Prezident İlham Əliyevin bu gün Çex Respublikasına Azərbaycan səfiri təyin etdiyi Adış Məmmədovun 2 il bundan əvvəl İsveç Krallığında ölkəmizin fövqəladə və səlahiyyətli səfiri olduğu ortaya çıxıb.
Ovqat.com xəbər verir ki, Adış Məmmədov 2013-ci ildə İsveçdəki səfirimiz təyin olunmuş və 2018-ci ildə geri çağırılmışdı.
İlk baxışdan səfirlik müddəti 5 il nəzərdə tutulduğundan bu geri çağırış qaydalara uyğun hal kimi görünsə də, həmin vaxt Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başı üzərində qara buludların dolaşması sözügedən hadisəyə fərqli rəng qatmışdı. Zira 2017-ci ildə Allahşükür əfəndinin bir başqa kürəkəni xuliqanlığa görə həbsə atılmış, oğlu isə baş götürüb ölkədən qaçmışdı. Üzərindən bir il keçəndən sonra isə şeyxin digər kürəkəni səfirlikdən geri çağırılmış və başqa ölkəyə diplomatik fəaliyyətə göndərilməmişdi. Bu isə onun da öz qaynatasının oduna yandığı qənaəti formalaşdırmışdı.
Ovqat.com-un araşdırmaları nəticəsində aydın olur ki, 1968-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olan Adış Məmmədov peşəcə riyaziyyat müəllimidir. O, 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına girib. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksələn Adış müəllim bir neçə il pedaqoji fəaliyyətlə məşğul olub. 1995-ci ildən 1998-ci ilə qədər BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb.
Sonra müəllimliyin bizim ölkəmizdə çox da hörmətli peşə sayılmadığını görən kürəkən diplomat olmaq eşqinə düşüb. Buna görə də ikinci təhsilini almağa qərar verib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2005-ci ildə ikinci təhsilini də fərqlənmə diplomu ilə başa vurub. Beləcə, beynəlxalq hüquq üzrə mütəxəssis kimi yetişib.
Maraqlıdır ki, Adış müəllim hələ beynəlxalq hüquq sahəsində parlamamışdan qabaq da diplomatik fəaliyyətə könül bağlayıb və 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub. Hətta BDU-nun Beynəlxalq münasibətlər və hüquq fakültəsinə girməmişdən əvvəl onun bu sahədə 2 fundamental əsəri dərc olunub:
1.Diplomatik lüğət / Bakı: QAPP-POLIQRAF NPK, 2001
2.Beynəlxalq munaqişələr / Bakı: Təhsil, 2002
Başqa sözlə desək, Adış müəllim BDU-da ikinci təhsilinə başlayanda diplomatiya elmini müəllimlərindən daha yaxşı bilirmiş. Onun 4 illik məktəbi 3 ildə başa vurmasının (2002-2005) sirri də, yəqin ki, bu istedadında gizlidir.
Bu qeyri-adi savadı ilə kifayətlənməyən kürəkən diplomatiya elminə daha dərindən vaqif olmaq istəyib və 2012-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olub, "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışıb. Amma bu arzusunu yerinə yetirib-yetirməməsi bəlli deyil. Çünki bir ildən sonra Adış müəllim Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə layiq görülür.
Sözsüz ki, 3 Avropa dövlətinin eyni anda səfiri olmaq asan deyil və insandan ağır iş rejimi tələb edir. Bu mənada Adış müəllimin dissertasiyasını ən azı özü tərəfindən tamamlaması o qədər mümkün görünmür. Amma Azərbaycanın Ramiz Mehdiyev kimi ağsaqqal yaşında həm dövləti idarə edən, həm də gündə az qala bir kitab həcmində geniş məqalələr yazan dühalar ölkəsi olduğunu nəzərə alsaq, Adış müəllimin də 3 ölkədə səfirlik edə-edə dissertasiyasını yazıb bitirməsi də şübhə doğurmur. Axı o, Ramiz Mehdiyev kadrıdır və Ramiz müəllim hakimiyyətdə olduğu sıralarda dövlət orqanlarına özü kimi super zəkalıları cəlb edirdi.
Şeyxin kürəkəninin dühası yalnız bununla da bitmir. Deyilənlərə görə, o, həm də qaynatasının biznesini idarəetmə bacarığı ilə seçilir. Bildirilir ki, kürəkənin səfirlik vəzifəsinə könül verməsində də bu istedadının xüsusi rolu var. Zira diplomatik toxunulmazlıq və xaricdə oturmaq ona şeyxin biznesini daha rahat idarə etmək imkanı verir.
Kürəkənin xüsusilə Çex Respublikasına səfir təyin olunması da bəzi “ağzıgöyçəklər” tərəfindən təsadüfi görülmür. Axı cənab Şeyxin əsas biznesi bu ölkədədir və bir müddət əvvəl onun həmin dövlətdəki biznes ortağı olan çexiyalı bir qadının şəkilləri internet mediasını bəzəyirdi. Görünür, cənab şeyx “əsassız” ittihamlara məruz qalmamaq üçün Çexiyadakı biznesinə nəzarəti öz kürəkəninə tapşırmağı məsləhət bilib.
Şeyxin həm də Rusiyaya bağlı olduğu və bu təyinatlarda Moskvanın xüsusi xahişinin də rol oynadığı barədə söz-söhbətlər dolaşır.
Paylaş: