Xəbər lenti
Dünən, 19:25

 

Tehranda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş sərgi keçirilir.

Ovqat.com İranın Azərbaycan legionerlərinə məxsus informasiya portalı Qafqaz.ir-ə istinadən xəbər verir ki, fervalın 24-də açılan sərgi martın 2-nə qədər davam edəcək.

Bildirildiyinə görə, İranın tanınmış siyasi, ictimai və dini xadimləri Xocalı sərgisini ziyarət ediblər.

“Onların arasında höccәtul-islam Pәnahiyan, ölkәdә tanınmış siyasi şәxsiyyәt doktor Yasir Cәbraili, Sepahın "İnkişaf vә abadlıq qәrargahı"nın komandiri doktor Nemәti, İranın Milli Mәclisinin nümayәndәsi  doktor Zakani, ölkәnin tanınmış natiqlәrindәn olan Hacı Qasimiyan, "Xobreqan Mәclisi"nın Zәncandakı nümayәndәsi Hacı Әbulqasimi, "Xatәmul-Әvsiya" qәrargahının beynәlxalq şöbәsinin mәsulu Hacı Adili kimi şәxsiyyәtlәr dә var.

Qeyd edәk ki, sәrgi mart ayının 3-ә kimi davam edәcәk.

 

Sәrgiyә Azәrbaycan Respublikasının İrandakı sәfiri dә rәsmi olaraq dәvәt olunub. Ümid edirik ki, cәnab sәfir Xocalı şәhidlәrinә hörmәt әlamәti olaraq bu sәrgini ziyarәt edәcәk”, Qafqaz.ir belə yazır.

Portal daha sonra Azərbaycan mətbu orqanlarının tədbirə biganə yanaşmalarından gileylənərək yazır: “Niyə Azərbaycan saytları və TV kanalları bunu işıqlandırmırlar?”

Doğrusu, bu sualın cavabı o qədər aydındır ki, onun bilgi yetərsizliyindən doğduğunu, yoxsa ritorik xarakter daşıdığını müəyyənləşdirmək asan deyil. Əgər həqiqətən də legionerlər səbəbi anlamaqda çətinlik çəkirlərsə, biz onların cavabını axtardıqları  “müəmmaya” aydınlıq gətirmək istəyirik.

Fikrimizcə, Azərbaycan mətbuatının bu “laqeydliyinin” iki səbəbi ola bilər. Bunlardan biri  həmin tədbir barədə informasiyasızlıqdır. İrandakı Azərbaycan legionerləri ilk növbədə gərək keçirəcəkləri tədbir barədə media orqanlarımızı xəbərdar edəydilər ki, onlardan arzuladıqları diqqəti də görəydilər. Zira hansısa hadisədən məlumatı olmayan bir jurnalist onun xəbərini necə yazsın?

 

Belə görünür ki, legionerlər sərgi barədə media qurumlarımızı yetərincə məlumatlandıra bilməyiblər. Yəqin, özlərini media qurumlarından təcrid, fəaliyyətlərini isə İrana “ayı xidməti”nə həsr edən, Azərbaycanın dövlət maraqlarını tapdalayan bu adamların ölkəmizdə üz tutacaqları ünvan yoxdur. Bu da nəticə etibarilə özlərinə zərər vurur, marjinallaşmalarına yol açır. Halbuki, İranın müxtəlif ali məktəblərində təhsil alan Tohidlər, Orxanlar, Musalar və s. kimi insanlar fəaliyyətlərini iki dövlət arasında dostluq münasibətlərinin inkişafına sərf etsəydilər, bundan həm özləri, həm də iki qonşu və qardaş dövlət faydalanardılar.

Legionerlər isə tamamilə başqa xətt tutduqlarından indi doğma vətənlə ünsiyyət problemləri yaşayır və getdikcə tənhalaşırlar. Tənhalaşdıqca da təsir dairələri də daralır və xidmət etdikləri yeni “Vətən”lərinin də gözündən düşür, faydasız nəsnəyə çevrilirlər. Əslində onların Azərbaycan mətbuatının legioner tədbirlərinə biganəlikdən gileylənməsi də bu marjinallaşmanın etirafıdır.

 

O da istisna edilmir ki, legionerlərin özləri ölkəmizdəki medianı qəsdən məlumatlandırmayıblar. Məqsəd bizləri Qarabağ dərdinə biganə yanaşmaqda ittiham etmək olub və bu gün həmin məkrli təbliğatlarını aparırlar. Halbuki, ya siyasi rejimin basqıları, ya da sonradan ortaya çıxan qohumlar, dostlar, məhəllə uşaqları səbəbindən Azərbaycan jurnalistikası ciddi mövzu qıtlığı çəkir və qələmini sınamağa bu cür süni “vətənpərvərlik” fışqıran tədbirlər axtarırlar. Qısası, adi bir yarpaq titrəməsində sensasiya axtaran Azərbaycan mediası İranda keçirilən sərgiyə qətiyyən seyrçi qalmazdı, əgər zamanında və yetərli səviyyədə məlumatlandırılsaydı.

 

Laqeydliyin ikinci mühüm səbəbi legionerlərin adətən bu cür tədbirləri dövlətçiliyimizə qarşı məkrli siyasətləri həyata keçirmək niyyətilə düzənləmələridir. Biz bunun ən bariz örnəyini Azərbaycan xalqının 30 ildir milli matəm kimi qeyd etdiyi 20 Yanvarın ildönümü ərəfəsində gördük. Ərdəbil imam-cüməsi ayətullah Amili müəllim ortaya çıxıb 19 yanvarı Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə faktiki olaraq xalqımıza yas günündə toy hədiyyəsi göndərdi. İrandan çox Rusiyanın maraqlarına qulluq edən bu hədiyyəyə ən ciddi etirazı Tohidlərdən, Musalardan, Orxanlardan və son zamanlar özünü təbliğat piştaxtasına çıxaran Əkrəm Hacızadələrdən gözlədiyimiz halda, biz onları əks səngərdə gördük. Halbuki, 20 Yanvarda və ya Qarabağda, yəqin ki, onların da yaxınlarından, dost-tanışlarından, qohum-əqrəbalarından öldürülən vardı. Hətta olmasa belə, bu ölkənin ümumi maraqlarını qorumaq kimliyindən asılı olmayaraq hər birimizin vəzifəsidir. Bu vəzifəni yerinə yetirməmək azmış kimi, bir də əks səngərdə dayanmağın isə bircə adı var -... Biz bu adı yazıb ürək bulandırmaq istəmirik və yəqin ki, legionerlər də qəlblərində bunun vicdan ağrılarını hiss edirlər. Dilləri başqa söz desə də. Və bu halları ilə onlar vaxtilə Kərbəlaya gedən İmam Hüseynin yolda rastlaşdığı bir dostunun ona kufəlilər üçün söylədiyi məşhur ifadəni yada salırlar: “Ya İmam, Kufəyə getmə, onların dili səninlə, qılıncı Yezidlədir”.  

 

Şəkildə: İranın "3 muşketyoru": Tohid İbrahimbəyli, Orxan Məmmədov və Musa Əsədzadə


Bu günlərdə  Tehranda keçirilən Xocalı soyqırımının ildönümü də bu cür məkrlərdən münəzzəh deyil. Sərgi Azərbaycanda baş vermis bəşəri bir faciəyə həsr olunub. Tədbirin heç bir yerində isə Azərbaycanın dövlət artibutlarına rast gəlmək mümkün deyil. Əksinə, bəzi foto-şəkillərdə hətta İranın rəmzləri gözə çarpır. Xomeyni, Xamenei və adını bilmədiyimiz bir ayətullahın portretinin asıldığı bu sütunlar kimi.

 

Bəzi şəkillərdə isə İranın SEPAH korpsunun müxtəlif ölkələrdə keçirdiyi hərbi əməliyyatların təsviri var. Legionerlər sanki bu şəkilləri ardıcıl düzərək qonaqlara “İranın tabeliyinə girməyənin, onun hərbi yardımını qəbul etməyənin taleyi Xocalı faciəsi kimi olar” mesajı vermək istəyirlər. Halbuki, Azərbaycan İrana bel bağlamağın ağır nəticələrini həm şəxsən öz dərisində, həm də gözü çıxmış İraq qardaşlarının timsalında görüb və dənizin duzlu olduğunu anlamaq üçün dəfələrlə onun suyunun dadına baxmağı ağılsızlıq hesab edir.

 Söhbət ondan gedir ki, 1992-ci ilin 8 may tarixində Tehranda İran başçısının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdılar. Sazişin mürəkkəbi qurumamış Şuşanın ermənilər tərəfindən işğal olunduğu xəbəri gəldi və Azərbaycanın ozamanki başçısı Yaqub Məmmədov İrandan suyu süzülə-süzülə ölkəmizə qayıtmışdı.

 

İstər o dövrdə, istərsə də indi bütün ekspertlər Şuşanın işğalının Rusiya hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil edildiyini və məqsədin  Azərbaycanı İranın təsir dairəsinə girməsinin qarşısının alınması olduğunu bildirirlər. Təsadüfi deyildi ki, işğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçiləri eyhamlı cümlələrlə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. Həmin dövrlərdə vasitəçilik missiyasını üzərinə götürən İran isə susdu. Və onun Azərbaycan məsələsinə qarışmaq cəhdi Qarabağın alınmaz qalası hesab olunan Şuşanın tamamilə itirilməsi ilə nəticələndi. Bütün bunlardan sonra İranın hələ də Şuşa rəzalətindən ibrət dərsi almaması, boş xülyalarını ovcundakı bir neçə legionerin diliylə davam etdirməsi təəccüb doğurmaya bilməz.  

 

Üstəlik, bu gün İraqda yaşananlar torpaq bütünlüyü uğrunda mübarizədə kiminsə yardımına bel bağlayanların ərazisinin 20%-ni geri qaytarmaq arzusunun tamamilə işğalla nəticələndiyini bir daha gözlər önünə sərir. Necə ki, İraq İŞİD bəlasından qurtulduğu halda İran işğalından xilas ola bilmir. Yəqin ki, bu işğaldan ya ümumiyyətlə qurtulmayacaq və İranın bir parçasına çevriləcək, ya da İŞİD-lə mübarizədəkindən daha çox qurban verməklə öz torpaqları üzərində dövlət suverenliyini bərpa edə biləcək.  

Azərbaycan ictimaiyyətinin bunun fərqində ola-ola İranın tələsinə düşməyəcəyi gün kimi aydındır. Odur ki, azərbaycanlı legionerləri özlərini çox yormasınlar və qabiliyyətlərini faydalılıq əmsalı yüksək olan fəaliyyətlərə həsr etsinlər. Yuxarıda da qeyd etdiyimiz kimi, bundan təkcə biz yox, bütün tərəflər, o cümlədən İranın azərbaycanlı legionerləri də yararlana bilərlər.

 

Sonda Azərbaycan XİN-nə zəruri bir iradımızı bildirmək istəyirik. Xocalı Azərbaycan dövlətinin rəsmi matəm günlərindəndir. Rəsmi bir günün İranda bu cür təqdimatla anılmasına niyə laqeyd qalırıq? Niyə rəsmi riçaqları işə salıb qonşu və qardaş İrana xatırlatmırıq ki, biz də sizin kimi dövlətik və hər ikimizin həssas hüceyrələri var. Niyə Azərbaycan dövlətinin bu həssasiyyətləri İranın Bakıdakı səfirliyinə çatdırılmır? Bütün problemlər əgər nazirliyin Azərbaycan dilində yaxşı anlamayan rəhbərinin ümummilli məsələlərə yadlığından və yuxuya düşkünlüyündən irəli gəlirsə, bəs dövlət rəhbərlərimiz niyə onu bacardığı işin dalınca göndərmir, ölkənin ən ağır və məsuliyyət tələb edən nazirliyini bu adamın çiyninə yükləyib yuxusuna haram qatır? Axı rəsmi konfranslarda belə mərdimazar mürgüsünü gözlərindən qova bilməyən Elmar Məmmədyarovun da ürəyi istədiyi kimi yorğan-döşəkdə yatmaq hüququ var.

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 484          Tarix: 27-02-2020, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma