Xəbər lenti

 

Müxtəlif dövlətlərin liderlərini gözlətmək Putinin köhnə şakəri imiş.

Ovqat.com xəbər verir ki, Rusiya prezidentinin Roma Papasından tutmuş Almaniyanın Baş naziri Angelə Merkelə, ABŞ prezidenti Trampa qədər ən müxtəlif dövlət liderlərini gözlətməklə danışıqlar öncəsi psixoloji üstünlük qazanmaqdan xoşlandığı ortaya çıxıb.

Türkiyə prezidenti isə onun ən az qapısında gözlətdiyi adamdır. Üstəlik, bu intizarda saxlama faktı Türkiyə prezidentinə verilmiş cavab kimi xarakterizə edilir.

 

Putinin gözlətdikləri


Bildirildiyinə görə,  4 il əvvəl - 2016-cı ilin 9 avqustunda Rəcəb Tayib Ərdoğan da Sankt-Peterburqda Vladimir Putini eyni qaydada gözlədib. Bu o zaman idi ki, 9 ay əvvəl Türkiyə yenə İdlib səmalarında Rusiyanın qırıcı təyyarəsini vurmuş və iki dövlət arasında ciddi gərginliklər yaranmışdı. Rusiyanın Türk mallarına qoyduğu embarqolardan sonra Rəcəb Tayib Ərdoğan Vladimir Putinə barışıq əli uzatmış, görüşmək üçün Sankt-Peterburqa getmişdi. Putin isə onu qəbul otağında ayaq üstə dayanaraq 1 dəqiqə 36 saniyə gözləmişdi.

Görünür, Ərdoğanın bu ləng hərəkətini  revanşını almaq istəyən Putin də son görüşlərində həmkarını 24 saniyə daha artıq gözlətməklə heç kimə borclu qalmayacağını dünyaya nümayiş etdirib. Gözləmə anının dövlətə yaxın telekanalla nümayiş etdirilməsi və görüntünün altında saniyəölçənlə zamanın göstərilməsi də həmin taktikanın təsadüf olmadığından xəbər verir.

Putinin ən çox gözlətdiyi şəxs isə Almaniya Baş naziri Angelə Merkel olub. 2014-cu ildə Putinin qəbuluna düşmək istəyən Merkel nə az nə çox, düz 4 saat 15-sini fəda edib.

 

Merkeldən sonra Putini ən çox gözləyən isə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçdir. Yanukoviç Putini 4 saat gözləməli olub.

İsrailin keçmiş prezidenti Şimon Peres də Putinin bu diplomatik diqqətsizliyinin və ya sayğısızlığının qurbanlarındandır. O, 2013-cü ildə Moskva aeroportunda rus səhrədçiləri tərəfindən 1 saat 20 dəqiqə gözlədilmişdi.

Müşahidəçilər həmin vaxt bu gözlədilmənin səbəbini də siyasi revanş kimi dəyərləndirirdilər. Çünki bu hadisədən 2 il əvvəl Vladimir Putin də yəhudi diplomatiyası tərəfindən aşağılanmışdı. İsrailin Baş naziri Netanyahu Rusiya prezidentini qəbul edərkən ayağa qalxmağa belə, lüzum görməmişdi.


Məlumata görə, 2015-ci ildə xristianların dini lideri Roma Papasını 50 dəqiqə gözlədən Putin 2018-ci ildə ABŞ prezidenti Donald Trampa bu əzabı 45 dəqiqə yaşatmaqla kifayətlənib. ABŞ-ın eks-prezidenti Barak Obama isə 2012-ci ildə Putini 40 dəqiqə gözləyib.

 Rusiya prezidenti 2015-ci ildə Parisdə keçirilən BMT-nin iclasına da 1 saat 20 dəqiqə gecikib.

 

Onun bu zamana qədər ən az gözlətdiyi dövlət rəhbəri isə Böyük Britaniya kraliçası II Elizavet idi. Kraliça Putini cəmi 14 dəqiqə gözləyib. Bu məntiqlə, Ərdoğan 2 dəqiqəlik intizarı ilə Putini ən az gözləyənlər kateqoriyasının sıralamasını dəyişərək, ilk yerə yüksəlib.

Putin təkcə siyasi liderləri deyil, həyat yoldaşını da tez-tez gözü yolda qoyurmuş. Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın 2016-cı ildə mətbuata verən açıqlamadan belə anlaşılır. Putinanın sözlərinə görə, keçmiş əri hətta ilk görüşə belə xeyli gec gəlib.

 

“Mən heç vaxt gecikmirəm. Vladimir isə həmişə gecikir. Onun üçün saat yarım gecikmə adi haldır. Metroda onu gözlədiyim zamanları xatırlayıram. 15 dəqiqəlik gecikmə normaldır, yarım saat gecikmə başa düşüləndir. Ancaq bir saatdan sonra hələ də görüş yerinə gəlmirdisə, ağlamağa başlayırdım”, - Putina belə deyib.

Belə görünür ki, tərəf-müqabilini gözlətmək Rusiya prezidentinin pis vərdişlərindəndir. Amma o, bu pis vərdişindən həm də diplomatik mesaj vermək üçün də istifadə edir.




Ana səhifəyə qayıt        Baxış: 4 032          Tarix: 10-03-2020, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma