Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Sərdar CƏLALOĞLU,
ADP sədri
(Ailəmin şəhidlərinə elegiya)
"Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!"
Nazim Hİkmət
Böyük mütəfəkkir, humanizmin görkəmli nümayəndələrindən biri Hötenin “Şərəfli yaşamaq mümkün olduğu yerdə şərəfsiz yaşamaq nahaqdır” fikri orta məktəb dövrlərindən yadımda qalıb və zaman-zaman bununla Hötenin nə demək istədiyini anlamağa çalışmışam. Görünür, Höteni bu sözləri deməyə məcbur edən çoxlarının şərəfli ölüm varkən, şərəfsiz yaşamağa üstünlük vermələriydi. Sonralar buna oxşar aforizmə Hüseyn Cavidin şeirlərindən birində rast gəlmişdim:
“Ölüm var ki həyat kimi dəyərli,
Həyat var ki ölümdən də zərərli”.
Bu iki misra ilə Hotenin fikirləri mənaca eyni olub, yalnız deyilişinə görə fərqlənir. Biz şərəfli ölüm olan yerdə şərəfsiz yaşamaq istəməyənlərə qəhrəman və ya şəhid deyirik.
Dinc, demokratik mübarizə fəlsəfəsini yaradanlardan yazıçı mütəfəkkir S.Sveyqin şəhidlər haqqında çox düşündürücü belə bir fikri var: “Əgər birisi döyüş meydanında qəhrəmancasına vuruşur, çoxlu yara alıb düşmən qarşısında yerə yıxılır, amma sonra bütün ağrılarına rəğmən, son gücünü toplayıb düşmənə zərbə vurmaq istəyir, lakin vura bilməyib ölürsə, o, məğlub yox, şəhiddir”.
Buradan da aydın olur ki, ölümdən ölümə fərq var. Hər ölüm məğlubiyyət deyil, Sveyqin dediyi kimi, bəzi ölümlər qəhrəmanlığa bərabər qələbədir. Bu cür qələbələr haqqında deyirlər: ”Bəzi məğlubiyyətlər qaliblərdə qibtə hissi yaradır”.
İstər-istəməz düşünməli olursan: necə ola bilər ki, bir adam məğlub olur, amma onun məğlubiyyəti qalib tərəfdə həsəd, qibtə hissi yaradır? Şəhidlər məhz bu cür məğlub olanlardandır – hansi ki, fani həyatı itirib əbədi dirilik əldə edərək, fani həyatda qazanan qaliblərdə qibtə hissi yaradırlar.
Bütün canlılar, o cümlədən əksər insanlar yaşamağa, amma bəzi insanlar isə ölümə can atır. Bu da paradoksal görünə bilər. Necə ola bilər ki, bəzi insanlar bütün canlılara, o cümlədən bütün insanlara xas təbii meyldən – yaşamaq cəhdindən imtina edib ölümə can atırlar?
Ölümə cəhd də iki cürdür: heç bir məqsəd güdməyən, ideyasız ölümə cəhd – intihar kimi günahdır və belə insanlar Allah qarşısında böyük suç işləyirlər, özləri ilə bağlı böyük bir sual işarəsi yaradaraq, bu dünyanı tərk edirlər. Amma məqsədli şəkildə, bəlli bir ideya uğrunda ölümə cəhd edənlər Allah qarşısında ən böyük məqama, insanlar arasında ən böyük hörmətə layiq olurlar.
İnsanların məqsədyönlü və ideya əsasında döyüşməsi cihaddir. Cihad – ilahi ədalət axtarışının başlanğıcı, qazilik – cihadin mükafatı, şəhidlik – zirvəsidir. Zirvəyə gedən yol cihaddan – ədalətsizliklə ədalət uğrunda ədalətli müharibələrdən kecir.
Ədalətli müharibə sənin zorla cəlb olunduğun müharibədir. Belə müharibəni qəbul etməmək qorxaqlıqdır və sonu köləlik və rəzillikdir. Buna görə cihad cəsurluq və rəzillikdən xilasolma yoludur. Cihad – cəmiyyət uğrunda vuruşmaqdir.
İnsanın cəmiyyətdəki yerini onun ləyaqət və şərəfi müəyyən edir. Ləyaqət bir insanin özünün özünə verdiyi dəyərdir – hansi ki, həyatı bahasına o dəyəri qorumağa cəhd edir. Şərəf bir toplumun fərdə verdiyi qiymətdir – birisi öz ləyaqətini qorumağa cəhd edərkən, ya qazi ya da şəhid olduqda bu qiyməti almış olur. Buradan da aydın olur ki, şərəflə ləyaqət vəhdət təşkil edir. Ləyaqətsiz insan şərəfli, şərəfli insan ləyaqətsiz ola bilməz. Ləyaqət bir insanın özünü nə dərəcədə insan kimi dərk etməsi və başqalarının da ona məhz o dərəcədə insan kimi yanaşması tələbi, istəyi kimi təzahür edir.
Ləyaqətsiz insan mənən ölüdür – onun diriliyi bir heyvanın diriliyindən fərqlənmir. Buna görə öz ləyaqətini yüksək tutanlar şərəfli ölüm varkən, şərəfsiz yaşaya bilmirlər, ölümə cəhd edirlər. O adamlar ki şərəfsiz yaşamaqdan abır edər, utanar, istər-istəməz şərəfli ölümə can atar. Yaşamaqdan utananlar ölməklə qürur duyar. Belələrinə biz ya qazi, ya şəhid deyirik. Şəhidlik qaziliyin övladıdır. Hər bir qazilik hekayəsi bir şəhidlik dastanının səhnəsidir. Şəhidlik – qaziliyin davamıdır, onun sonudur, yəni oğludur. Qazilik isə şəhidliyin əvvəli, onun başlanğıcı, yəni atasıdır. Əvvəl və Son. Əvvəl – Qazi, sonra -Şəhid.
Şəhidliklə şahidlik oxşar sözlərdir. Biri fəda olan, o birisi o fədakarlığı təsdiq edəndir. Hər bir şəhid bir qaziliyin şahidliyi, hər bir qazi bir ləyaqətin şahidliyidir. Hər bir ailə, hər bir el də öz qazisinin və şəhidinin şahididir.
Mənim ailəm əvvəl qaziliklə, sonra şəhidliklə tanış olub. Biz bir ailə, bir tayfa və bir el olaraq, qaziliyin nə, şəhidliyin nə olduğunun şahidiyik…
ÜRƏYİ DÖZMƏYƏNLƏR
“Əsli və Kərəm” dastanından bir epizod yadıma düşür. Kərəm lələsi ilə Ərzuruma çatanda hər tərəfi boran-qar bürüyür. Yolun təhlükəli olduğunu görən lələsi Kərəmə Əslinin arxasınca getməkdən imtina etməyi və geri qayıtmağı tövsiyə edir. Kərəm cavab olaraq aşağıdakı misraları deyir:
“Ərzurumun gədiyinə varanda,
Onda gördüm bürəm- bürəm qar gəlir.
Lələm dedi: "Gəl, qayidaq bu yoldan”…
Dedim: "Lələm, namusuma ar gəlir”!
Doğrudan da, çətinlikdən qaçmaq, çəkinmək namuslu insan ücün ardır. Əsl kişi namusuna ar gələn hərəkəti etməz, ya da namusunu ardan qoruyan kişi, həyatı bahasına olsa da, doğru bildiyi yoldan geri dönməz. Hər cür çətinliyə qatlanar, bunun əksinə, arsızlığa dözməz.
Qazilik və şəhidlik də bir dözümsüzlük əlamətidir. Namusuna ar gəlməsinə dözümlülük şərəfsizlik, məğlubiyyət, ləyaqətsizlik, ədalətsizliklə barışmaqdır. Eyni məntiqlə, şəhidlik və qazilik də ədalətsizliyə qarşı fərdi üsyandir.
Bəzən fərdi səviyyədə qalib olanlar kollektiv məğlubiyyətə dözə bilmir. Belələri hamıdan fərqli olaraq, şərəfli ölümə şüurlu şəkildə can atır. Azərbaycanın milli qəhrəmanı Mübarizin vəsiyyəti bu mənada çox nümunəvidir. O, düşmənlə təkbaşına vuruşmağa gedəndə valideynlərinə belə bir vəsiyyət yazıb: “Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz.
Haqqınızı halal edin.
İbrahimov Mübariz”.
Bir insana ölümü bu qədər adiləşdirən, əvəzində yaşamağı dözümsüz hala gətirən hansi hiss ola bilər? Məncə, ləyaqət hissi. Bir insan kollektiv məğlubiyyəti qəbul etməyib özünü buna layiq hesab etmədikdə ləyaqət hissi onu Mübarizin vəziyyətinə salır. İnsan yaşamağa dözmür, ölümü könüllü qəbul edir. Əslində dinə görə – şəhidlər, dünyəvi dəyərlərə görə isə – qəhrəmanlar məhz fərdi ləyaqət hissi kollektiv məğlubiyyətlə barışmağa imkan verməyən insanlardır.
Mənim qazi qardaşım Əbdül və onun şəhid oğlu Rasim də xalqımızın özündən qat-qat gücsüz və rəzil düşmən qabağında ədalətsiz məğlub edilməsi ilə barışmadılar və cihad yolunu – əvvəli qazilik, sonu şəhidliklə taclandırılan mübarizə yolunu tutdular. Bununla da öncə Allah, sonra Vətən, daha sonra öz Eli qarşısında bəndəlik, vətəndaşlıq və övladlıq borclarını canları ilə ödədilər.
Borc hissi ləyaqətin göstəricisidir. O insanlar ki, şüurlu şəkildə öz borclarını dərk edir, onlar könüllü olaraq ölümə aparan cihad yolunu seçirlər. Belələri ölümün gözünə baxa-baxa ona dogru gedir və öz borcunu ödəmək fürsətini əldən vermirlər. Deməli, onlar Allahın razı qaldığı sevimli bəndələrdir.
“VƏTƏNİ QORUMAQ, YOXSA GİZLƏNMƏK?”
Rusların bizə sırıdığı Koroğlunun adından deyilən igidlik haqqında belə bir deyim var: “İgidlik ondu, doqquzu qaçmaq, biri də gözə görünməmək” (yəni gizlənmək). Düşmən qabağından qaçmağı və ya onun gözünə görünməyib gizlənməyi igidik hesab edənlərin nə ləyaqəti, nə vətəni ola bilər. Qurani-Kərimdə sayları yüzmənlərlə hesablanan insanların sayca az dümən qarşısında qaçmaları qınanılır. Koroğlunun vəsf etdiyi “igidlik” də məhz ilahi qınağa layiq bir davranışdır.
İnsan, heyvanlardan fərqli olaraq, seçim edən varlıq kimi yaradılmışdır. Hər bir insan anadan olandan ölənə kimi, sürəkli olaraq hər an düzlə əyri, yaxşı ilə pis, halalla haram, savabla günah, igidliklə qorxaqlıq, ağıllılıqla axmaqlıq arasında seçim qarşısında dayanır. Seçim insandan ölçmək qabiliyyəti tələb edir. Hər bir insanın daxili tərəzisi onun vicdanıdır. Vicdan ləyaqətin təzahürüdür. Vicdanı olmayanın ləyaqəti də olmaz. İnsanlar öz vicdanlarına uyğun seçim edirlər. Buradan da "insanın seçimi onun vicdanının göstəricisidir" nəticəsi ortaya çıxır .
Vicdan – başqaları naminə özündən imtinaetmə qabiliyyətidir. Bu mənada şəhidlər ən böyük vicdan sahibləridir. Onlar başqalarının həyatına görə öz həyatlarından imtina etməyi bacarıblar. Buradan aydın olur ki, şərəfli ölüm – bir bacarıq, şərəfsiz yaşamaq – bir qabiliyyətsizlikdir. Allah-Tala Qurani-Kərimdə bunu “Qorxmaq qabiliyyəti” kimi xarakterizə etmişdir. Allahdan qorxmaq bu dünyadakı bütün qorxulardan, o cümlədən ölüm qorxusundan çəkinməmək deməkdir. Buna görə Allahın yanında şəhidlər peygəmbər və salehlərlə bir tutulur.
Vicdan – insanın özü ilə müxalifət halıdır, onu düz yolda saxlayan, ədalətsizlikdən uzaqlaşdıran hissdir. Vicdanı olan insan ədalətsiz olmaz. Bu məntiqlə, insanı seçən varlıq kimi də tərif etmək mümkündür. Eksiztensialistlərin fikrincə, insanın kimliyi onun vəziyyətini müəyyənləşdirir. Həqiqqətən də vəziyyət ruhun lakmus kağızıdır. İnsanlar yalnız öz ruhi kimliklərini məhz xüsusi vəziyyətlərdə tam və aydın şəkildə təzahür etdirirlər. Ekzistensial boşluqda insanlara verilən heç bir qiymət düzgün ola bilməz. Müharibələr, ölüm qarşısında durmaq və ya könüllü olaraq ölümə doğru getmək insanların ruhi kimliyini aşkara çıxaran ən ciddi imtahanlardır.
Bizim ailə ücün şəhidlik və qazilik yeni hadisə deyil. II Dünya Müharibəsində bir əmim, onlarla yaxın qohumumuz şəhid, atam və böyük əmim isə qazi olublar. Biz qaziliyin və şəhidliyin nə olduğunu onlardan öyrənmişik. Yəni bizim şəhidlik və qazilik məktəbimiz olub və biz o "məktəbdə" "təhsil" və tərbiyə almışıq. Atamın və əmimin müharibə sərgüzəştləri və onların vətən qarşısında öz borclarını necə ödəmələri ilə bağlı xatirələri bizim ücün bir dərs olub. Biz o məktəbdə əla oxumağa cəhd gösrətmişik. Qardaşim Əbdül və oğlu Rasim isə sübut etdilər ki, onlar bu məktəbin ən əlaçı tələbələri imiş.
Müharibə vaxtı böyük əmimlə bağlı həqiqətən baş vermiş və bizim kəndimizdə zərb-məsələ çevrilmiş belə bir hadisə olmuşdu. İkinci Dünya Müharəbəsində üc qardaş – əmilərim Əsgər (qazi əmim), Süleyman (şəhid əmim) və atam (qazi atam) birlikdə eyni səngərdə vuruşmalı olublar. Atışma başlayan kimi, müharibədə ilk dəfə iştirak edən və heç bir hərbi təlim görməyən Əsgər əmim tüfəngini götürüb səngərdən çıxaraq, atəş aca-aca almanlara tərəf qaçmaga başlayir. Ondan kiçik, Fin müharibəsində iştirak edib təcrübə qazanmış, hətta igidliyə görə orden və medallarla təltif olunmuş ali təhsili zabit olan Süleyman əmim “Qardaş mıs (Naxçıvan da “gizlən” sözünün sinonimi kimi işlənən dialekt söz), almanlar vuracaq” deyərək, əmimi səngərə çəkmək istəyib. Əsgər əmim “Axmaq oğlu axmaq (bu, əmimin dillər əzbəri olan tək və yeganə söyüşü idi), biz bura mısmağa gəlmişik, yoxsa vətən qorumaga?”- deyə cavab verib. Bu söz ağzından çıxar-çıxmaz əmim düşmən tərəfindən atılan atəşlə vurulur və yerə yıxılır. Süleyman əmim səngərdən çıxıb ona kömək etmək istədikdə onu da vururlar. Sonra atam da eyni qaydada yaralanır. Daha sonra atışma dayananda onları atəş sahəsindən çıxara bilirlər.
Bəzilərinin bu hadisəni əmimin avamlığı hesab edib lətifə kimi söylədiyini eşidəndə çox düşünmüşəm: axı niyə ölüm qarşısında olsa belə, gizlənməyi ar bilib, vətəni qorumaq adına ölümə gedənə gülürük? Məncə, vətənini qorumaq əvəzinə, gizlənənlərin yaşaması gülüş hədəfi olmalıdır. Mənim əmim öz borcunu ölüm təhlükəsi qarşısında belə, göz qırpmadan yerinə yetirməyə cəhd edən bir qazi kimi hörmətə və sevgiyə layiqdir. Bizim nəslin kişiləri əmimlə fəxr etmiş və ona oxşamağa çalışmışdır. Biz də öz növbəmizdə düşmən qabağından qaçanlara, gizlənənlərə, öz borcunu verməkdən yayınanlara, şərəfsiz həyat yolu seçənlərə gülmüşük, həm də acıyaraq gülmüşük. Çünki bir millət olaraq bütün tarix boyu ən müxtəlif düşmənlər qarşısında məğlubiyyətimizin səbəbi məhz belələri olub.
YAŞAMAĞA UTANANLAR
Mən Hötenin məhşur fikrinə kiçicik bir düzəliş edərək, onu belə ifadə etmişəm: “Şərəfli ölüm olmayan yerdə ləyaqətli insanlar yaşamağa utanarlar.” Əslində bu, mənim fikirləşib tapdığım bir aforizm də deyil, əksinə, bilavasitə təcrübədə şahidi olduğum bir hadisənin əqli mühakiməsindən ibarətdir.
Bu aforizmi mən böyük əmimlə aramızda baş vermiş bir dialoq əsasında yazmışam. Sərlövhəyə çıxartdığım “yaşamağa utanıram” sözü də mənim rəhmətlik böyük əmim Əsgər kişiyə məxsusdur. Bu sözləri mən ilk dəfə ondan eşitmişəm. Bəlkə də bugünədək eşitdiyim və kitablardan oxuduğum fikirlər içərisində mənim ücün bu sözlər qədər təsiredici və düşündürücü mühakimə yoxdur. İnsan necə yaşamağa utanar? Bu, nə deməkdir?
Əmimin üç oğlu vardı. Onlar çox erkən – 30-35 yaşlarında bir-birinin ardınca bir neçə il ərzində müxtəlif xəstəliklərdən dünyalarını dəyişdilər. Əmim isə 95 yaşına çatmışdı. Övadları ilə arasındakı böyük yaş fərqi də təsadüfi deyildi. Əsgər kişi II Dünya Müharibəsinin ən dəhşətli döyüşlərində – Kerç ugrunda döyüşlərdə yaralanaraq əsir düşmüş və 15 il müxtəlif faşist düşərgələrində əsir həyatı yaşayaraq, hər cür əzaba qatlanmışdı. Buna baxmayaraq, buz baltasi kimi sağlam, olduqca nikbin, gülərüzlü, nurani, çox da imanlı – Allahına bağlı bir insan idi.
Hər dəfə oğullarından biri öləndə Allaha şükr edir, bizi də şükrə səsləyir, ağlamağa qoymurdu. Axırıncı əmimoğlu dünyasını dəyişdikdən bir qədər sonra əmimin xəstələndiyini və yatağa düşdüyünü eşidib onlara getdim. Əmimi hərtərəfli müayinə etdim. Səhhətində heç bir problem yox idi. Ona zarafatla “səndə heç bir xəstəlik yoxdur, niyə yatağa girmisən, deyəsən, hiyləgərlik edirsən”- dedim. Əmim tam ciddi və çox sakit şəkildə “mən yaşamağa utanıram” cavabını verdi.
Mən bu sözlərdən çox təəccübləndim. İnsan nə ücün yaşamaqdan utana bilər? Əmimdən bunun səbəbini soruşdum. O, “Mənim oğlanlarım belə gənc yaşalarında ölüblər, mənim isə doxsandan artıq yaşamağıma insanlar üzümə deməsələr də, yəqin ki, arxada pis baxırlar. Ona görə də adam içinə çıxmağa utanıram. Özüm də ölə bilmirəm. Əcəlim çatana kimi yataqdan qalxan deyiləm. Özüm qəsdən əcəl yatağına girmişəm”- deyə cavab verdi.
Onun bu sözlərindən çox narahat oldum. Əmimi anlayırdım, buna baxmayaraq, yanlış düşündüyünü və yanlış hərəkət etdiyini dedim. Amma o, mənə qulaq asmadi. Həmin yataqda daha bir neçə il yatdı. Ömrünün sonunadək ayağa qalxmadı və yatağında da dünyasını dəyişdi.
Mən həmişə əmimi düşünürəm. O, bir kişi kimi müharibədə “vətən qorumağa gedən gizlənməz” fəlsəfəsi ilə ölümün gözünə baxan, amma bir ata kimi övladlarından çox yaşadığına görə utanan və yatağında gizlənməyə üstünlük verən ləyaqətli insan idi…
AĞAC KÖKÜ ÜSTƏ BİTƏR
Ağac kökü üstə bitər. Bizdən əvvəlki nəsillər bizim köklərimiz, biz isə onların budaqlarıyıq. Bizim kökümüz nədirsə, meyvəmiz də odur. Yalnız öz kökü üstə bitməyənlərin meyvələri dəyişik olur. Nə atam, nə anam ermənilərlə münaqişə başlayandan sonra bir dəfə də olsun bizə “müharibəyə getməyin” demədilər. Bircə sözləri bu olurdu ki, "özünüzü düşmən gülləsindən qoruyun".
1990-cı ildən başlayaraq, Azərbaycanda erməni-rus hüçumlarından qorunmaq ücün könüllü batalyonlar təşkil olunmağa başladı. Belə batalyonların birinə də mənim qardaşım Əbdül komandirlik edirdi. Biz ondan arxayın idik. Çünki həm hərbi xidmətdə olmuş, həm də polisdə uzun müddət işlədiyindən, mükəmməl döyüş qabiliyyətinə malik idi. Fiziki cəhətdən hazırlıqlı, cevik, hərbi işdən başı çıxırdı. Həmin illərdə Naxçıvanın Sədərək rayonu ermənilərin aramsız hücumlarına məruz qalırdı. Naxçıvan ücün ən təhlükəli yer də məhz Sədərək idi. Ermənilər çox asanlıqla oradan hərbi texnika ilə hücum edə bilərdilər. Buna görə də digər rayonların könüllü batalyonları növbə ilə Sədərəyə gedib orada vuruşurdular.
Belə döyüşlərin birində düşmənə xeyli itki verdirdikdən sonra qardasım ağır yaralandı. Və 24 il yataqda iflic vəziyyətində yaşadı. Bu 24 ildə dörd dəfə klinik ölüm vəziyyəti keçirdi, bir gün olsun, dərmansız-davasız olmadı. Yalnız təkərli kresloda hərəkət edə bilirdi. Başqalarının yardımı olmadan elementar tələbatlarını ödəyə bilmirdi. Buna baxmayaraq, toydan-yasdan qalmaz, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirdi. Hətta bir necə dəfə seçkilərə namizəd kimi qatılmışdı. Biz hamımız onun mətinliyindən dərs alırdıq. O, bir dəfə də olsun, düşdüyü vəziyyətə görə peşmanlıq hissi yaşamadı, təəssüflənmədi, kimisə qınamadi, dövlətə və xalqa minnət eləmədi, heç kimdən də, o cümlədən dövlətdən də minnət götürmədi. Öz haqqını yataqda olanda da aradı, məhkəmələrdə hüquqlarını bərpa etdi. Sanki belə olmalıymış kimi, öz həyatını səbrlə, sakitliklə yaşamağa davam etdi. O, öz həyatı və davranışları ilə hamımıza bir örnək idi. Hamı onun həyatsevərliyinə, təmkin və səbrinə məəttəl qalırdı. Gənclər ondan qazilik dərsi alır və o da gənclərə nümunə olmağa çalışırdı. Çoxlarına ümid yeri idi. Hüquqları pozulanlar ondan kömək umurdu. Yataqda olmasına baxmayaraq, hamının köməyinə çatmağa can atırdı.
Qazi qardaşımın mənəvi təsirindən ailəmizdən bir necə gənc hərbçi həyatını secdi. Onlardan biri də ikinci oglu Rasim idi.
Rasim şüurlu şəkildə atasının yolunu seçərək, hərbi akademiyada təhsil almış, sonra Milli Ordunun zabiti kimi şərəfli bir yol keçmişdi. 2016-ci ilin aprel ayında Qarabağ cəhbəsində gedən döyüşlərdə qəhrəmancasına vuruşub və cəbhədə də bir necə əsgəri ilə birlikdə şəhid olmuşdu. Rasimin şəhid olması xəbəri eşidənləri sarsıtsa da, təəccübləndirmədi. Çünki Rasim atasının yolunu, demək olar ki, təkrarlamışdı. Hər ikisi taqım komandiri vəzifsinədək yüsəlmiş, hər ikisi könüllü olaraq döyüşlərdə iştirak etmiş və hər ikisi 40 yaşında – ata – qazi, oğul – şəhid olmuşdu.
Rasim şəhid olmamışdan iki həftə qabaq atasını ziyarət etmək ücün Naxçıvana getmişdi. Həmin vaxt atasının səhhətində ciddi problemlər meydana gəlmişdi. Rasim son dəfə övladlıq borcunu verərək, atasının yenidən sağlamlığına qovuşması ücün hər şeyi etmişdi. Atasından ayrılanda isə gülə-gülə demişdi: “Mən səndən də irəli gedəcəyəm”. O vaxt hamı bunu zarafat kimi qəbul etmişdi. Düşünmüşdülər ki, gənclik lovgalığı edir. Hətta atasına “Sən mənim yerişimi yeriyə bilməzsən” – demişdi. Yalnız iki həftə sonra onun şəhidlik xəbərini alanda hamı həmin sözlərin nə demək olduğunu anlamışdı.
Doğrudan da Rasim dediyi kimi etmişdi. Qazi atasından bir addım irəli kecərək, şəhidlik mərtəbəsinə yüksəlmişdi.
YAXŞI BAŞLANĞICIN YAXŞI SONU
Belə bir deyim var: “Hər işi yaxşı başlamaq mümkündür, amma hər işi həmişə yaxşı başa vurmaq olmaz”.
Burada yenə Koroğlu yadıma düşür. Minlərlə insanı ətrafına toplayıb özünəməxsus “qəhrəmanlıq” dastanı yaradan Koroğlu sonra döyüşməkdən imtina edir və ömrünü xış arxasında əkinçiliklə başa vurur. Belələri həqiqi qəhrəman hesab edilə biməzlər. Əsl qəhrəman sonunu da qəhrəmanlıqla başa vurandır. Əvvəli qəhrəmanlıq, sonrası adiləşmiş həyat başqalarına nümunə ola bilməz. Qəhrəmanın sonu ya bilinməz olaraq nağıla çevriməli, ya da ölərək nağıllaşmalıdır. Yalnız bu halda o, həqiqi qəhrəman hesab edilə bilər.
Rasimin şəhid xəbərini eşitdikdə ağlıma gələn ilk fikir “Qardaşım buna necə dözəcək?” sualı oldu. Qohumların bir çoxunu Bakıdan cənazəni Naxçıvana gətirilməsi ücün ayırdıqdan sonra özüm bəzi qohumlarla cənazəni qarşılamaq və dəfni təşkil etmək, həm də qardaşımı bu ağır hadisəyə hazırlamaq ücün Naxçıvana getdim. Evə girib qardaşımla görüşəndə onu tam sakit vəziyyətdə gördüm. O dərəcədə sakit idi ki, bu, məni qorxutdu. Bu qədər ağır bir itkiyə uyğun olmayan sakitlik heç də yaxşı əlamət deyildi. Mən özümü saxlaya bilmirdim. O, mənə təsəlli verirdi. Rasimin səhid olması ilə bağlı bəzi suallar verdi, sonra yas mərasiminə hazırlaşmağı tapşırdı. Çox qəribə idi ki, o, təkcə özünü sakit aparmır, həm də digər yaxın qohumlara təskinik verirdi. Yadıma əmim düşdü. O da oğulları öləndə hər dəfə bizə təskinlik verir və şükr etməyi tövsiyə edirdi. İndi də qardaşım özündən asılı olmayaraq eyni cür davranırdı. Hətta ona təsəlli verənlərə “Şəhidlik böyük mərtəbədir, mən Rasimlə fəxr edirəm”- deyirdi. Əslində haqsız da deyildi. Yasın birinci günü dostumuz, şair Sabir Rüstəmxanlı mənə zəng etdi, “Səni təbrik edirəm, kaş, bu hadisə bizim də başımıza gələydi”-dedi. Onda anladım ki, Rasimin şəhadəti bədbəxt hadisə yox, xoşbəxtlikdir və buna görə qardaşım fəxr etməkdə haqlı imiş. O özü də vətən yolunda can verməyin nə demək oldugunu hamıdan yaxşı bilirdi…
Rasimin şəhidliyi qardaşımın qaziliyinin 24-cü ildönümünə təsadüf etmişdi. Düz 24 il bütün nəslimiz qazi qardaşımın ağrısı ilə yaşamışdı. İndi isə şəhidlik ağrısını daşımağa məhkum olmuşduq və hamı bacardığı qədər bu ağır yükü bölüşməyə cəhd edirdi. Çünki bir ailədə bir qazi və bir şəhid yükünü daşımaq insan gücü daxilində deyil.
Yasın gedişində tez-tez qardaşıma baş çəkirdim. Onun ücün narahat idim. Bayaq da qeyd etdiyim kimi, onun sakitliyi məni qorxudurdu. Mən onun ağlamasını, şikayət etməsini, yəni içini bosaltmasını istəyirdim. O isə susurdu… Yasın yeddisini verib Bakıya qayıtmağa hazırlaşırdıq. Son dəfə qardaşıma baş çəkdim. Bir az ordan-burdan söhbət etdik. Sonra səhhətini xəbər aldim. O, çox sakit tərzdə – “Daha yaşamağa utanıram” – dedi.
Bu söz məni ildırım kimi vurdu. Çünki bunu ikinci dəfə, olduğu kimi təkrar eşidirdim. Bir əmimin, bir də qardaşımın dilindən. Onun üzünə baxdım. Gözlərində tam bir laqeydlik vardi. Artıq onu həyata bağlayan ən incə tel belə qalmamışdı. O da əmim kimi ölmək istəyirdi. Nə deyəcəyimi bilmədim. Bakıda yaşayan bacılarım da qohum-qonsuya mərasim təşkil etmək ücün paytaxta qayıtmağa hazırlaşırdı. Mən qardaşımla danışdıqdan sonra onların Bakıya qayıtmalarına razı olmadım. Açıq şəkildə qardaşımın daha yaşamayaçağını bildirdim.
24 il qazilik ömrü yaşayan, hər cür ağrıya, əzaba, çətinliyə dözən qardaşım oğul itkisinə cəmi 24 gün dözə bildi. Qazi kimi oğlunun ölümüylə fəxr etdi, ata kimi bu itkidən qəhr oldu. Rasimin şəhidliyinin 24-cü günü bacı-qardaşın və yaxın qohumların əhatəsində həyata gözlərini yumdu. Bununla da öz cihad yolunu başa vurdu.
Son anda onun üzündə heç vaxt görmədiyim rahatlıq, xoşbəxtlik, məmunluq cizgiləri göründü. Qardaşım sanki ölməkdən çox razı qalmışdı. Ölüm onu həqiqətən xöşbəxt etmişdi. Çünki həyat yolunda olduğu kimi, ölüm yolunda da oğluna yoldaşlıq edəcəkdi…
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar