Xəbər lenti

  

 

 

 “Caspian Week, qlobal ideyalar” platforması İsveçrənin Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumu çərçivəsində 2017-ci ildən təşkil olunan konfransdır. Builki toplantıda dünyanın 20-dən çox ölkəsindən gəlmiş 3 min ekspert, siyasi xadim 1 həftə ərzində dünya iqtisadiyyatının vacib hissəsi hesab edilən Xəzər regionu ilə bağlı məsələləri müzakirə ediblər. Qlobal ideyalar platforması olan tədbirin məqsədi böyük Xəzər regionu sakinlərinin və iqtisadiyyatının dəstəklənməsi idi.

 

Böyük Xəzər regionu – mədəniyyətlərin və sivilizasiyaların görüşdüyü məkan

Qədim sivilizasiyalara malik Xəzər regionu Xəzər dənizi hövzəsində yerləşən beş sahilyanı ölkədən ibarətdir – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya Federasiyası. Lakin Böyük Xəzər regionu bu beş ölkədən daha böyük ərazini – Qara dənizdən Çinədək – o cümlədən Əfqanıstan, Pakistan, Türkiyə və s. əhatə edir. Bölgənin əhatə etdiyi 10 ölkənin ümumi ərazisi 5 milyon kvadrat kilometr, əhalisi isə 500 milyon nəfərdir.

Böyük Xəzər regionunun dünya iqtisadiyyatının inkişafında həlledici mərkəzlərindən olduğunu vurğulayan “Xəzər həftəsi”nin təşkilat komitəsinin sədri Murat Seytnepesov deyib: “Bu regionun iqtisadi əhəmiyyəti çox böyükdür. Düşünürük ki, bölgənin həm iqtisadi, həm də digər sahələrdə böyük potensialı var”.

İsveçrə Senatının sabiq sədri Filippo Lombardinin fikrincə, Davos İqtisadi Forumunda Xəzər regionu ilə bağlı müzakirələrin aparılması çox vacibdir. “Davos bir çox nəhəng dövlətin görüş yeridir. Odur ki, burada Xəzər regionunun da təmsil olunması çox əhəmiyyətlidir”, - deyə o, bildirib. Lombardi bu platformanın Böyük İpək Yolu layihəsinin həyata keçirilməsindəki əhəmiyyətini də qeyd edib: “Bu layihə yalnız iqtisadi maraqlardan irəli gəlmir. Onun reallaşması həm də mədəni müxtəlifliyi gücləndirir”.

 

Asiya ilə Avropanın yaxınlaşmasında Transqafqaz nəqliyyat dəhlizlərinin rolu

Forumda qlobal dəyişikliklər fonunda bölgədəki nəqliyyat dəhlizlərinin əhəmiyyəti də geniş müzakirə olunub. Sabiq amerikalı diplomat Metyu Brayza da bu haqda danışıb: “Xəzər dənizi vasitəsilə dəhlizlərin genişləndirilməsi region üçün böyük əhəmiyyətə malikdir”.

Yeri gəlmişkən, Azərbaycan hər zaman Avropa ilə Asiya arasında İpək Yolunun əsas iştirakçısı olub. “Azərbaycandan və Gürcüstandan keçən dəhlizlər malların dünya bazarına, eyni zamanda, dünyanın müxtəlif hissələrindən Xəzər regionuna daşınması üçün əsas dəhlizlərdir”, - deyə təşkilatçı Murat Seytnepesov qeyd edib.

Azərbaycan qədim İpək Yolunun bərpasındakı rolu ilə bu gün də müxtəlif ölkələr arasında əlaqələrin inkişafına, yaxınlaşmaya yardım edir. Beləliklə, bu ölkə malların – həm neft, həm də qeyri-neft məhsullarının bütün istiqamətlər üzrə ixracına yol açır”. Bu sözlərisə “Tony Blair Associated”in sabiq tərəfdaşı “A+A Kazakhstan”ın məsləhətçisi Andreas Baumqartner söyləyib.

  

Bu il qaz kəməri layihələri də diqqət mərkəzində olub. “Damnus Energy and Investment Company” şirkətinin İdarə Heyətinin sədri Nüsrət Comart bizimlə söhbətində Avropanın davamlı enerji təchizatı üçün Transxəzər qaz kəməri layihəsinin önəmindən danışıb. O, ABŞ və Rusiya nümayəndələrilə bu layihə ilə bağlı geniş müzakirələr apardıqlarını bildirib. Ekspertin fikrincə, regionun ən böyük müvəffəqiyyəti “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan Transanadolu qaz boru kəməri (TANAP) layihəsidir. Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan qaz 2019-cu ilin iyulundan bu kəmərlə Avropaya nəql edilir. Uzunluğu 1850 kilometr olan kəmər Türkiyənin Ərdəhan vilayətinin Posof rayonundan başlayaraq, 20 əyalət, 67 rayon və 600 kənddən keçməklə, Ədirnənin İpsala qəsəbəsinə – Yunanıstan sərhədinədək uzanır.

Cənub Qaz Dəhlizi” layihəsi Cənubi Qafqaz Boru Kəməri, Transadriatik qaz xətti (TAP) və TANAP-dan ibarətdir. Layihənin təməli 2017-ci ilin martında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC 58%, “Botaş” 30%, BP 12%.

 

Regiondakı digər belə dəhliz Lapis-Lazuli marşrutudur. Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Məstur layihənin uğurlu olduğu qənaətindədir. Onun istifadəyə verilməsilə Əfqanıstan ərazisindən daşımalar iki dəfə artıb. Türkiyəni Əfqanıstanla birləşdirən bu nəqliyyat dəhlizinin yaradılması üzrə razılıq 2017-ci il noyabrın 15-də əldə edilib. O, Əfqanıstan, Türkiyə, Azərbaycan, Gürcüstan və Türkmənistan arasında 5 il davam etmiş danışıqların nəticəsidir. Razılaşma gömrük prosedurlarının uyğunlaşdırılmasını və bu beş ölkə arasında ticarətə mənfi təsir göstərən logistik baryerlərin aradan qaldırılmasını nəzərdə tutur. Əsasən Əfqanıstanda rast gəlinən yarımqiymətli mavi daşın şərəfinə adlandırılmış Lapis-Lazuli bu ölkənin Türkmənistanla sərhədinin yaxınlığında yerləşən Akina stansiyasından başlayır və Türkiyənin İstanbul şəhərinə, yəni Avropanın giriş qapısınadək uzanır. Bu dəhlizlə yüklər Türkmənistan ərazisini keçdikdən sonra Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılır, buradan isə dəmir yolu ilə daşınır.

 

Azərbaycan – regionun rəqəmsal mərkəzi

“Caspian Week” forumunun məqsədi Xəzər regionu ilə dünya arasında əlaqələrin inkişafı, bölgədə mədəni, siyasi, ticari və elmi əlaqələrin yaxşılaşdırılması, texnoloji yeniliklərin tətbiqinə dair müzakirələrin aparılması idi. Forum çərçivəsində “AzerTelecom”-un təşəbbüsü ilə reallaşdırılan layihənin təqdimatı da baş tutub. Layihənin məqsədi Azərbaycanı tranzit marşrutuna, həmçinin Avropa ilə Asiya arasında internet əlaqəsinin mərkəzi ölkəsinə çevirməkdir. Bu istiqamətdə əsas layihələrdən biri Transxəzər Fiber-Optik Kabel Xəttidir. Bu layihənin reallaşdırılması üçün iki istiqamət təklif edilib – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan.

Azərbaycan vasitəsilə tranzit

Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibilə çəkilməli olan fiber-optik xətt Asiya ilə Avropanı birləşdirəcək. Bununla da Azərbaycan Çin və Çinətrafı ölkələrin internetlə təchizatında tranzit rolu oynayacaq. Hazırda belə marşrutlardan biri Rusiyadan keçir və onun uzunluğu 11 min kilometrdən çoxdur. İkinci xətt Çini okean vasitəsilə Avropanın əsasən Frankfurt, London, Amsterdam, Sofiya və s. şəhərlərində yerləşən müxtəlif məlumat mərkəzlərilə birləşdirir.

 

AzerTelecom”un baş direktoru Fuad Allahverdiyevin sözlərinə görə, Azərbaycandan keçəcək xəttin uzunluğu 9 min kilometr olacaq. Bu, onun digərlərindən qısa və rentabelli olacağı deməkdir.

Azərbaycan və Türkmənistandan keçməsi nəzərdə tutulan ikinci xətt Hindistan və qonşularının tələbatını ödəməlidir. “AzerTelecom”un baş direktorunun fikrincə, bu layihənin həyata keçirilməsi Azərbaycan, həmçinin region ölkələri iqtisadiyyatlarına fayda verəcək. “Bu gün biz Dördüncü Sənaye İnqilabını yaşayırıq və yeni iqtisadiyyatda səmərəlilik, effektivlik rəqəmsal həllərin inkişafından asılıdır. İnfrastruktur layihələri də çox önəmlidir. Layihənin növbəti mərhələsi Azərbaycanda məlumat mərkəzlərinin və “Google”, “Amazon”, “Facebook”, “Alibaba” kimi tədarükçülərin ofislərinin yaradılmasını nəzərdə tutur”, - deyə o, qeyd edib.

Beləliklə, Azərbaycan təkcə tranzit ölkə deyil, həm də internet ixracatçısı olacaq. Bütün bunlar Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirməyi hədəfləyən “Digital Hub” layihəsi çərçivəsində həyata keçirilir. 

 

Region ölkələri arasında əməkdaşlıq

Əfqanıstan Mərkəzi və Cənubi Asiyanı birləşdirən əsas ölkədir. Tədbirin təşkilatçı hesab edir ki, Əfqanıstanda sabitlik olmazsa, ümumilikdə regionda sabitlik mümkün deyil. Məhz bu səbəbdən, Əfqanıstanda sülh və sabitlik məsələsi builki “Caspian Week”də geniş müzakirə edilib. “Biz İsveçrənin Cenevrə şəhərində daimi təsisat – beyin mərkəzinin yaradılması ilə bağlı razılıq əldə etdik. Bu mərkəzdə ekspertlər Əfqanıstanda sülhün bərqərar olması üçün öz tövsiyələrini verəcək, bu işə töhfə verməyə çalışacaq”, - deyə Murat Seytnepesov bildirib.

“Eurusian Strategicin baş direktoru Vladimir Kotenev isə qeyd edib ki, bu platforma Əfqanıstan hökumətinə, parlamentinə, iş adamlarına region dövlətlərinə, Avropaya, hətta bütün dünyaya müraciət etmək, narahatlıqlarını onlara çatdırmaq imkanı verir: “Hamını dinlədik. 30 ildir diplomatiya və xarici siyasətlə məşğulam. Mən də öz tövsiyələrimi verməyə çalışdım. Fikrimcə, onlar regionun təhlükəsizliyi, Əfqanıstanda sabitlik üçün əhəmiyyətli ola bilər”.

 

Tədbirdə Əfqanıstan və Özbəkistan hökumətlərinin yüksək rütbəli nümayəndələrilə yanaşı, Gürcüstanın baş naziri də iştirak edib. “Gürcüstan əlverişli coğrafi mövqeyə malikdir. Hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır”, - deyə baş nazir Georgi Qaxariya bildirib. O, bölgədə mövcud əlaqələrdən də danışıb: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq çox vacibdir. Bu gün burada olduğum, həmçinin ölkəmin məhz bu bölgədə yerləşdiyi üçün fəxr edirəm”.

Vüsalə Əliyeva

“Eurolatio”, Fransa




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 25-02-2020, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma