Xəbər lenti
Dünən, 19:25

 

Ataların yaxşı bir misalı var: “Dişin ağrıyır, çək qurtar; qonşun pisdir, köç qurtar.”

Nə yazıq ki, bəzən qonşun pis olsa belə, köçüb qurtara bilmirsən. Çünki Allah səni ona, onu sənə gor qonşusu yazıb. Dünya var olana qədər onunla yaxın məsafədə yaşamağa, pis-yaxşı qonşuluq etməyə məhkumsan. Məhz bu xüsusiyyətinə görə, gor qonşuluğu sağlam təməllər üzərində qurulmalı, qarşılıqlı mehriban münasibətlər hər iki tərəfin xeyrinə, inkişafına, tərəqqisinə yol açmalıdır.

 

Bu, xüsusilə qonşu dövlətlər üçün keçərlidir. Tarix sübut etmişdir ki, pis qonşuluq şəraitində yaşayan dövlətlər kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, tənəzzülə uğrayır, bir-birinin balağından çəkməklə geri qalır və hər ikisi də axırda uzaq qonşuların köləsinə çevrilirlər. Necə ki, bir zamanların iki super dövləti olan Səvəfi və Osmanlı xanədanlıqları məhz bu səbəbdən Qərbin yeminə çevrildilər, bir-birinə badalaq atmaları ilə düşmən dəyirmanına su tökdülər. Baxmayaraq ki, onların hər ikisi eyni millətin, eyni mədəniyyətin daşıyıcıları idi. Birgə fəaliyyətlər, ortaq hədəflər qarşıya qoymaq əvəzinə girdikləri 300 ilə yaxın davam edən müharibələrlə təkcə öz xanədanlıqlarını yox, həm də təbəələri olan millətləri bitirdilər.

 

Ən acınacaqlısı isə budur ki, təkərrür edən tarixdən dərs almaq əvəzinə bu gün də eyni coğrafiyada eyni səhvlər təkrarlanır. Özü də təkcə Türkiyə-İran arasında deyil, həm də İran-Azərbaycan arasında. Baxmayaraq ki, biz təkcə gor qonşusu da deyilik. Həm də eyni evdən çıxan doğma qardaşlarıq. Buna rəğmən, İranın tez-tez Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, ölkəmizin ümummili mənafeyinin əleyhinə yönəlmiş tədbirlər həyata keçirməsi, bəzən öz içimizdən çıxan insanları bizə qarşı qaldırmağa çalışması hallarına da rast gəlirik. Görünür, rəsmi Tehran əhalisinin, iqtisadi və hərbi gücünün böyüklüyünə güvənib öz gor qonşuları üzərində hegemoniya qura biləcəyini düşünür. Unudur ki, bir zamanlar Osmanlı imperiyası da məhz bu üstünlüyünə inanıb tez-tez Səvəfi dövlətinə hücuma keçirdi. Amma sonunda məhvə uğrayan tərəf təkcə Səvəfi deyil, həm də Osmanlı imperiyası oldu.

 

Hazırda İranın Azərbaycana qarşı təzyiq siyasətinin əsasən media üzərindən aparıldığı müşahidə olunur. İran mediasında tez-tez Azərbaycan dövləti və xalqı əleyhinə təhqiramiz və təhdid dolu yazılar yayımlanır, milli dəyərlərimiz aşağılanır, ən müxtəlif tədbirlərlə heysiyyatımızla oynanılır. Bu da azmış kimi, İranın hərbi-ruhani dairlələrinə yaxınlığı qurumlar və şəxslər ölkəmiz haqqında mənfi fikirlər söyləməkdən belə çəkinmirlər. İndisə həmin qrupların əlinə “yaxşı” bir bəhanə də keçib: Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyevin həbsi. Belə ki,  Hacı İlham Əliyevin fevralın 29-da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılmasını və martın 2-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini bəhanə edən rəsmi Tehran ölkəmizə qarşı tənqid kampaniyasına start verib.

 

Bu təzyiq kampaniyasında ilk addımı isə İslam Şurası Məclisinə Azərşəhr və Üskü şəhərlərində deputat seçilmiş, hələ heç parlament binasına belə girə bilməmiş sütül deputat Ruhullah Mütəfəkkirzad əfəndi atıb. Ovqat.com SEPAH-ın nəzərətində olan, yarımrəsmi qafqaz.ir aranews.ir saytlarına istinadən xəbər verir ki, Ruhullah Mütəfəkkirzad tvitter səhifəsində AİP sədri əvəzinin həbsi ilə bağlı paylaşım edərək bildirib:  “Bakıda Hacı İlham Əliyevin həbs edilməsi göstərir ki, İran İslam Respublikasının qonşularla xarici siyasətində bir növ dəyişiklik olmalıdır. Bizim münasibətlərimiz mənfi balans əsasında qurulmamalıdır və islamçılara qarşı təzyiq göstərilməsi onlara baha başa gələcəkdir.”

 

İranın İslami Azad Universitetinin Siyasi İslami İcmalar İdarəsinin rəhbəri Məhəmməd Qurbani Gülşənabad da daha sonra ona qoşulub. Onun sözügedən məsələ ilə bağlı farsnews.ir saytında dərc olunan məqaləsində İlham Əliyevin həbsi partiya yetkilisinin anti-Qərb görüşləri ilə əlaqələndirilib. Adam deyəsən, ya Azərbaycan hakimiyyətini yaxşı tanımır, ya da Rusiyanın bostanına daş atmaqdan çəkinir. Çünki bizim hakimiyyətin Rusiyanın xətrinə Avropaya çoxdan “əlvida” dediyini bilməyən yoxdur. Hacı İlham Əliyevi anti-Qərb mövqeyinə görə Azərbaycanda nəinki həbs etməzdilər, əksinə MM-in Primakova inşa müsabiqəsi keçirən spikerinə müavin belə qoyardılar.   

 

 Müəllif həmin yazısında rəsmi Bakını təhdid edərək, Hacı İlham Əliyevlə yanaşı, müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs olunan Mövsüm Səmədov, Taleh Bağırzadə, Abgül Süleymanov və digər radikal islamçıları da xatırladaraq, Azərbaycanı "tarixdən ibrət dərsi çıxamağa" çağırıb. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, 300 illik Osmanlı-Səvəfi müharibələrindən əsl dərs almalı tərəfin kim olduğu ortadadır və və hələ başa çatmadığını istintaq barədə mülahizə irəli sürmək heç bir hüquqi savadsızlığa dəlalət edir. Adama deyərlər ki, qahmar çıxdığın tərəfin nədə günahlandırıldığını və ittihamların nə qədər əsaslı olub-olmadığını hardan bilirsən? Olmaya, müttəhimlə suç ortaqlığın var? Yoxdursa, yemədiyin soğandan için niyə göynəyir?

 

 Maraqlı məqam ondan ibarətdir ki, dövlətə xəyanət maddəsi kimi ağır ittihamla tutulan İlham Əliyevin günahsız olduğunu isbat etmək istəyən Məhəmməd Qurbani Gülşənabad onun və sədrlik əvəzedicisi kimi çalışdığı "partiya"nın İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan "müqavimət hərəkat"ının Azərbaycanda mərkəzi olduğunu və öz ətrafında "inqilabçı mömin" gəncləri topladığını etiraf edib. O, məqaləsində Azərbaycan Respublikasının Konstitusiya quruluşuna da müdaxilə edərək bildirib ki, “Hacı İlham Əliyevin digər 5 islamçı ilə birlikdə həbs edilməsi Bakı dövlətinin(?) kəskin islam düşmənliyi, habelə Azərbaycanın 10 milyonluq müsəlman və şiə cəmiyyətində hakim olan dini dəyərlər ilə ziddiyyətinin göstəricisidir".

 

Həmçinin sözügedən əsassız kampaniyaya İranda heç kimin belə tanımadığı Müstəqil Tələbələr İslami Qurumları Birliyi,  Məşər İman Cəmiyyəti, Azəri Əyalətləri Tələbə Hərəkatı, Qumda Təhsil alan Tələbələr Təşkilatı kimi qondarma təşkilatlar və “ruhanilər” də qoşulublar. Görünür, İran unudur ki, onların qondorma ekspertlərindən fərqli olaraq, bu gün Azərbaycanda cənub qardaşlarının taleyinə biganə qalmayıb üsyan bayrağı qaldırmaq üçün çırpınan onminlərlə həqiqi vətənpərvər ziyalı, ekspert var və Azərbaycan hakimiyyəti yeri gələndə repressiv üsullarla bu kükrəyişin qarşısını alır. Gor qonşuluğu xətrinə öz insanlarının səsini boğur və bu repressiyalara görə də Qərbin ağır ittihamlarına məruz qalır.

 

Bu mənada Mütəfəkkirzadlar, Gülşənabadlar, Bəhmənlər, Seyfəddinilər, Kazemilər, Heşmətilər kimi “ekspert” və deputatlar Azərbaycanın yox, vaxtaşırı İranda gözlərinin qarşısında təzyiqlərə və işgəncələr məruz qalan milli və mədəni fəalların hüquqlarını müdafiə etsələr, hər baxımdan daha faydalı işlə uğraşmış olarlar. Başqa dövlətdə problem axtarmaq əvəzinə, öz ölkənizin rəsmi matəm günlərində Tehranın göbəyindəki “Ararat” idman klubunda ermənilər ilə birgə rəqs etməkdən çəkinməyənləri tənqid atəşinə tutmaq lazımdır, cənab ekspertlər! Əks halda adama “öz gözündəki tirdən xəbərsiz özgə gözdə qıl axtaran” deyərlər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 610          Tarix: 14-03-2020, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma