleum adlanacaq ingilis-İran neft şirkətinə 40% pay çatdı. Daha 40% beş ABŞ şirkəti arasında bərabər bölündü, 14% Niderland, 6% isə Fransa şirkətinə çatdı.
Müsəddiq üzərində qurulan məhkəmə onu ölüm cəzasına məhkum etdi. Lakin şah bu cəzanı üçillik həbs və ömrünün sonuna qədər ev dustaqlığı ilə əvəz etdi. Keçmiş baş nazir 1967-ci ildə vəfat etdi. O, özünün 1952-ci il 21 iyul hadisələri zamanı həlak olanların yanında basdırılmasını vəsiyyət etmişdi. Lakin şah dəfnin doğura biləcəyi ajiotajdan ehtiyat etdi və Müsəddiq öz malikanəsində dəfn olundu.
Ümumiyyətlə, Milli Cəbhə üzvlərinə gözlənildiyindən yüngül cəzalar verildi. Yalnız Hüseyn Fatemi xatırlatdığımız məqalənin bədəlini ağır ödədi. O, 7 aya yaxın müddətdə gizləndikdən sonra həbs edildi, ağır işgəncələrə məruz qaldı və ölüm cəzasına məhkum olundu. İran tarixində ən gənc xarici işlər naziri olan Fatemi edam olunarkən 37 yaşında idi.
Ən çox repressiyalara Tudə Partiyası uğradı. Onun 4 mindən artıq üzvü həbs edildi, 40 nəfər ölümə məhkum olundu, 14 nəfər işgəncələr altında öldü. 200-dən artıq adam isə ömürlük həbsə məruz qaldı.
Fəzlullah Zahedi 1955-ci ilə kimi baş nazir oldu. Daha sonra BMT-nin Cenevrədəki ofisində İranın nümayəndəsi təyin edildi, 1963-cü ildə burada vəfat etdi. Oğlu Ərdəşir 1957-ci ildə şahın qızı Şahnazla evləndi. Cütlük 1964-cü ildə boşandı. Bir sıra mühüm vəzifələr tutan, o cümlədən xarici işlər naziri olan Ərdəşir Zahedi İslam inqilabı öncəsi şahın ABŞ-da son səfiri idi.
1952-1953-cü illərdə bir neçə dəfə taxt-tacını itirmək təhlükəsi ilə üzləşən Məhəmməd Rza şah hakimiyyətini sığortalamaq üçün addımlar atdı. Belə addımlardan biri 1957-ci ildə amerikalıların və britaniyalıların köməyi ilə Milli informasiya və təhlükəsizlik xidmətinin - SAVAK-ın yaradılması oldu. Bu təşkilat 20 ildən artıq müddətdə iranlıları qorxu altında saxladı.
Təsadüfi deyil ki, SAVAK-ın rəhbəri olmuş 4 nəfərdən üçü İslam inqilabının qələbəsindən dərhal sonra güllələndilər (biri artıq ölmüşdü). Onların arasında 1953-cü ildə şahın fərmanını Müsəddiqə çatdırarkən həbs olunan Nemətolllah Nəssiri də vardı. O, 1965-1978-ci illərdə SAVAK-a rəhbrlik etmişdi.
Müsəddiqin devrilməsi və sonrakı repressiyalar nəticəsində İran müxalifətinin liberal-demokrat və sekulyar kəsimi tamamilə zəiflədi. Mübarizə monarxistlərlə şəriət dövləti tərəfdarları arasında getdi. "Ayaks" əməliyyatı İranın demokratik inkişaf potensialına öldürücü zərbə endirdi.
*
Amerikalılar uzun müddət rəsmən etiraf etməsələr də Müsəddiqin devrilməsində iştirakları sirr deyildi. Buna görə də iranlıların şah hakimiyyətindən 26 il müddətində bütün narazılıqları amerikalılara da inikas olunurdu. Nəticədə onlar tezliklə ingilislərdən daha çox nifrət obyekti oldular.
"Ayaks" əməliyyatı uğurla başa çatsa da strateji baxımdan ABŞ-ın böyük uğursuzluğu idi. O, öz elan etdiyi dəyər və prinsiplərə xəyanət etmişdi. Özü də bunu edərkən əslində heç nə qazanmamışdı.
Doğrudur, çevrilişdən sonra ABŞ-ın 5 neft şirkəti konsorsiumda 40% paya yiyələndilər. Lakin bunu qazanc saymaq olmazdı. Zatən Müsəddiq də Britaniya blokadasını yarmaq üçün məmnuniyyətlə ABŞ ilə işbirliyinə gedər, konsorsiumda bəlkə daha çox pay ayırardı. Çünki nefti müstəqil olaraq çıxarmaq, emal etmək və satmaq üçün İranın heç bir potensialı yox idi.
Amerikalı jurnalist Stiven Kinzer "Şahın bütün adamları: Amerika çevrilişi və Yaxın Şərq terrorunun kökləri" kitabında yazırdı: "Tarixi nöqtəyi-nəzərdən bu çevriliş Birləşmiş Ştatlara xeyir gətirmədi. 1979-cu ilin İslam inqilabı şah rejiminin daim artan repressiv mahiyyətinin birbaşa nəticəsi idi; şah isə hakimiyyətə məhz çevriliş nəticəsində yiyələnmişdi".
ABŞ prezidentləri Klinton və Obamanın, eləcə də digər rəsmilərin şifahi etiraflarına baxmayaraq, Mərkəzi Kəşfiyyat İdarəsi yalnız 2013-cü ildə, çevrilişdən 60 il sonra Müsəddiqin devrilməsində iştirakını etiraf etdi və müvafiq sənədlərin üzərindən məxfilik qrifini götürdü.
"Ayaks" əməliyyatı bu gün də Amerika və ümumiyyətlə Qərb əleyhinə təbliğat üçün istifadə olunan əsas arqumentlərdən biridir. Rusiyada bu mövzu xüsusilə populyardır. İranda isə çevrilişdə iki ayətullanın MKİ ilə işbirliyinin əhəmiyyətini bacardıqca kiçiltməyə çalışırlar.
Əbülqasim Kaşaninin oğlu, iki dəfə İran prezidentliyinə namizəd olan Mahmud Kaşani isə ümumiyyətlə sui-qəsd olmadığını iddia edir, üstəlik Müsəddiqin şiə üləmalarının nüfuzunu sarsıtmaq üçün ingilislərin əlaltısı olduğunu söyləyirdi.
İran neftinin milliləşdirilməsi və sonrakı hadisələr dünyadakı hadisələrə əhəmiyyətli təsir göstərdi. Yaxın Şərqin bir çox ölkələrində yadelli istismara qarşı, milli hüquqlar uğrunda mübarizə genişləndi. Milliləşdirmə ilə bağlı atılan bir çox addımlar, o cümlədən Misirin 1956-cı ildə Süveyş kanalını milliləşdirməsi İran hadisələrinin birbaşa təsiri altında baş vermişdi.
Digər tərəfdən, Müsəddiqin devrilməsinin İrandakı siyasi proseslərin İslam inqilabı ilə nəticələnməsindəki nəhəng rolu şübhəsizdir. Bu inqilab isə son 50 ildə dünyanın siyasi mənzərəsini müəyyənləşdirən ən əsas hadisələrdən birdir.
*
ABŞ-ın dövlət katibi Madlen Olbrayt 2000-ci ildə ölkəsinin çevrilişdə məsuliyyətini dolayısı ilə etiraf edərək söylədi: "Eyzenhauer administrasiyası hesab edirdi ki, onun hərəkətləri strateji səbəblərdən doğrudur. .. Lakin çevriliş İranın siyasi inkişafı üçün aşkar uğursuzluq idi. Və indi iranlıların əksəriyyətinin Amerikanın onların daxili işlərinə həmin müdaxiləsinə görə niyə qəzəbləndiklərini anlamaq asandır".
ABŞ rəsmisinin İran xalqını anlamağa başlamasını eşitmək çox xoşdur. Lakin Olbraytın etirafından cəmi 3 il, Ayaks əməliyyatından isə düz 50 il sonra ABŞ başqa bir ölkədə - Azərbaycanda keçirilən prezident seçkilərində ölkəmizin demokratik inkişaf perspektivinə sarsıdıcı zərbə vuraraq sülalə hakimiyyətinin qurulmasında ciddi rol oynadı. Bu gün Azərbaycanda da ABŞ-na qarşı antipatiyanın artmasında həmin iştirakın önəmli payı var. Ümid edək ki, bir gün bizi də anlayanda çox gec olmayacaq.
Yadigar Sadıqlı
Paylaş: