Fevralın 9-da keçirilən parlament seçkilərinə ATƏT və AŞPA-nın müşahidə qrupu öz münasibətini bildirdi. İki qurumun birgə yaydığı bəyanatda seçkilərin dürüstlüyünü şübhə altına alan xeyli ittihamlar var. “Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühitin parlament seçkilərində həqiqi rəqabətin qarşısının alındığı” vurğulanan birgə bəyanatda ən çox üzərində durulan məqam səslərin sayılması prosesində yol verilən nöqsanlar idi. ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi Artur Gerasimovun qənaətinə görə, “əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnmədi və seçki günü səslərin sayılması məyusedici oldu”. “Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimaiyyətdə və televiziyada debatların təşkil edilməməsi cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biri” kimi qiymətləndirən A.Gerasimov gördüklərinə təəssüfləndiyini də gizlətmədi.
Acınacaqlıdır ki, yad bir adamın bizim halımıza az qala dəsmal götürüb ağladığı halda, özünü Azərbaycanın ziyalısı kimi görən, professor, hakim partiyanın sədr müavini, icra katibi və digər epitetlərlə tanınan Əli Əhmədov isə guya öz aləmində ATƏT-i göy əskiyə bükdü. Əli müəllimin fikrincə, ATƏT-in seçki bəyanatı qərəzlidir və həqiqəti ifadə etmir. Özünün facebook səhifəsində paylaşdığı açıqlamasında ATƏT-i bu dəfə də “sonadək obyektiv və ədalətli ola bilməməkdə" günahlandıran YAP sədrinin müavini seçki kampaniyasının “demokratik atmosferdə, yüksək rəqabət şəraitində” keçdiyini bildirdi və buna ən obyektiv şahid kimi seçicilərlə namizədləri göstərdi (Lap məşhur misalda deyildiyi kimi, “yalançının şahidi yanında olar”).
Görünür, Əli müəllim seçki saxtakarlığına dözə bilməyib ürəyi partlayan ən azı 2 şəxsin mövcudluğundan bixəbərdir. Bəlkə də seçkilərdən iki həftə qabaq Milli Şuranın sədri Cəmil Həsənlinin paylaşdığı deputat siyahısından da onun xəbəri yoxdur. Əgər həqiqətən də belədirsə, zəhmət çəkib professor həmkarının facebook səhifəsinə girib uzun-uzadı keçmiş statusları araşdırmasına dəyməz. Elə seçkilərin nəticələri barədə MSK-nın yayımladığı siyahını qabağına qoyub üzünə baxması yetər. Çünki Cəmil müəllimin həmin siyahısının tam bənzərini MSK bu gün yayımladı. Əgər seçkilər həqiqətən də ədalətli keçirilibsə, Cəmil müəllim onun nəticələrini günlərlə öncədən necə bilə bilərdi?
Əgər bu arqument də Əli müəllimə kifayət etmirsə, dəyərli zamanından bir neçə dəqiqəsini ayırıb bir çox rayonlardan bəzi namizədlərin necə qovulduğu səhnələrini izləyə bilər. Hansı ki, həmin “qapıdan qovulan” namizədlər bir neçə gündən sonra “mandatlandırıldılar”. Axı, bu necə mümkündür ki, seçici öz millət vəkilini rayondan qovsun, sonra gedib ona səs versin?
Əli Əhmədov öz məqaləsində “cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyini” əsas gətirib ATƏT müşahidəçilərinin “seçki kampaniyasında həqiqi rəqabətin olmamasını nöqsan göstərməsini” “böyük fantaziya” adlandırır. Doğrudan da bir yer uğrunda 13.5 ( yeri gəlmişkən, 0.5 rəqəmi mənə uşaqları əzizləyərkən dediyimiz “kişi qırığı” deyimini xatırladır. Nədən ki, bizim bəzi namizədlərin də əslində “namizəd qırıqları” olduğu heç kimə sirr deyil) nəfərin yarışdığı seçkidə rəqabət şəraitinin yoxluğundan gileylənmək formal olaraq “böyük fantaziya” kimi görünə bilər. Amma Əli Əhmədov inciməsin, daha böyük fantaziyanı faktiki onun rəhbərlik etdiyi partiyanın seçki siyasəti ortaya qoyur. Söhbət təkcə qapıdan qovulmuşların mandatlaşdırılmasından da getmir. Söhbət həm də ondan gedir ki, hər yer uğrunda “13 namizəd qırığı”nın yarışdığı seçkilərdə Cəmil Həsənlinin siyahısında olanlar digər alternativlərindən astronomik ölçüdə çox səs toplayıblar. Bunun ən bariz örnəyi Naxçıvan MR-dən deputat mandatı alanlardır.
MSK-nın açıqladığı ilkin nəticələrə nəzər salaq:
“İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır:
1 saylı Şərur- Sədərək Seçki Dairəsi - Vasif Talıbov (YAP) - 94.6 %
2 saylı Şərur Seçki dairəsi - İsa Həbibbəyli (YAP) – 86.3 %
3 saylı Babək-Kəngərli- Naxçıvan Seçki Dairəsi - Səttar Möhbalıyev (bitərəf) - 83.2 %
4 saylı Naxçəvan Şəhər Seçki Dairəsi - Eldar İbrahimov (YAP) – 84.9 %
5 saylı Şahbuz-Babək Seçki Dairəsi - Siyavuş Novruzov (YAP) - 81 %”
Cənab Əli Əhmədov unutmasın; nə qədər ki seçkilərin nəticələrində bu boyda faiz fərqi ortaya çıxır, ATƏT də, AŞPA da, hətta o namizədlərə səs verən seçicilər də seçkinin saxtalaşdırıldığını düşünəcəklər. Başqa sözlə desək, düşməni özgə yerdə axtarmayın, Əli müəllim. Sizin ədalətinə güvəndiyiniz MSK-nın seçki anlayışı ən böyük düşməninizdir. Bu adamlar hələ başa düşmürlər ki, qalib lider kimi görünmək üçün 80-90%-dən çox səs toplamağa ehtiyac yoxdur. Dünyanın ən xarizmatik liderlərindən biri kimi tanınan Türkiyə prezidenti R.T.Ərdoğan belə, 50%-i zor-bəla ilə keçə bilir. Əhalisinin böyük qismi Türkiyədə fəhləlik edən Sədərək və Şərur rayonlarından deputat seçilən Vasif Talıbov isə 94.6% səs yığır.
Üstəlik, onun deputat seçildiyi dairənin seçiciləri də aktivliyinə görə bütün rayonlarımızı üstələyir. MSK-nın rəsmi məlumatlarına görə, 1 saylı Şərur-Sədərək seçki dairəsindən 76,1 faiz (46 min 225 seçicidən 29419 nəfər) seçici səsvermədə iştirak edib. Əli müəllim yəqin, bilməmiş olmaz ki, İstanbulun müxtəlif məhəllələri Naxçıvan köçkünləri ilə dolub-daşır. Onların arasında Türkiyəylə həmsərhəd olan Şərur və Sədərək rayonlarının sakinləri xüsusilə fərqlənirlər. Biz hələ Naxçıvandan Rusiyanın və Azərbaycanın müxtəlif bölgələrinə sığınanları demirik. Bu qədər zülm görərək öz diyarlarını tərk edən insanların seçki zamanı gəlib onlara o müsibəti yaşadanlara səs verəcəyini düşünürsünüzsə, qüsura baxmayın, siz də heç fantaziya gücünüzlə ATƏT müşahidəçilərindən fərqlənmirsiniz, Əli müəllim. Nə demək istədiyimi anlamağınız üçün aşağıda təqdim etdiyim videonu seyr etməyiniz kifayətdir.
Sonda onu da vurğulamaq istəyirəm ki, MSK-nın “yaxşı lider 80%-dən çox səs toplayar” anlayışı ölkə başçısı İlham Əliyevin halal səsqazanma imkanına da şübhə kölgəsi salmışdı. Məzahir Pənahovun bəlkə də gözə girmək xətrinə onun aktivinə yazdığı 85%-lik səs xarici dövlətlərdə təbəssüm doğurmuş, hətta məşhur telejurnalistlərdən biri bu faktı belə qiymətləndirmişdi: “İsa peyğəmbəri dirildib Vatikanda Papa seçkisində iştirak etdirsən, bu qədər səs toplaya bilməzdi”. Təsəvvür edin ki, Naxçıvanın "əvəzedilməz" rəhbəri Vasif Talıbov rəsmi sənədlərdə LİDERLİK qabiliyyətinə görə hətta İlham Əliyevi də üstəliyib. Özü də harda? Ən acımasız siyasəti ilə boşaltdığı diyarda. Həm də 76.1 faiz seçicinin iştirakı ilə keçirilən seçkilərdə.
Əli müəllim, lütfən, səmimi olun; kimin fantaziya gücü daha qüvvətlidir – YAP-ın, ATƏT-in, yoxsa...?
Heydər Oğuz,
Ovqat.com
Paylaş: