ATƏT, AŞPA, Avropa İttifaqı kimi Qərb institutlarının da saxtalaşdırıldığını iddia etdiyi 9 fevral seçkiləri geridə qaldı. Hər mandat uğrunda 11.5 nəfərin yarışdığı bu seçkidə saxtalaşdırmalar nəticəsində 1 nəfərin üzü güldüsə, 10.5 nəfər öz ölkəsindən narazı salındı. Növbədənkənar seçkilərdən hakimiyyətin nə qazandığını, nə itirdiyini müəyyənləşdirməyi Əli Əhmədovla, Siyavuş Novruzovun öhdəsinə buraxırıq. Biz isə seçkilərin demokratik və ədalətli keçiriləcəyinə dair yaradılan alqının haqqı tapdalanmış namizədlər üzərində meydana gətirdiyi sarsıdıcı təsirdən bəhs etmək istəyirik.
Ovqat.com-un məlumatına görə, seçki prosesində xəyalı qırılan namizəd və onların vəkillərindən ən az iki nəfərin ürəyi bu hoqqabazlığa dözməyib, partlayıb. Baş Prokurorluq belə rəsmi açıqlamasında bu faktı təsdiqləsə də, günahı onların xəstə ürəklərində axtarıb.
Namizədlərdən elələri də var ki, seçkidə uğur əldə edə biləcəklərini düşünüb təbliğat-təşviqat xərcləri üçün borclanıblar. İndi onlardan biri aldadılaraq seçkiyə təşviq edildiyinə görə çəkdiyi xərcin kompensasiyasını istəyir.
Adını açıqlamayan namizəd dünən ölkə başçısı İlham Əliyevə video-müraciət ünvanlayaraq, ona dəyən maddi zərərin MSK sədri Məzahir Pənahov tərəfindən ödənilməsini istəyir.
“Qələt edərik əbəcdadımızın ağzıyla, bir də seçkiyə gedərik”,- deyən namizədin olduqca maraqlı müraciətini təqdim edirik:
Yəqin, bir çoxlarımız video-müraciəti izlərkən, bu cür ritorikası olan namizədin yaxşı ki deputat mandatı almadığını düşünür. Bəlkə də haqlısınız. Amma gəlin, görək, mandat alan deputatlarımız nə səviyədədirlər? Guya, Hadi Rəcəblilər, səsini belə eşitmədiyimiz deputatlar bu mandata daha layiqdirlər? Biz hələ aşağıdakı videoda qələbə sevincini qeyri-adi rəqsiylə qeyd edən bu deputatı demirik:
Deputatın bu rəqsi adamın yadına “Bəyin oğurlanması” filmindəki “8 min alıblar, oynamaqlarına bax” sözlərini salır.
Paylaş: