Prezident İlham Əliyev martın 16-da Bəylər Eyyubovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilsin".
Ovqat.com xəbər verir ki, Prezidentin digər Sərənacamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç yeni qurum yaradılıb.
Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmana əsasən, həmin qurumlar bunlardır: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Fərmanda hər üç quruma müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək barədə tapşırıq verilib.
Nazirlər Kabinetinə isə “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezidentin bugünkü Sərəncamlarının ümumi analizindən belə çıxır ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov istefaya göndərilib, onun yerinə gətirilən Bəylər Əyyubovun isə səlahiyyətləri məhdudlaşdırılıb. O, bundan sonra Prezidentin yalnız qorumasını təşkil edəcək, məlumatların alınması, analizi və Strateji obyektlərin mühafizəsi isə başqasına həvalə olunacaq.
Paylaş: