Ötən il alman polisi bu ölkədə fəaliyyət göstərən azərbaycanlı miqrant alverçilərinin fəaliyyətini ifşa etmişdi.
Ovqat.com-un məlumatına görə, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılmış, barələrində həbs qətimkan tədbiri seçilmişdi. Həmin şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev idilər. Alman polisinin bu ifşasından sonra məlum olmuşdu ki, özünü milli dövlətçilik fədailəri kimi göstərən bir çox partiya və təşkilatlar əslində Azərbaycanı Azərbaycansızlaşdırmaq fəaliyyəti ilə məşğuldurlar.
Bəs, xaricdə fəaliyyət göstərən erməni təşkilatları öz ölkələri üçün nə iş görürlər? Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Avstraliyadakı erməni diasporu ilə bağlı apardığı araşdırmalar bu suala kifayət qədər aydın cavab verir. Təqdim etdiyimiz həmin araşdırmadan da göründüyü kimi, onların əsas məqsədi “Erməni millətinin, diaspora daxil olmaqla müstəqil Ermənistan Respublikasının ərazisində toplaşması”dır.
İstər Azərbaycanın xaricdə fəaliyyət göstərən təşkilatları, istərsə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq nəticələr çıxara biləcəyi həmin yazını olduğu kimi Ovqat.com oxucularına təqdim edirik.
Avstraliyada fəaliyyət göstərən erməni təşkilatları
Avstraliyada 50 minə yaxın erməni icmasının nümayəndəsi yaşayır. Erməni icmasının nümayəndələri həm Sidney, həm də Melburn şəhərlərində məskunlaşmış, icmanın elmi, mədəni və digər tələbatlarını ödəmək məqsədi ilə təşkilatlar yaratmışlar. Ermənilərin ilk nümayəndələri Avstraliyaya 1850-ci illərdə Asiya ölkələrindən köç etməyə başlamışlar. İcma nümayəndələrinin yaydığı məlumata əsasən, ermənilərin böyük hissəsi 1896-cı və 1915-ci illərdə “törədilmiş” qondarma “erməni soyqırımıları”ndan, eləcə də 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsindən qaçaraq Avstraliyaya köçmüşdür. Əslində isə ermənilərin əksəriyyəti 1960-1970-ci illərdə məhz Yaxın Şərq ölkələrindən Avstraliyanın sözügedən bölgələrinə köçmüşlər.
Ermənilərin əksəriyyəti, təxmini 40 min nəfər Sidney şəhərində, 10 mini isə Melburn şəhərində yaşayır. Əksər ölkələrdə olduğu kimi, burada da erməni icması öz maraqlarını, qondarma “erməni soyqırımı” məsələsini və qondarma DQR-nın “müstəqilliyi”ni geniş təbliğ edir. Erməni əsilli Qledis Bereciklyan (Gladys Berejiklian) 2017-ci ildən Yeni Cənubi Uels ştatının 45-ci baş naziri və Yeni Cənubi Uels Liberal Partiyasının başçısıdır. Q.Bereciklyan Avstraliya Parlamentinə ilk dəfə 2003-cü ildə seçilmiş, Uilloubi qəsəbəsini təmsil etmişdir. Buna görə də erməni təşkilatlarının bir çoxunun Uilloubi qəsəbəsində fəaliyyət göstərməsi təəccüblü deyil.
▪ Bu ölkədəki erməni icmasına məxsus ən fəal təşkilat Avstraliya Erməni Milli Komitəsidir (Armenian National Committee of Australia (ANC-AU)). Təşkilat Avstraliyada erməni məsələlərinin təbliğatını uğurla həyata keçirir. Təşkilatın əsas fəaliyyət istiqamətləri:
- Qondarma “erməni soyqırımı”nın təbliğatı;
- Qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminin tanınması; o Samtsxe-Cavaxeti bölgəsinin ələ keçirilməsi;
- Avstraliya erməni icmasının rifahı və inkişafıdır.
Bundan başqa, təşkilatın əsas məqsədləri erməni icmasının maraqlarına uyğun fəaliyyət göstərməsi üçün Avstraliya hakimiyyətinə təsir göstərmək, Ermənistan Respublikasına yardım etmək və Avstraliya ermənilərinin birgə mövqeyini təqdim etməklə icma ilə seçilmiş hakimiyyət nümayəndələri arasında vasitəçi rolunda çıxış etməkdir. Avstraliya Erməni Milli Komitəsi 36 erməni təşkilatını, bu təşkilatların 5500 üzvünü özündə birləşdirir. Təşkilata həmçinin 3 erməni mətbuat agentliyi daxildir. Bunlar Uilloubi qəsəbəsində nəşr olunan “Armenia Media” və “Armenia Radio”, Rayd qəsəbəsində nəşr olunan “Garoon Monthly” mətbuat agentlikləridir. Təşkilatın icraçı direktoru Haiq Kayseryandır (Haig Kayserian)
▪ Avstraliya Erməni Gənclər Federasiyası (The Armenian Youth Federation of Australia) digər böyük erməni təşkilatıdır. Bu təşkilatın üzvləri 16-25 yaş qrupuna aiddirlər. Təşkilatın əsas məqsədləri sosial mediada kampaniyaların keçirilməsi, xeyriyyə məqsədli tədbirlər və könüllülər vasitəsi ilə erməni mədəniyyətini qorumaq və erməni məsələlərinin təbliğatı naminə çalışmaqdır. Avstraliya Erməni Gənclər Federasiyasının İdarə Heyətinin başçılığı altında 6 komitə fəaliyyət göstərir: Sosial/ İanələrin toplanması komitəsi, İctimai Əlaqələr komitəsi, Siyasi məsələlər komitəsi, Təhsil komitəsi, Üzvlük komitəsi və İcma Komitəsi. Erməni Gənclər Federasiyası 1933-cü ildə Erməni İnqilabi Federasiyasının Gənclər bölməsi kimi təsis olunmuşdur. Təşkilatın əsas məqsədləri:
- Azad, müstəqil və vahid Ermənistanın yaradılması;
- Erməni millətinin, diaspora daxil olmaqla müstəqil Ermənistan Respublikasının ərazisində toplaşması;
- Ermənilərə qarşı “törədilmiş” qondarma “soyqırımı və qırğınlar”ın cəzalandırılması, Ermənistanın “işğal olunmuş əraziləri”in qaytarılması;
- Ermənistan Respublikasında qanunvericiliyin demokratiya prinsiplərinə əsaslanması, hakimiyyət nümayəndələrinin ümumi, bərabər, düz, gizli və proporsional səsvermə yolu ilə seçilməsi.
Avstraliya Erməni gənclər Federasiyasının 3 bölməsi vardır: Şimali Sidneydə Uilloubi bölməsi, Qərbi Sidneydə Ferfild və Melburn bölmələri. Təşkilatın 160 nəfər üzvü var.
Ermənilərin dediklərinə əsasən Ümumerməni Xeyriyyə Birliyi (Armenian General Benevolent Union) 1915-ci ildə “türklər tərəfindən törədilmiş” qondarma “erməni soyqırımı”nın qurbanlarına yardım göstərmək məqsədi ilə yaradılmışdır. Təşkilatın Avstraliya bölməsi (AGBU Australia) isə 1963-cü ildə müasir erməni diasporunun əksər hissəsinin Avstraliyaya köçməsindən sonra təşkil olunmuşdur. Təşkilatın elmi, mədəni, maarifləndirici və idmanla bağlı missiyaları vardır. Hal-hazırda təşkilatın icraçı direktoru Toros Boğossyandır (Toros Boghossian). Ümumerməni Xeyriyyə Birliyinin Sidney bölməsinin Mərkəzi Komitəsinin başçılığı altında Avstraliyada Ümumerməni Xeyriyyə Birliyinin Gənclər bölməsi (AGBU Youth), İdman bölməsi, “Tamzara” rəqs qrupu (Tamzara Dance Group), “Aleksander” ibtidai məktəbi (alexander Primary School), Aleks Manuqyan adına şənbə günü məktəbi (Alex Manoogian Saturday School) fəaliyyət göstərir. Təşkilatın Gənclər bölməsi 2012-ci ilin fevral ayında yaradılmışdır, Avstraliyada erməni diasporunun gənc əhalisini əhatə edir. İdman sahəsində təşkilata 6 basketbol komandası daxildir, rəqs qrupu isə erməni milli rəqslərini təbliğ etmək məqsədi ilə yaradılmışdır. Bundan başqa, təşkilatın rəhbərliyi altında iki məktəb fəaliyyət göstərir.
▪ “Hamazkayin” Erməni Elmi və Mədəni Cəmiyyətinin Avstraliya bölməsi (Hamazkayin Armenian Educational and Cultural Society) erməni diasporunun gənc nümayəndələrini həm Ermənistan, həm də Avstraliya İttifaqının tədris proqramına uyğun təhsil ilə təmin etmək üçün yaradılmışdır. Təşkilatın əsas məqsədi erməni mədəniyyətini erməni diasporunun gələcək nümayəndələrinə öyrətməkdir.
“Hamazkayin” Mədəni Cəmiyyətinin Avstraliyada 8 bölməsi mövcuddur:
- Uilloubi qəsəbəsində “Hamazkayin” Mədəni Cəmiyyətinin Regional Komitəsi;
- Melburn şəhərində “Hamazkayin” Mədəni Cəmiyyətinin “Araks” bölməsi (Arax Chapter); o Rayd qəsəbəsində “Hamazkayin” Mədəni Cəmiyyətinin “Nairi” bölməsi;
- Ferfild şəhərində “Hamazkayin” Mədəni Cəmiyyətinin “Sevan” bölməsi;
- Uilloubi qəsəbəsində “Hamazkayin” Mədəni Cəmiyyətinin “Şant” bölməsi (Shant Chapter);
- Uilloubi, Rayd qəsəbələri və Ferfild şəhərində “Hamazkayin” təşkilatının “Sassun – Sidneydə
- Rayd qəsəbəsində “Hamazkayin “Nairi” rəqs” qrupu (Hamazkaine Nairi Dance);
- Nubar Xatçaduryan adına “Hamazkayin” teatr qrupu (Hamazkaine Noubar Khatchadourian Theatre Group).
“Hamazkayin” Elmi Cəmiyyətinin isə Avstraliyada 7 bölməsi vardır:
- İnqlsayd qəsəbəsində “Hamazkayin” Arşak və Sofi Qalstaun adına Kollec;
- Uilloubi qəsəbəsində “Hamazkayin” Arşak və Sofi Qalstaun adına Kollecin Qəyyumlar Şurası;
- Ferfild şəhərində “Hamazkayin” “Papazian” məktəbi;
- Uilloubi qəsəbəsində “Hamazkayin” “Tarkmançats” məktəbi (Tarkmanchats School);
- Rayd qəsəbəsində “Hamazkayin” “Tumanyan” məktəbi (Toomanian School);
- Melburn şəhərində “Hamazkayin” “Mesrob Maşdots Madteossian” məktəbi (Mesrob Mashdots Madteossian School);
- Uilloubi qəsəbəsində Karen Ceppe adına Kollec Məzunları Birliyi (Karen Jeppe College Alumni Association).
İdman sahəsində erməni diasporuna məxsus fəal təşkilatlardan biri “Homenetmen” Ümumerməni İdman Birliyinin Avstraliya bölməsinin ilk görüşü 1965-ci ilin mart ayında baş vermiş, görüşdə təşkilatın 40 üzvü iştirak etmişdir. Təşkilatın ilk idarə heyəti də məhz bu görüş zamanı formalaşmışdır. Hal-hazırda Avstraliyada “Homenetmen” təşkilatının 5 bölməsi mövcuddur:
- Sidney şəhərinin Şimali sahilində “Homenetmen – Antranig” bölməsi;
- Melburn şəhərində “Homenetmen – Araks” bölməsi (Arax Chapter);
- Sidney şəhərinin Qərbi bölgələrində “Homenetmen – Navasart” bölməsi;
- Sidney şəhərinin Şərqi bölgələrində “Homenetmen – Gamk” bölməsi;
- Sidney şəhərinin Şimalli bölgələrində “Homenetmen – Ararat” bölməsi.
▪ Ermənilərə Yardım Cəmiyyətinin (Armenian Relief Society) Avstraliya bölməsi erməni təşkilatlarının əksəriyyəti kimi 1965-ci ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi məkandan asılı olmayaraq erməni icmasına yardım göstərməkdir. Hal-hazırda təşkilatın 330 nəfərdən çox üzvü və 4 bölməsi vardır:
- Sidney şəhərində Ermənilərə Yardım Cəmiyyətinin “Sosseh” bölməsi;
- Ferfild şəhərində Ermənilərə Yardım Cəmiyyətinin “Araks” bölməsi (Arax Chapter); o Rayd qəsəbəsində Ermənilərə Yardım Cəmiyyətinin “Araz” bölməsi;
- Melburn şəhərində Ermənilərə Yardım Cəmiyyətinin “Nayiri” bölməsi.
Təşkilat mütəmadi olaraq xeyriyyə məqsədli tədbirlər keçirir, erməni məsələlərinin təbliğatını aparır.
Bundan başqa, Avstraliyada erməni diasporuna məxsus 3 partiya da fəaliyyət göstərir. Bunlar Sosial Demokrat “Hnçak” partiyası, Ermənistan Demokratik Liberal Partiyası və “Daşnaksütun” Erməni İnqilabi Federasiyasıdır.
Sosial Demokrat “Hnçak” partiyasının (Social Democratic Hunchakian Party) Avstraliya bölməsi 1983-cü ildə yaradılmışdır. Partiyanın başçılığı ilə 3 şöbəsi fəaliyyət göstərir:
✓ Avstraliya Erməni İcmasının Birliyinin (Armenian Community Association of Australia) əsas məqsədi diaspor nümayəndələri arasında erməni mədəniyyətini qorumaq, təbliğ və inkişaf etdirməkdir. Təşkilatın bir neçə bölməsi var:
- Yeni Erməni Nəsli Mədəni Birliyi (Armenian Nor Serount (New Generation) Cultural
- “Homenmen” Erməni İdman birliyi (HMM); o “Dxruni” Erməni Gənclər Birliyi (Dkhrouni);
✓ Avstraliya Ermənilərinin Hüquqlarının Müdafiəsi Komitəsi (Armenian Rights Defence Committee of Australia);
✓ Mətbuat Komitəsi: “Yeni nəslin səsi” adlı erməni radiosu, “Zank” erməni jurnalı.
“Daşnaksütun” Erməni İnqilabi Federasiyası (ARF Dashnaktsutyun) bir çox ölkələrdə fəaliyyət göstərən erməni siyasi partiyasıdır. Digər erməni təşkilatlar kimi ARF da erməni məsələlərinin geniş təbliğatını aparır, qondarma “erməni soyqırımı”nın və qondarma DQR-nın tanınması naminə çalışır. ARF erməni diasporunun ən fəal partiyası sayılır, 200-dən çox ölkədə partiyanın şəbəkələri vardır. ARF-in Avstraliya bölməsi digər ölkələrdəki kimi fəal olmasa da, erməni məsələlərin təbliğatına öz töhfəsini verir.
Partiyalardan başqa, Avstraliyada erməni kilsələri və klubları da fəaliyyət göstərir. Yeni Cənubi Uels ştatının Çastvud (Chastwood) rayonunda Müqəddəs Qiyamət kilsəsi, Erməni Qardaşlığının Müqəddəs Üçlük kilsəsi, Sidneyin Lidkomb (Lidcombe) qəsəbəsində Erməni Apostol Kilsəsinin iki şöbəsi, Uilloubi qəsəbəsində Yevangelist kilsəsi, Melburn şəhərində Müqəddəs Məryəm ana kilsəsi, Müqəddəs Mari kilsəsi, Müqəddəs İsa və Məryəm Katolik kilsəsi, Nortbric (Northbridge) qəsəbəsində Erməni Yevangelist Qardaşlar Kilsəsi fəaliyyət göstərirlər.
Bundan başqa, erməni diasporuna məxsus Uilloubi qəsəbəsində Erməni Mədəniyyət Fondu, Rayd qəsəbəsində “Ararat” idman qrupu, Ferfild şəhərində “Panoyan” Erməni Mədəniyyət Mərkəzi, Melburn şəhərində Erməni Mədəniyyət Mərkəzi adlı klublar da Avstraliyada fəaliyyət göstərir.
Beləliklə, Avstraliya erməni diasporunun fəal olduğu ölkələrdən biridir. Avstraliyada fəaliyyət göstərən erməni təşkilatların əksəriyyətinin qərargahlarının ABŞ-da yerləşdiyini nəzərə alsaq, iki ölkədə diaspor tərəfindən həyata keçirilən təbliğat kampaniyalarının oxşarlığının səbəbini başa düşmək olar. Amerika Erməni Milli Komitəsi (ANCA) kimi Avstraliya Erməni Milli Komitəsi (ANC-AU) də Avstraliya parlament nümayəndələrinin seçkiqabağı kampaniyalarına maliyyə dəstəyi ayırmaqla onların “sədaqətini” qazanır. 2012-ci ilin oktyabr ayında Avstraliyanın Yeni Cənubi Uels ştatı qondarma “Dağlıq Qarabağ Respublikası” rejimini tanımışdır, lakin 2015-ci ilin noyabr ayında Avstraliyanın Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, Avstraliya İttifaqının hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. 2017-ci ildə Avstraliyanın Yaşıllar partiyası (The Greens) qondarma DQR-nın “müstəqilliyi”ni tanımışdır.
Qondarma DQR-nın Avstraliya İttifaqında “rəsmi nümayəndəliyi” fəaliyyət göstərir. 2015-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminin prezidenti kimi təqdim olunan Bako Sahakyan Kaylar Mikaelyanı qondarma DQR-nın Avstraliyada “daimi nümayəndəsi” təyin etmişdir. Keçən ilin avqust ayında isə Avstraliya ilə qondarma “Dağlıq Qarabağ Respublikası” rejimi arasında “parlamentlərarası” dostluq qrupu da yaradılmışdır. Həmin qrupa Avstraliya Parlamentinin 40 nümayəndəsi qoşulmuşdur. 2019-cu ilin oktyabr ayında isə Avstraliya Senatının Xarici Məsələlər Komitəsinin Xarici Məsələlər və Ticarət departamenti (Department of Foreign Affairs and Trade) Avstraliya Erməni Milli Komitəsinin fəal təbliğatı nəticəsində qondarma DQR-nı müstəqil dövlət və Ermənistan-Azərbaycan münaqişəsində “3-cü tərəf” kimi tanımışdır.
Hazırda diasporun qarşısında qondarma “erməni soyqırımı”nı Avstraliya hakimiyyətinə tanıtmaq hədəfi durur. Qərbi Avstraliya Parlamentinin Qanunverici Məclisinin üzvü Piter Katsambanis 2019-cu ilin noyabr ayında həmin məsələni Parlament qarşısında qaldırmış, ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nın tanımasına dair qətnamə qəbul etməsini dəstəkləmişdir. Belə ki, erməni diasporuna məxsus sözügedən təşkilatlar gənc nəsillərə “ermənilərin əsas məqsədlərini” öyrətməklə təbliğat fəaliyyətini davam edirlər.
Roza Əsgərova,
BMTM-də məsləhətçi
Paylaş: