Xəbər lenti

  

 

Azərbaycan uzun illərdir Avropa bazarlarına neft ixracı ilə məşğuldur. Hər şey planlaşdırıldığı kimi gedərsə, bu ilin ikinci yarısından biz Avropanın həm də təbii qaz təchizatçısına çevriləcəyik. Xəzər dənizindən hasil olunan “mavi yanacaq” və 6 ölkədən keçərək İtaliya sahillərinədək uzanan boru xətti hesabına ölkəmiz Avropanın qaz mənbələrinin şaxələndirilməsinə öz töhvəsini verəcək”.

Ovqat.com xəbər verir ki, prezident İlham Əliyevlə birlikdə İtaliyada rəsmi səfərdə olan Energetika naziri Pərviz Şahbazov belə deyib.

O, İtaliyanın “Il Sole 24 ORE”  qəzetinə müsahibəsində əsasən Avropa və Asiya bazarları, tədarük və nəql marşrutları haqda danışıb.

 Jurnalistin suallarını cavablandıran nazir qeyd edib ki, “Azərbaycan qazı üçün əsas bazar Avropadır və bu, belə də davam etməlidir”.

Müəllif müsahibənin təqdimat hissəsində vurğulayıb ki, son illərdə İtaliya ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlıq xeyli möhkəmlənib: “Bu kiçik, lakin strateji mövqeyə malik Qafqaz ölkəsi İtaliyanın xammal tədarükçüsünə hələ 2011-ci ildə – Liviyada vətəndaş müharibəsi başlayan zaman çevrilib. O, bu statusunu bu günədək qoruyur. Transadriatik qaz kəməri (TAP) tam gücü ilə işə düşdükdən sonra isə Azərbaycandan Appenin yarımadasına hər il 10 milyard kubmetr qaz nəql ediləcək.

Energetika naziri Pərviz Şahbazov bizə müsahibəsini Azərbaycan prezidenti İlham Əliyevin İtaliyada rəsmi səfərdə olduğu gün verib. Əliyev burada prezident Serco Mattarella ilə görüşüb. Nazir, prezident Mattarella kimi, “iki ölkə arasındakı münasibətlərin yüksək keyfiyyətini və intensivliyini xüsusi vurğulayır. Prezident görüşdə “TAP layihəsilə bağlı işlərin yekunlaşması, bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına dair öhdəliklərdən də danışıb. İlham Əliyev isə bunu yeddi ölkə arasında əməkdaşlığın rəzmi sayılacaq layihə” kimi qiymətləndirib”.

 

Bu geniş təqdimatdan sonra sonra jurnalistin nazirə ilk sualı belə olub:

- Cənab Şahbazov, dünyada kifayət qədər təbii qaz ixracatçısı var. Qiymətlər kifayət qədər aşağı, təklif isə çoxdur. Üstəlik, Avropada təbii qaza təlabat o qədər də yüksək deyil. Sizinsə hələ də toxunulmamış böyük qaz ehtiyatlarınız var. Planınız nədir?

- Bəli, bu, danılmaz bir faktdır ki, bazarda qaz olduqca çoxdur. Lakin biz mayeləşdirilmiş təbii qazdan deyil, sırf təbii qazdan danışırıqsa, məsələyə fərqli prizmadan yanaşmalıyıq. Təbii ki, ilk növbədə alıcı tapmalıyıq. Yalnız bundan sonra uzunmüddətli razılaşmalar haqda düşünmək olar. Qaz yataqlarımıza sərmayə qoymalı, oradakı ehtiyatları hasil etməli, prosesin sonuncu mərhələsi kimi isə, onu ixrac etməliyik. Bu bazarda vəziyyət fərqlidir. Müqavilələrin imzalanmasında məhz bu strategiyaya əsaslanırıq və belə də davam edəcəyik. Əlavə alıcılar tapılmayacaqsa, hasilat davam etdirilməyəcək. Hasilatla bağlı hədəflər əlbəttə ki, təlabata bağlıdır.

- Rusiya sizin çox mühim ticari və siyasi tərəfdaşınızdır. Avropanı qazla təchiz edəcək yeni dəhlizin açılması və buraya qaz nəqlinin təxminən 2 dəfə artırılması Moskva ilə münasibətlərinizə mənfi təsir göstərməyəcək ki?

- Bu məsələdə Rusiya ilə hər hansı rəqabət görmürəm. Birincisi, biz əvvəlcədən planlaşdırdığımız təbii qazın satışının müəyyən hissəsini artıq həyata keçirmişik. Bundan başqa, Azərbaycan qazının böyük hissəsi Rusiyanın hələ ki, qaz ixrac etmədiyi cənubi İtaliyaya nəql olunacaq. Rusiya Avropa bazarına ildə 180 milyard kubmetrdən çox “mavi yanacaq” tədarük edir. Bizim satışımız bu göstəricidən 10 dəfə az olacaq. Demək, rəqabətdən söhbət belə, gedə bilməz. Əksinə, bizim Moskva ilə enerji sahəsində bir çox əməkdaşlıq müqaviləmiz var.

- Keçək xam neft məsələsinə. Bu sahədə hasilatınız getdikcə azalır. Bəs bununla bağlı hansı planlarınız var?

 

- Biz yanvar ayı ərzində günə 770 min barel neft hasil etmişik. Bu, 10 il əvvəllə müqayisədə təbii ki, azdır. Lakin indi biz yeni, qısamüddətli perspektiv müəyyənləşdirmişik. Məsələn, növbəti üç il üçün hasilatın 2020-ci ildə 36,5 milyon, 2021-ci ildə 38 milyon, 2022-ci ildə 39 milyon tonadək artacağını gözləyirik. Son araşdırmalar nəticəsində yeni yataqlar aşkarlamışıq. Ümid edirik ki, onların bəziləri bu il BP ilə SOCAR tərəfindən öyrəniləcək.

Sonrakı işlər neftin qiymətindəki tendensiyadan asılı olacaq. Fikrimi konkretləşdirsəm, neft bazarında qiymətlərin sabitliyinə fokuslanmaq hər zaman daha yaxşı nəticə verir. Bu, həm idxalçılar, həm də ixracatçılar üçün olduqca vacib amildir.

- İki il öncə OPEC-ə üzvlük məsələsini istisna etmişdiniz. Bununla yanaşı, OPEC ölkələrilə qurumda yer almayan ölkələr arasında hasilatın azaldılmasını təmin edən razılaşmanın əldə olunmasında əsas fiqurlardan biri məhz siz idiniz…

- Bəli, həmin razılaşmadan sonra gündəlik hasilat həcmimiz 27 min barel azalıb. Lakin hər zaman da dediyimiz kimi, əsas məqsəd bazarda sabitliyin təminidir. 2016-cı ildə Davos Forumu zamanı OPEC-ə üzv ölkələrlə üzv olmayan ixracatçıların fəaliyyətlərini əlaqələndirmələri üçün bir araya gəlmələrini məhz Azərbaycan prezidenti təklif etmişdi. Artıq 2017-ci ildə “OPEC+” sazişi imzalandı və onun ən fəal iştirakçılarından biri də məhz Azərbaycandır. Ötən 4 il ərzində hasilatın azaldılması ilə qiymətlərin sabit saxlanılması işinin effektivliyi sübuta yetirilib.

 

- Bəs bərpa olunan enerjinin inkişafında maraqlısınızmı?

- Ölkə başçısı bərpa olunan enerji hasilatının inkişafını prioritet elan edib. Bu gün bu hədəfə nail olmaq üçün qiymətlər də əvvəlki dövrlərlə müqayisədə daha uyğundur. Azərbaycan parlamenti bərpaolunan mənbələr haqqında qanun qəbul etməyə hazırlaşır. Bu yaxınlarda ilk tender də keçirilib. Tenderdə 9 xarici şirkət iştirak edib. Sonda Səudiyyə Ərəbistanı və BƏƏ-yə məxsus iki şirkət külək və günəş enerjisi üzrə 400 milyon dollarlıq iki layihə udub. Maraqlıdır ki, bu ölkələrin hər ikisi ən böyük xam neft ixracatçılası arasında yer alır. Buna baxmayaraq, onlar bərpa olunan enerjinin əhəmiyyətini dərk edir və bu sahəyə böyük investisiyalar yatırır.

- Bu sahədə əsas hədəfiniz nədir?

- 2030-cu ilədək elektrik enerjisi istehsalının 30% -ni bərpaolunan enerji hesabına təmin etməyi hədəfləyirik. Bunun 17% -i hidroelektrik, yerdə qalan hissəsi günəş, külək, geotermal və biokütlə enerjisi hesabına təmin olunmalıdır. Yeri gəlmişkən, biz bu layihələrə Avropa, o cümlədən, italyan şirkətlərinin cəlb edilməsində maraqlıyıq. Yaxın günlərdə biznes forumda bu məsələni də qaldıracağıq.

Hesab edirəm ki, neft-qaz ixracatçısı olan ölkənin bərpaolunan enerji mənbələrinə yönəlməsi qətiyyən paradoksal görünməməlidir. Ölkəmizdə əhalinin sayı durmadan artır, urbanizasiya gedir. Demək, ildən-ilə elektrik enerjisi sərfiyyatı da çoxalır.




Ana səhifəyə qayıt        Baxış: 1 967          Tarix: 24-02-2020, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma