Seçki prosesi başa çatdı. Amma seçki öncəsi böyük həvəslə prosesə qatılanlar arasında xəyal qırıqlığına uğrayanlar da az olmadı.
Sözsüz ki, bu xəyal qırıqlığı səbəbsiz deyildi. Ötən il böyük təmtəraqla özünü buraxan MM aparılan siyasi islahatlara yararsız olduğunu rəsmən etiraf edərək, ədalətli seçki vədi vermiş və bu səbəbdən də seçkilərə rekord sayda namizəd qatılmışdı. MSK-nın məlumatında görə, cəmi 125 dairədən 1673 namizəd qeydə alınmışdı ki, bu da hər mandat üçün 13 nəfərdən çox iddialının yarışması demək idi.
Üstəlik, bu qədər insanın vəkillərini, nümayəndələrini, yaxınlarını da hesaba qatsaq, seçki həyacanı yaşayanların sayı dəfələrlə artar. Bu qədər geniş kütlənin qatıldığı seçkilərdə yarış da ciddi rəqabət şəraitində gedirdi. Namizədlərin vəkilləri qapı-qapı dolaşıb onillərlə davam edən seçki saxtakarlığı nəticəsində depolitizə edilmiş seçiciləri “bu dəfə yaxşı olacağına” inandırmağa çalışır və onları səsvermədə aktivliyə çağırırdılar. Bəzən səbəbsiz yerə keçmiş deputatların səhlənkarlığı ucbatından danlanan, təhqirə məruz qalanlar da az deyildi. Mandat alacağı ümidiylə uşağının boğazından kəsib seçkiyə xərclənən pullar, yuxusuz gecələr, hansısa maraq dairələrinə verilən vədlər, ümidverici əlamətlərə dikilən gözlər... Və nəticədə ölkədə aparılan siyasi islahatlara ayaqlaşmadığını etiraf edərək özünü buraxan MM-nin bir-iki deputat fərqiylə yenidən eyhası...
Bəli, sanki bütün həngamə bir neçə nəfərin “mandatlaşdırılması” üçün imiş. Seçki prosesinə qatılan minlərlə insan isə bu saxta seçki oyununun piyadaları kimi ortaya düşüb ondan-bundan səs dilənirmişlər. Əlbəttə, insanlara təlqin olunan bu ümidin özünü doğrultmaması ciddi xəyal qırıqlığı yaratmalı idi və yaratdı da. Hətta keçirdiyi dərin təəssüf hissindən həyatını itirənlər belə oldu.
Hakimiyyət orqanları nə qədər bu təəssüfdoğurucu ölüm hadisələrini təbii yoxoluş prosesinə bağlasalar da, həmin insanların hələ də keçmiş sovet sistemi kimi idarə olunan ölkədə yaşamağa, bu da azmış kimi, hansısa oyunun “piyadası” durumuna salınmalarına dözməyərək ürəklərinin partladığı ortadadır. Bu məqam rəsmi açıqlamalardakı sətir aralarında əks olunur, bir növ ağla gələn bu ehtimallar təkzib edilməyə çalışılır.
Ovqat.com xəbər verir ki, Baş Prokurorluğun rəsmi açıqlamasında seçki həyəcanına dözə bilməyib ürəyi partlayan ən azı iki vətəşdaşımızın olduğu öz təsdiqini tapıb. Bunlar hələ bilinənlərdir. Kim bilir, hələ neçə nəfər məhz bu dərddən yorğan-döşəyə düşüb və onları da uzaq olmayan gələcəkdə eyni tale gözləyir.
Ürəyi seçki həyəcanına dözməyənlərdən biri 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevdir. Baş Prokurorluğun məlumatına əsasən, Sübhan Hacıyev həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat edib. Bildirilir ki, daxil olan məlumat əsasında dərhal hadisə yerinə gedilib və meyitə məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib: “Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunmuşdur.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.
Yəni, ölübsə, Allah rəhmət eləsin. Ağlı olaydı, ürəyinə salmayaydı.
Digər seçki qurbanı isə 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovdur. Mərhum Sübhan Hacıyevdən fərqli olaraq, Mahir Hüseynovun ürəyi dərhal deyil, seçkinin ilkin nəticələri exit-poll tərəfindən açıqlandığı zaman eşitdiklərinə tab gətirməyib, partlayıb. Belə ki, onun saat 23 radələrində yaşadığı evin qarşısında qəflətən dünyasını dəyişdiyi Baş Prokurorluğun rəsmi məlumatında da etiraf olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov da uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, 2016-cı ildə “sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktı, kəskin mərhələ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilib.
Həmçinin araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairənin seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.
Vəssəlam, şüt-təmam.
Paylaş: