Xəbər lenti

 
Həqiqi dostlar ulduza bənzəyirlər, çünki qaranlıq çöküncə gözə ilk görünənlər məhz onlar olurlar.
Hər dəfə dostum Elxan Şükürlü haqqında düşünəndə ağlımdan bu fikirlər keçir. O, həqiqətən də mənim həyatımda bir ulduz kimi rol oynayıb. Ən çətin anımda həmişə Elxanı yanımda görmüşəm.
Dostum təkcə qaranlıq gecənin parıltılı bəzəyinə də çevrilməyib. Bir çox hallarda məndən 7 yaş kiçik olmasına baxmayaraq, bəndənizə yol da göstərib. Öz sısqa nuruyla ən zülmət qaranlıqları yarmaqda heç kimdən görmədiyim dəstəyi mənə o verib. Xüsusilə bu xarakterinə görə, Elxan bəy doğrudan da ulduza bənzəyir. Qədim dövrlərdə atalarımız ulduzlara nəzərən hərəkət etmirdilərmi? Həccə gedən zəvvarlarımız “Süd yolu”-Kəhkəşanın ulduz düzümü istiqamətində yürüyərək, müqəddəs mənzillərinə çatmayıblarmı? Yaxşı dost da insanın ən çətin anlarda “Süd yolu”na çevrilməli, onu gedəcəyi mənzilə aparmalıdır. Etiraf edim ki, Elxan bir dost kimi üzərinə düşən bu missiyanı ləyaqətlə yerinə yetirməyi bacarır.
Sözsüz ki, ulduzlar hansı məkanda olursa-olsun öz yerini, mövqeyini dəyişmədiyinə görə insan oğlunun ən yaxın köməkçiləri olublar. Onlardan dəfələrlə gur işığa sahib olan Günəş, Ay günün bir yarısına qədər dünyanın bu başında, digər yarısında isə o bir başında olduğundan, yol göstərmək qabiliyyətindən də məhrumdur. Tez-tez mövqeyini dəyişən insanlar da bəlkə sərvətlərinin gətirdiyi ehtişamla Günəş kimi parlaya, yaxınında olduğunu yandıra, uzağında olduğunu soyuqdan dondura bilər. Bəzən onündə dayanıb səni özündən böyük göstərən gölgəni yaradaraq qürrələndirə, bəzən başının üstündə durub olduğundan kiçik göstərə də bilər. Nəhayətində isə bataraq, səni zülmətin qoynuna atar, öz yolunu tapmağını çətinləşdirər. Məhz Günəşin tərk etdiyi belə məqamlarda köməyinə ulduzlar gələr. Sısqa işıqlarıyla kölgə yaratmadan, öz daimi mövqelərində sabit duruşlarıyla sənə bacardıqları qədər yol göstərərlər-Elxan Şükürlü kimi.
O başqa məsələdir ki, sən bəzən ulduzların göstərdiyi yönə getməzsən. Məramın tamamilə əks tərəfə istiqamətlənmiş olduğundan üzünü fərqli yönə çevirərsən. Bununla belə, fərqli yönü tapmaq üçün belə, sənə yol göstərən ulduzları izləyərsən. Çünki ulduzlar əsla və əsla mövqeyini dəyişməzlər.
Elxanla mənim ulduz qardaşlığımızın başqa bir yönü də varmış. Qəribədir ki, bunu indiyə qədər kəşf edə bilməmişəm. Sən demə, o da mənim kimi Qoç bürcündə anadan olub. Görünür, bizi bu qədər yaxınlaşdıran da elə bu ortaq yönümüzdür. Zira nücum elminə inansaq, eyni bürclər altında doğulanlar həm də eyni xasiyyətdə olurlar. Doğrudan da Elxanla mənim ortaq xasiyyətlərimiz çoxdur. O da mənim kimi vaxtaşırı çılğınlaşır. O da çılğınlığından sonra özü-özünü qınayır, insanın könlünü almağa çalışır və s.
İkimiz də Qoç bürcündən olduğumuzdan, bəzən çılğınlığımızla bir-birimizin xətrinə də dəyə bilirik. Amma bu əsla və əsla ataların dediyi “iki qoçun başı bir qazanda qaynamaz” zərurətindən irəli gəlmir. İstər 1999-2000-ci illərdə “Hürriyyət” qəzetində, istərsə də son zamanlar birgə çalışdığımız Strateq.az saytında birgə fəaliyyətimiz mənim həyatımın ən yadda qalan illəri olub. Uzun zamandan bəri bir yerdə çalışmağımız, bütün incikliklərimizə rəğmən dostluq münasibətlərimizin sarsılmaması, lazım gələrsə, "iki qoçun başının bir qazanda qaynaya biləcəyinə" işarədir.
Elxanla bu qədər yadda qalan ömür yolu keçməyimizin başlıca səbəbi bəlkə də onun xeyrxah təbiətindən irəli gəlib. Ətrafımdakı heç kim Elxan qədər xeyrxah ola bilməz.
Bu xeyrxahlıq onda bədxərclik səviyyəsindədir. İndiyə qədər təsadüf etməmişəm ki, birgə oturduğumuz məclislərdə o, kiməsə əlini cibinə salmaq fürsəti versin. Onunla eyni məclisdəsənsə, yediyiniz yeməyin, içdiyiniz çayın hesabı əvvəlcədən ödənmiş olar. Bəzən zarafatla ona “yaxşı ki, nazirlərlə oturub durmursan, yoxsa böyük hesabları ödəməkdən əynində paltarın da qalmaz” deyirik. Bir çoxlarınıza bəlkə bu sözlər şişirdilmiş gələcək. Amma tam ciddi və səmimi şəkildə deyirəm ki, Elxan eyni masada əyləşdiyi nazirlərin belə, hesabını verəcək qədər könlü-gözü tox, səxavətli, mənən zəngin adamdır.
Bunun bəlkə də ən yaxşı şahidi mənəm. Diş texnikliyi işimin yaxşı getdiyi zamanlarda bəzən dostum dəvət etdiyim ziyafətə gəlməz, müxtəlif bəhanələrlə görüşməkdən yayınardı. Sonradan eşidirdim ki, Elxan oturacağımız masanın hesabını o an ödəyə biləcək gücdə olmadığından, zəngin əfsanə yaratmaq qabiliyyətini işə salıb və yüz bəhanə uydurub. Halbuki, masanın xərcini özüm ödəyəcəyimi düşündüyüm üçün  onu görüşə çağırırdım. Elxan isə qabağa düşə bilməyəcəyini düşündüyündən evdən çölə çıxmırdı.
Elxan həm də çox ciddi qələm sahibidir. Qələmə aldığı analitik yazılar bir zamanlar ən çox oxunan məqalələr idi. Bir çox proqnozları isə özünü çox keçmədən doğruldurdu. O, bu qabiliyyətilə də əsl mətbuat ulduzu idi. Bəli, bu yönünüylə də  Elxana ulduz sözü çox yaraşır.
 Açığını desəm, mənim analitik yazılara yönəlməyimdə bu dostumun xidmətləri böyükdür. Publisistik fəaliyyətə başladığım ilk illərdə daha çox ovqat yazılarına yönəlir, analizlərimi belə, bədii üslubda yazırdım. Elxan isə mənim daha çılpaq və bəzək-düzəksiz yazmağımı arzulayır və bunun ciddi nəticələri olacağına inanırdı. Bir müddətdən sonra mən də bəzək-düzəkdən qaçmağa başladım və həqiqətən də daha çox diqqət çəkdiyimi hiss etdim.
Heç kim mələk olmadığı kimi, Elxan da mənfi xüsusiyyətlərdən xali deyil.Məsələn, o, həddindən artıq şübhəçidir. Ən kiçik hadisədə böyük mətləblər aramaq, bir məsələni xırda detallarına qədər qurtdalamaq Elxan Şükürlünün xarakterində ilk baxışdan gözə çarpan xüsusiyyətdir. Yəqin ki, bu da onun analitik beynin dinc durmamasından irəli gəlir. Bununla belə, Elxan Şükürlü şübhələrini heç bir zaman içində saxlamaz, birbaşa insanın üzünə deyər, qane olmayana qədər məsələni araşdırar və səndən əl çəkməz.
Zənnimcə, sözü üzə demək qabiliyyəti onun bu “xırdaçılığını” nəinki kompensasiya və yaxud ört-basdır edir, hətta daha çox rövnəqləndirir. Bu, ilk növbədə, Elxanın kinli olmadığını göstərir və qəlbini xəbis hislərdən arındırır...
Dünən onun ad günü idi. Başım işlərə qarışdığından bundan gec xəbər tutmuş və dolayısıyla dostumu təbrik edə bilməmişdim. İkimizin ortaq bir dostu ilə axşam çay süfrəsində əyləşəndə Elxanın ad günü olduğunu ondan eşitdim.
Gec də olsa dostumu ad günü münasibətilə təbrik edirəm.



Ana səhifəyə qayıt        Baxış: 2 479          Tarix: 29-03-2017, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma