Xəbər lenti

“Trampın bu qərarı istər-istəməz bölgədə vəziyyəti gərginləşdirəcək. ABŞ və İsrail tərəfindən İrana qarşı təzyiqlər artacaq. Hətta lokal toqquşmaların baş vermə ehtimalı da var”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu qərar bütün bölgə üçün böyük təhlükə yaradır:

“İran Avropa ilə bu anlaşmanı davam etdirəcəyini söyləyir. Digər maraqlı məqam isə Avropanın bundan sonra İranla münasibətləri necə quracağıdır. İran müasir, modern texnikaya yol axtarırdı. Amerikada bu imkanlar var idi. Artıq İran bu imkanlardan yararlana bilməyəcək, dollarla alış-veriş aparılması çətinləşəcək və bu da İran daxilində müəyyən qədər sosial gərginliyə gətirib çıxaracaq. Görünür, ABŞ və İsrailin bir məqsədi də budur. Çünki onlar bu yolla İrandaxili prosesləri bir qədər gərginləşdirmək istəyirlər”.

Politoloqun sözlərinə görə, bu qərar bölgəyə yaxşı heç nə vəd etmir:

“Çünki İran nə Suriya, nə də İraqdır. Yəni burada təlatümlər arzulamaq ciddi fəsadlara gətirib çıxara bilər. Bu hadisənin fonunda artıq neftin qiyməti 1 dollar artıb. Bu gərginliyin davam etməsi neftin qiymətinin qalxmasına, birjalarda ajiotaja səbəb olacaq. Bu halda İranın satışı necə təşkil edəcəyi yaxın gələcəkdə bilinəcək. Burada İranın uzunmüddətli, yaxud yaxınmüddətli müqavilələrə üstünlük verəcəyini müəyyənləşdirmək hələ ki, çətindir. Digər tərəfdən, İranın dollarla alış- veriş etməsi xeyli mürəkkəbləşdi. Onsuz da İran əvvəlcədən avroya keçdiyini bəyan etmişdi. Amma bəyan etmək bir ayrı, bunu reallaşdırmaq isə tamam ayrı işdir. Ona görə də İran neft bazarında ciddi çətinliklərlə üzləşə bilər”.

Politoloq vurğulayıb ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların Azərbaycana heç bir təsiri olmayacaq:

“İran Azərbaycanın qonşusudur, tərəfdaşıdır. Biz İranla hərtərəfli – iqtisadi, siyasi, insani əlaqələrə malikik. Eyni zamanda, bölgədə gedən böyük layihələrdə də İranla birgə iştirak edirik. Azərbaycan BTQ üçün İrana investisiya da qoyub. Bu layihələrdən Azərbaycan heç vaxt imtina edə bilməz. Çünki bu, bizim maraqlara uyğun deyil”.

Qeyd edək ki, Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan edib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 10-05-2018, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma