“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə barədə media orqanlarında xoşagəlməz xəbərlərin yayılmasını təşkil edənlər bu nazirliyin öz əməkdaşlarıdır”.
Ovqat.com-a bu barədə məlumat nazirlikdəki mənbədən verilib.
Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Prezidentin iki nazirliyi birləşdirməsindən sonra sözügedən dövlət orqanında onsuz da narahatlıq var idi. İstər keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun komandası, istərsə də qalmaqallı korrupsiya əməllərinə görə işdən qovulmuş keçmiş Rabitə naziri Əli Abbasovun kadrları bu qurumda aparılan struktur islahatlarından narazı idilər və indi də elədir. Yeni nazirlik yarandığı gündən indiyədək 3 ildir ki tikan üstündə oturan köhnə kadrlar hər an vurulacaqları günü gözləyirmişlər. Ramin Quluzadənin ləkələnməsi və nüfuzdan düşməsi onların tam maraqlarına uyğun imiş. İddialara görə, onun yerində Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun da gözü varmış. Bu 3 qüvvənin Ramin Quluzadəyə qarşı birləşməsi hər an partlayış riski yaradırmış.
Nazir Ramin Quluzadənin məişət problemləri və bu problemdən yaranan məlum qalmaqal da onlara bu fürsəti verir.
İnformasiya qaynağımızın məlumatına görə, Ramin Quluzadə qısa müddətdən sonra tam formalaşdırılacağı gözlənən yeni siyasi hakimiyyətin kadrıdır. O, 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda müxtəlif vəzifələrdə çalışıb. 10 illik fəaliyyəti dövründə sədaqətini təsdiq etməyi bacaran Ramin Quluzadə hətta bu xüsusiyyətinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. Məhz bu medalı yaxasına taxandan sonra bəxti də açılıb. Cəmi bir il sonra rabitə sahəsində heç bir təcrübəsi olmamasına baxmayaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu vəzifədə də çox qalmayıb. Yenə bir ildən sonra, yəni 2016-cı ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gətirilib. Üzərindən yenə 1 il 1 ay keçib. 13 fevral 2017-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Nəqliyyat Nazirliyi də Ramin Quluzadənin əmrinə verilib. İddialara görə, təcrübəsiz bir adama 3 ildə iki nazirliyin tapşırılması da qurumdakı narazılığı gücləndirib.
O da istisna edilmir ki, narazılığın subyektiv olduğu kimi, obyektiv də səbəbləri var. Belə ki, cəmi 3 il ərzində hakimiyyət orqanlarında böyük sıçrayış edən Ramin Quluzadənin də başı bu yüksəlişdən gicəllənməyə başlayıb. Xüsusilə məişət məsələlərində. Bu baş gicəllənməsi də sonunda məlum insidentə səbəb olub. 3 ildir elə bunu gözləyən nazirlik əməkdaşları isə fürsəti fövtə verməyiblər.
Maraqlıdır ki, Ramin Quluzadənin bu zəif nöqtəsindən yapışıb ona qarşı “qara piar” aparanlar özlərini gizlətməyə belə lüzum görməyiblər. Media orqanlarında dərc olunan məlumatlarda informasiyanın qaynağı aydın şəkildə özünü büruzə verir. TimeTV.live adlı portal “Nəqliyyat və Rabitə Nazirliyində dava düşüb” sərlövhəli yazısında məlumatı nazirlikdən aldıqlarını açıq şəkildə qeyd edərək yazır: “...nazirliyin bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu”.
Yazını olduğu kimi dərc edirik:
“Time TV-yə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə barədə maraqlı informasiya daxil olub. Sən demə xeyli müddətdir ki, nazir öz iş funksiyasını yerinə yetirmək də problemlə qarşılaşırmış. Ona bu problemi dövlət rəhbərliyi və ya digər qurumlar yaratmırmış. Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş.
Təbii ki, biz bizə göndərilən informasiyaya yer ayırmazdıq. Lakin nazirliyin bir qrup işçisi adından gmailimizə göndərilən məktubda iddia edilir ki, nazir davamlı olaraq işdə ailə və qadın problemlərilə məşğuldu. Bu üzdən çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayır. Ötən həftə isə nazirlikdə böyük hay-küy düşüb. Nazirin həyat yoldaşı nazirliyə gələrək Ramin Quluzadənin sevgilisilə dava edib. Adını etik səbəbdən qeyd etmədiyimiz sevgilinin saçlarından tutaraq nazirliyin dəhlizlərində sürüyüb. Mühafizəçilər və cangüdənlər olaya müdaxilə edib. Nazir dəhlizə çıxıb bütün işçilərə otaqlara girib qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və nazirin həyat yoldaşını evə göndəriblər.
Qeyd edək ki, biz bu məlumatı nazirliyin işçilərinin bizə müraciəti əsasında dərc edirik. Əgər, qarşı tərəf fikirlərini bildirmək, mövqe açıqlamaq istəyərsə, ona da yer ayıra bilərik”.
Xüsusi qeyd:
Son zamanlar baş verən bir çox qalmaqalların kökündə klanlararası ziddiyyətlərin dayandığı barədə iddialar var. Bir müddət əvvəl böyük saxtakarlıqla bitən parlament seçkilərinin də məhz bu səbəbdən ortaya çıxdığı bildirilir. İddialara görə, parlamentin tərkibini yeni komandanın tələblərinə uyğunlaşdırmaq istəyən siyasi iradənin bu təşəbbüsü köhnə qvardiyanın maraqlarına cavab vermədiyi üçün açıq-aşkar saxtakarlığa gedildi. İlk əvvəl həqiqətən xalqın qəzəbini qazanan köhnə qvardiyaçılara qarşı etiraz aksiyaları təşkil olundu. Bunun arxasında, sözsüz ki, yenilər dayanırdı. Köhnə qvardiyaçılar isə bütün dairələr boyu saxtakarlığı açıq şəkildə həyata keçirməklə bütünlüklə növbədənkənar seçkiləri şübhə altında qoydular.
Yenilərin növbəti həmləsi “ümumxalq etirazlarının” təşkil olunduğu 4 dairədə seçkilərin nəticələrinin ləğv edilməsi oldu. Ardından bir neçə gün keçdikdən sonra MSK yenilərin də bir çoxunun mandatına kölgə salan qərar qəbul etdi. Onlardan da bəzilərinin nəticələri yenidən baxılması üçün DSK-lara göndərildi. Parlamenti qazanmaq uğrunda qızğın hesablaşmaların getdiyi bir zamanda Ramin Quluzadə qalmaqalı ortaya çıxdı. Əldə etdiyimiz məlumata görə, yeni komandanın digər nazirləri barədə də kompramatlar hazırlanıb və yaxın günlərdə media qurumlarına ötürüləcək.
Ovqat.com
Paylaş: