Xəbər lenti

 

Ölkə başçısının Milli Məclisin ilk iclasında etdiyi çıxış ölkədə siyasi islahatların dərinləşməsinə dair gözləntiləri artırdı. Onun xüsusilə siyasi partiyalarla dialoqun vacibliyi ilə bağlı fikirlərini cəmiyyətimizin çoxdan gözlədiyi demokratik irəliləyişin ifadəsi kimi səslənirdi.

Bəs, siyasi partiyalar bu təşəbbüsü necə qiymətləndirirlər?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə ilə qısa söhbətimizdə bu suala cavab axtardıq. Arzuxan bəyin Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Arzuxan bəy, parlamentin yeni tərkibdə keşirilən ilk iclasında prezident İlham Əliyev çıxışının əsas hissəsini siyasi partiyalara və dialoqun vacibliyinə həsr etdi. Eyni zamanda prezident aparatının siyasi partiyalarla iş şöbəsi ilə keçirilən görüşlərə də münasibət bildirdi. Siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşən partiya sədrlərindən biri də sizsiniz. Prezidentin müvafiq çıxışına mübasibətinizi və keçirilən görüşlə bağlı təəssüratlarınızı öyrənmək maraqlı olardı.

-İlk olaraq onu qeyd edim ki, prezident aparatında siyasi partiyalarla iş şöbəsi yeni yaradılıb. Əgər bu vaxta qədər siyasi partiyalarla əlaqələr yalnız ictimai-siyasi şöbənin nəzdində kiçik bir sektor vasitəsi ilə tənzimlənirdisə, artıq bu əlaqələrin tənzimlənməsi üçün müvafiq şöbə yaradılıb və bu şöbənin də siyasi partiyalarla görüş təşəbbüsləri təqdirəlayiq hesab olunmalıdır. Siyasi partiyalar olaraq biz dəfələrlə bu cür təşəbbüslərlə çıxış etsək də, bu təşəbbüslər qarşılıqsız qalırdı, bu isə ölkədə dialoq mühitinin yaranmasına imkan vermirdi. İndi müvafiq təşəbbüslə prezident aparatının çıxış etməsi və bu təklifin birbaşa prezidentdən gəlməsi partiyalaşma institutunda mövcud olan böhranın aradan qaldırılacağı ilə bağlı nikbin proqnozlar verməyə imkan verir. Lakin təəssüf ki, bu görüşlərdən imtina edən siyasi təşkilatlar da var və onların mövqeyi heç cürə başa düşülən deyil. Siyasi islahatların keçirilməsinin vacibliyini vurğuladığımız bir zamanda siyasi islahatlar üçün birbaşa qapı açan dialoqlardan imtina normal qəbul oluna bilməz və təbii ki, qınanmalıdır.

Digər xüsusilə maraq doğuran məsələ isə prezidentin hələ 2019-cu ilin mart ayında siyasi islahatların keçiriləcəyi ilə bağlı bəyanatını yenidən səsləndirməsi və müəyyən qədər detallarını açıqlaması ilə bağlıdır. Xatırlayırsınızsa, hələ keçən il hazırladığımız və bir neçə partiyanın təşəbbüsü ilə ictimaiyyətə təqdim etdiyimiz islahatlar paketində hansı sahələrdə islahatların həyata keçirilməsinin vacibliyi ilə bağlı kompleks təkliflərimizi səsləndirmişdik. Təkliflərin əsasını siyasi islahatların həyata keçirilməsinin vacibliyi təşkil edirdi. Qeyd edim ki, təkliflərimizin həyata keçirilməsi ilə bağlı artıq ilk addımlar atılıb. Misal üçün bir ilk olaraq Milli Məclis rəhbərliyində, eləcə də Məclisin daimi komitələrinin rəhbərliyində parlamentdə azlıqda olan partiya nümayəndələrinin də təmsilçiliyi ilə bağlı qərar verildi. Bu qərarı təqdir edir və hesab edirəm ki, bununla yeni, müsbət bir ənənənin əsası qoyulmuş oldu.

-Prezidentin çıxışından daha hansı gözləntiləriniz var?

-Prezident çıxışında qeyd etdi ki, qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Eyni zamanda o da vurğulandı ki, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bizim təkliflər də özündə məhz bu sadalananları ehtiva edirdi. Hesab edirik ki, ilk növbədə Siyasi partiyalar haqqında Qanuna ciddi dəyişikliklər edilməli, başqa sözlə, siyasi partiyaların cəmiyyətdə mövqeyinin artırılması üçün ilk növbədə partiyalara normal şərait imkanları yaradılması qanunvericilikdə öz əksini tapmalıdır. Buraya partiyaların mənzil qərərgahlarla təmin olunması, parlamentdə təmsil olunub-olunmamısından asılı olmayaraq bütün səviyyəli seçkilərə qatılmaq da daxil olmaqla ölkənin siyasi həyatında aktiv iştirak edən partiyaların dövlət büdcəsindən maliyyələşməsi, partiyalara ən azından İctimai televiziyada efir vaxtının ayrılması və s. bu kimi təkliflər daxildir. Bu məsələlərin öz həllini tapması partiyaların cəmiyyətdə nüfuzunun artmasına və təbii ki, ölkədə dialoq mühitinin formalaşmasına öz müsbət təsirini göstərəcəkdir.




Ana səhifəyə qayıt        Baxış: 4 053          Tarix: 12-03-2020, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma