Xəbər lenti

 

 

 

Koronavirusun İrandan Azərbaycana yayılma təhlükəsi ilə bağlı XİN də narahatedici bəyanat yayıb.

Ovqat.com xəbər verir ki, bəyanatda Azərbaycan vətəndaşları İrana səfər edərkən maksimum ehtiyatlı olmağa çağırılıb.

Məlumatda deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.

 

Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur".

 

 “Report”-un yaydığı məlumata görə, bu gün artıq həm Astara, həm də Biləsuvar gömrük keçid məntəqəsi bağlanıb.

Məlum olduğu kimi Azərbaycanın İrana 4 keçid məntəqəsi var. Onlardan digər ikisi isə Naxçıvanda yerləşir – Culfa və Şahtaxtı gömrük keçid məntəqəsi. Naxçıvan şəhər Gigeniya və Epidemiologiya  Mərkəzinin Baş həkimi Zeynəb Mustafayevanın bu gün NUHÇIXAN-a verdiyi açıqlamadan isə belə hiss olunurdu ki, Muxtar Respublika hələ də özünü bu təhlükədən sığortalanmış hiss edir: "Naxçıvanda koronovirusa yoluxma  ehtimalı  minimum  həddədir. Bütün növ yoluxucu xəstəliklərə  qarşı  lazımi profilaktik  tədbirlər  həyata keçirilir. Hava limanında, gömrük keçid məntəqələrində  nəzarət tədbirləri  daha da gücləndirilib. Koronovirusa muxtar respublika  ərazisində  hər hansı bir yoluxma faktı yoxdur".

Başqa sözlə desək, Muxtar Respublika gömrük keçid məntəqələrini bağlamayacaq, sadəcə nəzarət tədbirlərini daha da gücləndirərək vəziyyətdən çıxmağa çalışacaq.

Qeyd edək ki, koronavirusun yaradacağı təhlükə barədə Ovqat.com dəfələrlə məsələ qaldırılmış, bəzi nazirliklər tərəfindən çağırışımıza “Allaha təvəkkül” məntiqilə cavab verilmişdir. Belə görünür ki, Muxtar Respublika daAllaha təvəkkül” yolundadır.

Sevindirici haldır ki, XİN, nəhayət, problemin fərqinə vara bilmiş və xaricə gedən vətəndaşlarımızı ehtiyatlı olmağa çağırmışdı.

Xatırladaq ki, Azərbaycandan əvvəl İraq, Küveyt, Əfqanıstan və digər qonşu ölkələr İranla gediş-gəlişlərə məhdudiyyət gətirmişdir.

Konoravirusun nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün Ovqat.com-un bu araşdırmasını oxuyun.

12 sualda Koronavirus kabusu: Azərbaycan ÜST-ün elan etdiyi fövqəladə vəziyyətə uyurmu?

Bu linkdə isə koronavirusun İranda yaratdığı acınacaqlı vəziyyətlə tanış ola bilərsiniz.

Təhlükə qapımızda: İranda koronavirus epidemiyası - Dəhşətli video-görüntülər




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 23-02-2020, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma