“Konstitusiyada seçkilərin nəticələrini ləğv etməklə bağlı prezidentin birbaşa səlahiyyəti nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan reallığı elədir ki, prezident istəsə, bunu asanlıqla həyata keçirə bilər”.
Ədalət partiyasının sədri İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Saytımızın əldə etdiyi seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı məlumatı şərh edən partiya sədri bunun ən optimal mexanizmini də göstərib: “Yazırsınız ki, ölkə rəhbərliyi seçkilərin ləğv edilməsi üçün hüquqi zəmin axtarır. Əgər həqiqətən belə bir fikirləri varsa, mən onlara ən uyğun variantı göstərə bilərəm. Azərbaycan Konstitusiyasına görə, (Maddə 94- Ovqat.com) bəzi qanunların qəbulu üçün 83 səs çoxluğu tələb olunur. Yəni MM-in deputatlarının sayı 83-dən az olarsa, onun öz fəaliyyətini davam etdirmə səlahiyyəti qalmır və seçkilərin yenidən keçirilməsinə zərurət yaranır. Azərbaycan hakimiyyəti də seçkilərin ləğvini istəyirsə, qanunvericiliyin bu tələbinə uyğun ssenari hazırlaya bilər. MSK ən azı 42 dairədə seçkiləri ləğv edər və Konstitusiya Məhkəməsi bu durumda Milli Məclisin fəaliyyət göstərə bilməyəcəyinə qərar verər. Nəticədə seçkilərin yenidən keçirilməsi üçün hüquqi əsas yaranar. Prezident də müvafiq qərar qəbul edər”.
Bununla belə, İlyas İsmayılov hakimiyyətin seçkiləri tamamilə ləğv etməyə hazırlaşdığına inanmır. Onun sözlərinə görə, xaricilərin gözündən pərdə asmaq üçün bir neçə dairədə nəticələri ləğv edəcəklər. Beləcə, özlərini aydan arı, sudan duru göstərəcəklər: “Amma dövlətçilik maraqları və Azərbaycanın beynəlxalq imici naminə seçkilər tamamilə ləğv olunmalı, daha demokratik qaydada formalaşmış parlament təsis edilməlidir. Azərbaycan, axır ki, feodal-tayfa münasibətlərindən əl çəkməlidir. Əks halda taleyin bu millətə yüzillər boyunca bəxş etdiyi tarixi fürsəti fövtə verə və bir dövlət kimi məhv olub gedə bilərik”.
Söhbətimizdə Ədalət partiyasının bəzi üzvlərinin seçkilərdə iştirak etdiyini xatırladan partiya sədri vurğuladı ki, onlardan bir çoxlarını heç prosesə yaxın buraxmadılar. “Prosesə buraxılanların qarşısı isə kobud saxtakarlıqla alındı. Mən xüsusilə 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən namizəd kimi seçkilərə qatılan müavinim Mütəllim Rəhimlinin üzləşdiyi qanun pozuntularına diqqət çəkmək istəyirəm. Təsəvvür edin ki, onun alternativini seçicilər dairə ərazisindən qovurdular. İnsanların ona qarşı kəskin nifrəti vardı. Hətta seçicilərlə görüş xətrinə başqa yerlərdə yaşayan “zəhmətkeş qrupları” onun hüzuruna gətirilir, guya seçicilərlə görüş illuziyası yaradılırdı. Mənim müavinim isə dairədə yüksək hörmətlə qarşılanırdı. Bildiyimə görə, əslində Mütəllim Rəhimlini seçilmişdi. Qutudan isə seçicilərin faktiki olaraq rayondan qovduqları həmin qadın çıxdı”.
106 saylı seçki dairəsinin 3 rayonu əhatə etdiyini vurğulayan İlyas İsmayılov seçkilərin icra başçılarının şəxsən göstərişiylə saxtalaşdırıldığı iddiasındadır. İsmayılovun sözlərinə görə, 3 rayonun icra hakimiyyətinin eyni anda seçki saxtakarlığında iştirak etməsi onu deməyə əsas verir ki, saxtalaşdırma total olaraq həyata keçirilib və hakimiyyətin bu barədə birbaşa göstərişi olub. Ona görə də hakimiyyətin yenidən seçkilər keçirəcəyinə inanmayan “Ədalət” sədri fikrini belə əsaslandırdı: “Həqiqətən də belə fikirləri olsaydı, saxtalaşdırmanın total şəkildə aparılmasına imkan və göstəriş verməzdilər”.
İlyas İsmayılov Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı yaydığı bəyanatı da pisləyib. Onun bildirdiyinə görə, bu nazirliyin rəsmiləri hələ də hansı məsuliyyəti daşıdıqlarını anlaya bilmirlər: “Xarici İşlər Nazirliyi nədir, seçkilərə hüquqi qiymət vermək nədir? O quruma rəhbərlik edənlərə başa salmaq lazımdır ki, diplomatik missiyanın vəzifəsi daxili məsələlərə münasibət bildirmək deyil. Azərbaycanın minlərlə diplomatik problemləri var. Bəzən xarici təhlükələrə qarşı sükutunu pozmağa cəsarəti çatmayan bu nazirlik özünə aid olmayan məsələlərə müdaxilə edir. Elə faktın özü də seçkilərin ən yuxarı dairələrinin iradəsilə saxtalaşdırıldığının ən bariz sübutudur”.
Qeyd edək ki, XİN seçkilərlə bağlı yaydığı bəyanatında bildirmişdi: “2020-ci il fevralın 9-da Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub”.
Ovqat.com
Paylaş: