Xəbər lenti

  

2020-ci ilin ilk aylarında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşü və prezident İ.Əliyevin və baş nazir N.Paşinyanın Münhen Təhlükəsizlik forumu çərçivəsində mətbuat qarşısında keçirilən debatı 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin yekunlarına daha yaxşı qiymət verməyə və müəyyən nəticələr çıxarmağa imkan verir. 2020-ci ilin yanvar-fevral ayları ərzində baş vermiş qeyd edilən iki mühüm hadisə münaqişənin həlli istiqamətində real nəticələrin olmamasının əsas məsuliyyətinin özünün qeyri-konstruktiv mövqeyi ilə Ermənistanın hazırkı rəhbərliyinin üzərinə düşdüyünü açıq şəkildə göstərdi. Təəssüf ki, məhz bu səbəbdən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi verilmiş bütün vədlərə baxmayaraq münaqişənin həlli istiqamətində növbəti itirilmiş illərdən biri oldu.

Halbuki ötən ilin əvvəlində bir sıra beynəlxalq müşahidəçilər və ekspertlər Ermənistanda yeni hakimiyyətin münaqişənin həlli istiqamətində daha cəsarətli addımlar atacağı və yeniliklər gətirəcəyi ilə bağlı optimist qənaətlərini bölüşərək, Paşinyan hökumətinin münaqişənin həllində də “inqilab” edə biləcəyi ideyasına hamını inandırmağa çalışırdılar. Belə ki, Paşinyan hökumətinin təmsilçiləri 2019-cu ilin əvvəllərində müxtəlif tədbirlər və görüşlər zamanı Azərbaycanın və digər ölkələrin nümayəndələrinə Ermənistanda hakimiyyətin yeni olduğunu və münaqişəni dərindən öyrənmək üçün müəyyən zamana ehtiyac duyduğunu bildirirdilər. Müvafiq olaraq, Azərbaycan öz tərəfindən cəbhə xəttində sabitliyin qorunması üçün əlindən gələn bütün imkanlardan istifadə edərək, həmin yeni hakimiyyətə danışıqlar prosesinin detalları ilə yaxından tanış olmaq və Ermənistan cəmiyyətini sülhə hazırlamaq üçün imkan verdi. Əvəzində isə bir il keçəndən sonra baş nazir N.Paşinyanın münaqişənin həlli istiqamətində yeganə “inqilabi yeniliyi” problemi əslində daha da qəlizləşdirən və əsla yeni ideya olmayan “münaqişənin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının maraqlarına cavab verməlidir” şüarı oldu. Baş nazir Paşinyanın həmin ifadəni Münhendəki çıxışında da təkrarlaması və onu “inqilab” kimi təqdim etməyə çalışması əslində bu ifadənin məqsədinin yalnız xarici auditoriyanın rəğbətini qazanmaq və münaqişənin həllini dondurulmuş vəziyyətdə saxlamaq olduğunu göstərdi.

  

Bundan əlavə, 2019-cu il ərzində Paşinyan və hökumətinin digər üzvləri münaqişənin həlli yolları ilə bağlı mütəmadi şəkildə radikal bəyanatlarla çıxış etdilər. Paşinyan hökumətinin radikal və populist çıxışları beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmadı. 2019-cu ilin oktyabrında Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) proqramına müsahibəsi zamanı baş nazir Paşinyanın avqustun 5-də “Qarabağ Ermənistan”dır şüarı və onun beynəlxalq hüquqa zidd olması ilə bağlı suala cavab verə bilməyərək, böyük beynəlxalq auditoriya qarşısında rüsvay oldu. Həmin proqramda Zöhrab Mnatsakyanın “Qarabağ ermənilərin yaşadığı ərazidir” söyləməsi isə ermənilərin tənqidləri ilə üzləşdi. Bununla bağlı mətbuat nümayəndələri Müdafiə naziri Tonoyandan rəyini soruşduqda isə o, bu məsələyə qarışmaq istəmədiyini, Qarabağ münaqişəsinin həllini ancaq qələbə ilə təsəvvür etdiyini və Qarabağ məsələsinin artıq həll olunduğunu bildirdi.

Qeyd etdiyimiz kimi, Ermənistan rəsmiləri 2019-cu ildə müxtəlif sərt çıxışlar edərək, münaqişənin həlli prosesini daha da çətinləşdirdilər. Belə ki, Ermənistanın baş naziri N.Paşınyan ötən il çıxışlarının birində bildirdi ki, “Ermənistan hərbi qüvvələrini elə bir həddə çatdırmalıdır ki, potensial düşmənlər ermənilərlə müharibə aparmağın mənasız olduğunu anlasınlar və Ermənistan, beləliklə, qələbəni müharibəsiz əldə etsin”.

  

Ordunu aqressiv yöndə hazırlayan Müdafiə naziri D.Tonoyan ABŞ-da erməni icması qarşısında çıxışı zamanı “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını təqdim etdi. Qeyd edilməlidir ki, Ermənistanın Müdafiə naziri bu tezisi ötən il martın 29-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdən dərhal sonra səsləndirdi. Bu görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə liderinin ilk rəsmi görüşü idi. Görüşdən dərhal sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mətbuatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını gözləməyə çağırdı. Böyük ehtimalla, prezident İlham Əliyev artıq şərh verməməklə, hansısa milliyyətçi şərhçilərə əsas yaratmamağa, bununla da danışıqların nəticələrinə xələl gətirməməyə çalışdı. Paşinyan da özünün ilk şərhlərində təmkinli davranıb danışıqları “konstruktiv” və “məhsuldar” adlandıraraq, “hansısa inqilabi nəticələr olmadı” – deyə, əlavə etdi. Lakin növbəti gün Nyu-Yorkdakı erməni icması qarşısında Tonoyan bildirdi ki, “Ermənistan hərbi əməliyyatları düşmənin ərazisinə keçirə biləcək hücum birləşmələrinin və divizionlarının sayını artıracaqdır”. O, həmçinin vurğuladı ki, “heç bir güzəşt olmayacaq, (ancaq) kompromislər mümkündür”.

Yeni hakimiyyət nümayəndələri ilə ilk danışıqlara qarşı tərəfin bu cür reaksiyası bir neçə nəticəni çıxarmağa imkan verir.

Birincisi, Ermənistanda və erməni diasporunda münaqişənin həlli ilə bağlı radikal və maksimalist mövqeyin hakim olması və siyasətçilərin bu cür mövqeni nəinki dəyişdirməyə cəhd etməmələri, əksinə, öz şəxsi maraqlarına görə populist çıxışları ilə həmin radikal əhval-ruhiyyəni daha da alovlandırmağa cəhd etmələridir.

İkincisi, yeni hakimiyyət daxilində münaqişənin həlli yolları ilə bağlı hansısa aydın mövqeyin və strategiyanın olmaması şəraitində münaqişənin daxili siyasi ziddiyyətlərdə mübarizə vasitəsinə çevrilməsidir.

Təsadüfi deyil ki, elə həmin dövrdə eyni ritorika ilə qondarma “Dağlıq Qarabağ Respublikasının” “Xarici İşlər naziri” Masis Mailyan da çıxış etdi. Onun sözlərinə əsasən, Qarabağ erməniləri “Dağlıq Qarabağın ərazi bütövlüyünü bərpa etmək” niyyətindədirlər.

   

Ötən il baş nazir Paşinyan özünün ən məsuliyyətsiz və danışıqlar prosesinə ciddi zərbə vuran çıxşını işğal edilmiş Xankəndində avqustun 5-də etdi. O, bu çıxışında Qarabağın Ermənistanın bir parçası olduğunu (“Qarabağ Ermənistandır və nöqtə”) bəyan etdi. Ermənistanın baş naziri 1990-cı illərdən sonra açıq şəkildə “miatsum” yəni, Qarabağın Ermənistana “birləşdirilməsi” şüarını öz nitqində istifadə edən hökumət başçısı oldu. Məsələ burasındadır ki, 1990-cı illərin əvvəllərində Ermənistan Dağlıq Qarabağın və ətraf rayonların işğalı prosesinə “miatsum” hərəkatı ilə başlayıb həmin ərazilərin ilhaqı ideyasını irəli sürürdüsə, daha sonra bu məsələ ilə bağlı mövqeyini formal olaraq beynəlxalq ictimaiyyət üçün dəyişərək, xalqların öz müqəddəratını təyin etmək prinsipini önə çəkdi və Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etməyə başladı. Bunun səbəbi isə beynəlxalq münasibətlər sistemində xalqların öz müqəddəratını təyin etməsi prinsipinin daha çox rəğbətlə qarşılanması və məqbul hesab edilməsi idi. Bunun əksinə, başqa dövlətin ərazilərinin işğalına və təcavüzə isə mənfi münasibət mövcuddur.

Qeyd edilən siyasətin davamı kimi N.Paşinyan hakimiyyətə gəldikdən sonra ilk dövrdə Qarabağ erməniləri tərəfindən seçilmədiyinə görə, guya onların adından danışmaq hüququ olmamasını bəhanə gətirərək, beynəlxalq ictimaiyyətə qondarma rejimi danışıqlarda ayrıca tərəf kimi qəbul etdirməyə çalışırdı. Paşinyan bununla həm qondarma Dağlıq Qarabağ rejiminə beynəlxalq aləmdə legitimlik qazandırmağa, həm də “Qarabağı Azərbaycana təhvil verəcəyi” ilə bağlı ona qarşı sürülən ittihamların qarşısını almağa səy göstərirdi. Bu cəhdlərə cavab olaraq, 2019-cu ilin martında ATƏT danışıqlarda tərəflərin yalnız Azərbaycan və Ermənistandan ibarət olması barədə öz mövqeyini ortaya qoysa da, ermənilər həmin iddialarından əl çəkmədilər.

 

Məhz yuxarıda göstərilən məqamlara görə Paşinyanın avqustun 5-də Xankəndindəki bəyanatı Ermənistanın özündə də birmənalı qarşılanmandı. Ermənistanda ekspertlər səviyyəsində müzakirələr zamanı Paşinyanın çıxışı əslində sülh danışıqlarında ölkənin mövqeyinə zidd bəyanat kimi qiymətləndirildi. Bu bəyanata cavab olaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı zamanı çıxışında Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu göstərərək: “Qarabağ tarixən əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” – dedi. Bununla da prezident İlham Əliyev Ermənistana Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinin heç bir şəkildə dəyişməz olduğunu göstərdi.

2019-cu il avqustun 27-də Yerevanda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin toplantısında Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq, ölkənin xarici siyasətinin əsas istiqamətlərinə aydınlıq gətirməyə çalışdı. Mnatsakanyana görə, Ermənistanın hazırki xarici siyasəti üç ən vacib prinsip üzərində qurulur: suverenlik, panermənizm (Ermənistanı, Dağlıq Qarabağı və erməni diasporunu birləşdirən güc) və digər ölkələrlə əməkdaşlıq. O, eləcə də Azərbaycanın Ermənistana, “Qarabağa” və regiona təhdid olduğunu göstərdi. Mnatsakanyan Azərbaycanda “erməni fobiyası”nın mövcudluğunu da iddia edərək, bunun Qarabağ erməniləri tərəfindən təhdid kimi qəbul olunduğunu göstərdi. Həmin toplantıdakı çıxışında Paşinyan heç bir hüququ əsası olmayan “Azərbaycan SSRİ-dən necə ayrılıbsa, Qarabağ da Sovet Azərbaycanından elə ayrılıb” iddiasını irəli sürdü. Qeyd edək ki, baş nazir Paşinyan bu əsassız iddianı Münhen Təhlükəsizlik forumu çərçivəsində Azərbaycan prezidenti ilə debatında da səsləndirdi.

  

2019-cu il sentyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Nyu-Yorkda görüşü keçirildi. Danışıqlar zamanı tərəflər sülh prosesinə dair məsələləri müzakirə edərək, yaxın gələcəkdə daha bir görüşün təyin edilməsi haqqında razılığa gəldilər. Görüşdə girovların qaytarılması və təmas xəttində gərginliyin azaldılması məsələləri müzakirə edilsə də, münaqişənin fundamental həlli istiqamətində heç bir nəticə əldə edilmədi.

Qeyd edək ki, 2019-cu il ötən illərə nisbətən təmas xəttində itkilərin az olduğu illərdən sayılmaqdadır. Rəsmi rəqəmlərə əsasən 2019-cu ildə ümumilikdə erməni ordusunun itkisi 44 nəfər, 2018-ci ildə 65 nəfər, 2017-ci ildə isə 76 nəfər olmuşdu.

ABŞ-a səfəri zamanı Nikol Paşinyan verdiyi müsahibələrin birində sonralar tez-tez təkrarladığı münaqişənin həlli “Erməni xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının qarşılıqlı razılaşması ilə nəticələnməlidir” ifadəsini ortaya atdı. Paşinyan həmin müsahibəsində əlavə edərək bildirdi ki, o, keçmiş erməni rəsmiləri arasında Azərbaycan xalqının münaqişənin həllində rolunu nəzərə alan ilk erməni rəhbəridir. Eyni ifadələri Paşinyan BMT Baş Assambleyasının 74-cü sessiyasındakı nitqində də təkrarladı.

2019-cu ilin sentyabr və oktyabr aylarında Ermənistanda genişmiqyaslı “Silahlı qüvvələrin yerləşdirilməsi, düşmənin təcavüzünə qarşı mübarizə” adlı geniş strateji hərbi təlimlər həyata keçirildi. Rəsmi xəbərlərə əsasən, təlimlər üçün minlərlə ehtiyatda olan əsgər çağırılmış və silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Ermənistanın Müdafiə naziri David Tonoyan bildirmişdir ki, 12 gün davam bu təlimlər ölkənin tarixində ən genişmiqyaslı strateji hərbi təlimlər idi.

  

Ermənistan Müdafiə nazirliyinin yaydığı xəbərə görə, təlimlərin məqsədi hərbi nişan və döyüşdən istifadə planlarının praktik sınaqdan keçirilməsi, cəlb edilmiş qüvvə və mənbələrin təlimləndirilməsi, praktik təcrübəni hökumət və yerli özünüidarəetmə qurumlarına çatdırmaq və səfərbərlik potensialını nəzərdən keçirmək olmuşdur. Bundan başqa, cəlb edilmiş qüvvələrin, mənbələrin və səfərbərlik qurumlarının imkanlarının, komanda heyətlərinin hərəkətlərini uyğunlaşdırmaq istiqamətində hərbi komandanlıq dairələrinin və səfərbərlik mənbələrinin öyrənilməsi və aydınlaşdırılması nəzərdə tutulmuşdu.

Təlimlərin davam etdiyi vaxtda Ermənistanın Qarabağ Müharibəsinin veteranları “Yerkrapah” Birliyinin sədri Sasun Mikaelyan təkcə onun rəhbərlik etdiyi qurumdan 6500 nəfərin təlimlərə göndərildiyini və müharibə halında orduya 7000-ə yaxın nəfərin qoşulacağını qeyd etmişdi. Eyni zamanda qondarma “DQR hökuməti” onların da belə bir təlim keçirmək niyyətində olduqlarını bildirmişdi.

2019-cu oktyabr ayında Ermənistan silahlı qüvvələri sentyabr ayında başlanan hərbi təlimlər başa çatdıqdan sonra ikinci 40 günlük (20 oktyabrdan 30 noyabra qədər) genişmiqyaslı təlimlər təşkil etdilər. Bu zaman erməni jurnalistləri Ermənistanın Müdafiə naziri David Tonoyandan N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə münasibət bildirməyini xahiş edərkən, o, erməni diplomatların bu cür suallara məharətlə cavab verdiyini söylədi.

Ötən il Azərbaycan və Ermənistan arasında danışıqların getdiyi bir zamanda bu cür hərbi təlimlər, rəsmilərin müxtəlif təcavüzkar bəyanatları və ordunu yeni hücum silahları ilə təmin etmək istiqamətində fəaliyyətlər Paşinyan hökumətinin danışıqlar prosesində konstruktiv mövqedən çıxış etmək niyyətində olmadığının ən bariz göstəricilərindən biri oldu.

  

Beləliklə, keçən il ərzində Ermənistan və onun yeni rəhbərliyi Azərbaycanla münaqişədə hansısa güzəştlərə getməkdən və substantiv danışıqlardan imtina etmək siyasətini davam etdirdilər. Bununla yanaşı, Ermənistan substantiv məsələləri həll etmədən ən müxtəlif formalarda əməkdaşlığın genişləndirilməsi təklifləri ilə çıxış edərək, özünün sülhpərvər obrazını yaratmağa çalışdı. Başqa sözlə, ötən il Paşinyan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışdı. Eyni zamanda Paşinyan hökuməti cəbhə xəttində hansısa formada gərginliyin artmasını həm istəmir, həm də bundan çox çəkinir. Belə ki, böyük sosial-iqtisadi vədlər verərək hakimiyyətə gələn Paşinyan zaman keçdikcə onları həyata keçirə bilmədiyindən, yeganə uğur hekayəsi kimi cəbhə xəttində itkilərin kəskin şəkildə aşağı düşməsini göstərə bilir.

2020-ci ildə də Ermənistanın bu siyasəti davam etdirəcəyini deyə bilərik, çünki bütün reallıqlar Paşinyan hökumətini mövcud statusu qoruyub saxlamağa məcbur edir. Burada ilk növbədə Paşinyanın ötən müddət ərzində ölkədə hakimiyyəti tam konsolidasiya edə bilməməsi və hələ də mövqelərinin zəif olması fonunda “Qarabağ klanı”nın təzyiqləri rol oynamaqdadır.

Təəssüflə qeyd etməliyik ki, 2019-cu ildə də əvvəlki dövrlərdə olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri öz tərəflərində münaqişənin həlli istiqamətində təcavüzkar ölkənin işğal edilmiş əraziləri azad edilməsi üçün Yerevanı müvafiq addımlara sövq etmək üçün heç bir təsir mexanizmlərindən istifadə etmədilər. Əksinə bəzən həmin ölkələrin rəsmiləri öz çıxışlarında Yerevanın irəli sürdüyü əsassız iddialara birmənalı olmayan bəyanatları ilə dəstək verdilər. Buna misal olaraq 2019-cu ilin noyabrında Rusiya Xarici işlər naziri S. Lavrovun Yerevana səfəri zamanı “hər kəsə aydındır ki, Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan hansısa razılığa gəlmək mümkün olmayacaq” bildirdi. Təəssüf ki, bu bəyanat erməni mətbuatında Ermənistan baş nazirinin “münaqişənin həlli üç xalqın maraqlarına cavab verməlidir” formulasının başqa formada təkrarı kimi dəyərləndirildi. Doğrudur, Rusiya Xarici işlər nazirinin 2019-cu ilin dekabrında Azərbaycana səfəri zamanı “Dağlıq Qarabağ əhalisi” və “Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları” ifadəsinin işlətməsi Yerevanda verilən bəyanatdan sonra yaranan anlaşılmazlığı aradan qaldırdı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin də əvvəl göstərdiyi kimi “Dağlıq Qarabağ xalqı deyilən anlayış yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi anlayışı” vardır.

 

Fuad Çıraqov,

BMTM-in şöbə müdiri




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 22-02-2020, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma