Bu gün 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd Rəşad Bayramovun seçki qərargahının yekun toplantısı keçirilib.
Ovqat.com xəbər verir ki, toplantıda seçki qərargahının rəhbərliyi, vəkillər, seçki günü müşahidəçi olacaq şəxslər və digər fəallar iştirak edib. Toplantıda çıxış edən Rəşad Bayramov seçki qərargahının öz işini peşəkar şəkildə qurduğunu və seçkinin indiyədək olan bütün mərhələlərinin, o cümlədən təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə aparıldığını vurğulayıb. Rəşad Bayramov seçki qərargahının bütün üzvlərinə təşəkkürünü bildirib.
“Seçki kampaniyası zamanı nümayiş etdirdiyiniz mütəşəkkilliyi, peşəkar davranışı fevralın 9-da göstərməyiniz vacibdir. Səsvermə prosesinin pozulmasına, saxtakarlıq edilməsinə və səslərimizin oğurlanmasına xələl gətirəcək istənilən cəhdin qarşısını qanun çərçivəsində almaq üçün hər birimiz səfərbər olmalıyıq. Seçki dairəsinə daxil olan ərazilərdə apardığımız görüşlər, “qapıdan-qapıya” proqramı çərçivəsində minlərlə seçicinin mənzilinə təbliğat-təşviqat materialımızın çatdırılması, sosial mediada on minlərlə izləyicinin əhatə olunması, görüşlərdə seçicilərin birmənalı şəkildə dəstəyini ifadə etməsi əminliklə deməyə əsas verir ki, 9 fevralda səs çoxluğu ilə qələbə qazanacağıq”.
Qeyd edək ki, AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov adı dəfələrlə seçki saxtakarlığında hallanan dairədə yarışır. Onun əsas rəqibiAsim Mollazadədir.
Seçki dairəsində indidən xoşagəlməz halların yaşandığını isə MSK sədri Məzahir Pənahov da etiraf edib. Virtual.az-ın məlumatına görə, bu gün MSK-da keçirilən iclasda M.Pənahov deyib: "22 saylı Nəsimi ikinci seçki dairəsindən narazıyıq".
MSK sədri iddia edib ki, həmin dairədə bələdiyyə seçkilərində də müəyyən xoşagəlməz addımlar atılıb.
Paylaş: