İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası tanınmış iqtisadçı Qubad İbadoğlunun qızı Jalə Bayramovaya qarşı açılmış cinayət işinə etiraz bəyanatı verib.
Bəyanatı Ovqat.com oxucularının diqqətinə çatdırırıq:
Azərbaycan Respublikası Milli Məclisinə 9 fevral növbədənkənar seçkilərı günü Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 76 saylı Dairə Seçki Komissiyasının (DSK) 16 saylı məntəqəsində komissiyanın məşvərətçi səs hüquqlu üzvü kimi müşahidə aparan, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 4-cü kurs tələbəsi, İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının üzvü, tanınmış İqtisadçı Qubad İbadoğlunun qızı Jalə Bayramova Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən seçki məntəqəsində fiziki zorakılığa məruz qalmışdır. Seçki məntəqəsinə aidiyyatı olmayan, yəni nə seçici, nə komissiya üzvü, nə də müşahidəçi statusu daşıyan Kərimova Azadə tərəfindən həyata keçirilən təcavüz nəticəsində Jalə Bayramova fiziki xəsarətlər və mənəvi zərbə almışdır.
Təəssüf ki, baş verənlərlə əlaqədar J. Bayramovanın zərərçəkən qismində hüquq-mühafizə orqanlarına müraciətinə ədalətli hüquqi qiymət verilməsi gözləntiləri özünü doğrultmadı. Əksinə, Jalə Bayramovanın məruz qaldığı zorakılıq faktını bariz şəkildə əks elətdirən videogörüntülərə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Jalə Bayramovanın cəzalandırılacağını bəyan etdi ki, bu da cəmiyyətdə, xüsusilə də, vətəndaş cəmiyyətinin fəal kəsimində təəccüb və xüsusi hiddət doğurdu.
MSK sədrinin diqqətinə çatdırmaq istərdik ki, seçki bir ictimai-siyasi prosesdir, bu prosesdə heç bir vizual qeyd (videoçəkiliş) üçün icazə alınmır. Seçki Məcəlləsinin 41-ci maddəsinin (müşahidə aparılmasının prinsipləri) 41.1-ci bəndinin (müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır) 41.1.2-ci (müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır) və 41.1.4-cü alt bəndinə (müşahidənin yekunları faktlara əsaslanmalıdır) görə, seçki prosesində (məntəqədaxili və xarici, dairədaxili və xarici) effektiv müşahidə məsafəsindən videomüşahidə aparıla bilər. Jalə Bayramova Seçki Məcəlləsinin 41.1.4-cü maddənin tələbi - faktlar təmin edilməsi məqsədilə videoçəkiliş apara bilərdi. Digər tərəfdən, hadisənin ictimailəşən görüntülərindən aydın görünür ki, döyülərək xəsarət alan hüquqlarından istifadə etməklə öz vəzifəsini yerinə yetirən Jalə Bayramovadır və bu əməli tördən də seçki məntəqəsinə bacısının yerinə səs verməyə gəldiyini bəyan etməklə Seçki qanunvericiliyinin tələblərini pozduğunu, bununla da qanunsuz əməlini etiraf edən Azadə Kərimovadır.
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Jalə Bayramovaya qarşı videoqeydlərlə təsdiq edilən zorakılıq faktı üzrə Azadə Kərimovaya qarşı CM-nin 160 və 315-ci maddələri ilə cinayət təqibinin başlanmasını tələb edir, MSK sədri M. Pənahovun cinayət əməli törədənə deyil, zərərçəkənə qarşı cinayət işinin açılması haqqında bəyanatını ədalətsiz və qərəzli, ölkə qanunlarına və vətəndaşlarına qarşı açıq hörmətsizlik və sayğısızlıq kimi qiymətləndirir. Koalisiya,bhəmçinin, hesab edir ki, öz vətəndaş mövqeyini ifadə edərkən Jalə Bayramovaya qarşı törədilən bu qanunsuzluq və özbaşınalıq onun atası, İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının üzvü, tanınmış iqtisadçı Quabad İbadoğlunun ictimai fəaliyyəti və sərgilədiyi prinsipial mövqeyi ilə birbaşa bağlıdır.
Bütün bunları nəzərə alaraq Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Azərbaycan hakimiyyətindən bu hadisənin hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasını, baş vermiş hadisəyə qanunun aliliyi təmin edilməklə hüquqi qiymət verilməsini tələb edir.
24 fevral 2020
Paylaş: