Xəbər lenti
Dünən, 19:25

 

Cəmşid Dərələyəzli

_________________

 

Yazıya bu sualla başlamaq istərdim: ölkə başçısısının 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı, qarşıya qoymuş olduğu hədəflərə çatdımı?

Deyərdim ki, seçkinin doqquz ay qabağa çəkilməsində bəli, lakin seçkinin “keçirilməsi” və bu seçkidən doğan deputatların tərkibi baxımından xeyir. Əslində bu seçki, seçkilərdə uzun illərdir namizəd kimi iştirak edənlərin, məntəqə və dairə üzvlərinin də bildikləri ənənəvi seçki idi. Sadəcə bu seçki smartfon dövrünün qələbəliyinə təsadüf etdiyi üçün, daha çox görüntülər əldə edildi və ictimailəşdirildi ki, bu da həm daxildə və həm də xaricdə dövlətin və onun başçısının nüfuzuna xeyli kölgə düşürmüş oldu. Təbii ki, bu gözlənilən idi. Çünki, Prezident Administrasiyasının İctimayyətlə əlaqələr şöbəsinin keçmiş rəhbərlərinin illərdir bu yöndə yaratdıqları seçki texnologiyası demək olar ki, özləri olmasa da onların əlaltıları və uzun illərdir dairə və məntəqələrdə uzmanlaşmış komissiya tərəfində çox “peşəkarcasına” sonlandırılmış oldu. Çünki Eldar Namazov demişkən,  özləri getsə də sistem yerində idi.

Digər tərəfdən isə, qeyd etdiyimiz kimi seçkiyə “rəng” qatan digər səbəb, Cənab Prezidentin başlamış olduğu islahatlara cavab vermək durumunda olmayıb və bu nədən də “özünü buraxan” keçmiş deputatların az bir dəyişiliklə yenidən YAP siyahısından namizədliklərinin irəli sürülməsi və Cənab Prezidentə təqdim olunması oldu.

Ona görə də bütün bu eyibəcərliklərlə formalaşan yeni parlamentin müddəti (yəni ömürü) mən deyərdim ki,  iki  ildən az olacaq ki, çox olmayacaq. Əks təqdirdə Cənab Prezidentin ölkədə başlamış olduğu ümumi islahatlarla bağlı qarşıya qoyulmuş hədəflərə çatmaq zaman alacaq. Bu isə ölkənin indiki status-kvosuna cavab vermir.

Bu nədənlə də, ölkə başçısının  ölkə üzrə bütün sahələrdə apardığı islahatlar fonunda seçki islahatlarına da gedilməli, yeni seçki qanununun üzərində iş aparılmalı, seçki qanunu dəyişdirilməli, başda MSK olmaqla bütün seçki qurumları buraxılmalı, yenilənməli, yeni seçki sistemi formalaşdırılmalıdır. Bundan öncə, təbii ki, Konistitutsiyada dəyişiliklər edilməsi üçün refernduma gedilməlidir.

Azrərbaycan Respublikası Konistitutsiyası 1995-ci ildə qəbul edildikdən sonra her yeddi ildən bir (2002, 2009, 2016) dəyişdiyini nəzərə alsaq, sanıram yeni dəyişiklik də gələn il, yəni 2021-ci ilə təsadüf edəcəkdir. Onsuz da istəsək də,  bu il buna gedə bilmərik, çünki ölkə və millət hələlik ümumbəşəri bir bəla ilə qarşı-qarşıyadır və  bütün ölkə bu bəlanı qismən də olsa, önləməyə köklənib.

Bütün bunlara rəğmən, yaxın  gələcəkdə keçiriləcək referendumda Konistitutsiyaya ediləcək dəyişilkilərdə bunların yer almasını görmək istərdim:

Əvvəla, Konistitutsiyanın 82-ci Maddəsində (Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir) deputat sayının, əhali sayına görə ən azı 145 nəfərə yüksəldilsin.

İkincisi, mən də tərəfdaram ki, Konistitutsiyanın 83 maddəsi də (Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi) dəyişdirilsin və proporsional seçki sistemi gündəmə gətirilsin. Çünki bu gün mövcud olan qeydiyyatdan keçmiş, yaxud da keçməmiş siyasi partiyalara bu yolla qiymət verilməli ki, hər kəs sonrakı seçimini edə bilsin. O da bəllidir ki, onların əksəriyyəti “bir papka və bir sədr”dən ibarət olmaqla, cəmiyyətdə heç bir dayağı və nüfuzu olmayan adamlardan ibarətdir. O cümlədən də YAP istisna olmaqla, bu gün parlamentdə yer verilən partiyalar da o qabildəndirlər.

    Onu da qeyd etmək istərdim ki, əgər seçki sistem dəyişilərsə üzdə olan partiyaların əksəriyyəti, səsvermədə iştirak edən seçicilərin 2 faizindən artığının, bəlkə də bundan da azının,  səsini belə ala bilməzlər. Xüsusən də keçmişdə hakimiyyətdə təmsil olunanlar. Yoxsa indiki seçki sistemi ilə onlar da deyir, seçki saxtalaşdırılmasa idi, mən keçmişdim.

Üçüncüsü, Konistitutsiyanın 81 Maddəsində deyilir ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.  Sanıram, bu maddədə Milli Məclis sözü Millət Məclisi ilə əvəzləşdirilməsinin də zamanı gəlib.  Hər halda bunun məntiqi əsası hər kəsə bəllidir.

Qaldı hakim partiyaya, deyərdim ki, artıq YAP İcra aparatının özündə belə islahatlara ehtiyac var. Bunun üçün, yaxşı olardı ki, partiyanın qurultayı çağrılsın, onun İcra Aparatı və Siyasi Şurası yenidən formalaşdırılsın. Xüsusən də partiyanın İcra Aparatı. Çünki, aparatda yüksək görəv alanların, mənfi mənada bu seçkidə qatqıları daha  böyük oldu. Əsasən də yuxarıda da qeyd etdiyimiz kimi, ölkə başçısının apardığı islahatlarla ayaqlaşmayıb, özlərini buraxan deputatların adlarının təkrar YAP-ın namizədlər siyahısına salıb, yerlərdə onları müdafiə etmə yönündə.

Seçki Qanununa ediləcək dəyişiliklərin ən önəmli faktorlarından biri isə seçicilərin seçkilərdə iştirakını təmin etmək yönündə addımların qatılmasıdır. Heç kəsə sirr deyil ki, seçici seçkilərə gəlmir və ortada qalan sahibsiz bülletenlər kimlərinsə adına manipulyasiya edilir. Bu nədən də əhalidə belə bir fikir formalaşıb ki, mən istədim-istəmədim fərqi yoxdur. Onsuz da kimi istəsələr o da olacaq. Bu nədən də sistem dəyişilərsə əgər, ilkin mərhələdə bəlli bir sürədə seçiciləri seçkiyə inzibati metodlarla ( məsələn, öncədən bu işə məsul qurum və yaxud qurumlar tərəfindən qərar qəbul edilsin ki, seçkidə üzürlü səbəbdən iştirak etməyən hər bir seçisi 100 manat cərimə olunacaq) qatılmalarını saxlamaq lazımdır. Ki, iştirak etsin və görsün ki, o kimi istədisə o da seçildi.

 Digər yandan isə yaxşı olar ki, konstitutsiyada verilmiş- səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu sözləri, səsvermədə seçicilərin yarıdan çoxunun  iştirak etdiyi və onların çoxunun səs çoxluğunu alanların seçildiyi sözləri ilə əvəz olunsun. Çünki bu maddənin bu şəkildə verilməsi, seçicilərin seçkiyə gətirilməsində namizədlərin də qatqısını gücləndirmiş olar.  Yəni bütün hallarda, biz artıq demokratik təsisatların saat kimi işləməsini təmin etmək üçün seçki islahatlarına getməliyik. Çünki bunu artıq zaman deyir. Yetər artıq, xalqın qəbul etmədiyi adamları aparıb onlara yerlərdə namizəd təqdim edib, sonrada "möhtəşəm seçki təblğatı" görüntüsü yaransın deyə, şəhərdən və başqa bölgələrdən adamları aparıb zallara yığıb, onlardan deputat düzəltmək, sonra da onların timsalında Milli Məclisi gülüş hədəfinə çevirmələrini seyr etmək!

Bir dəfəlik nəzərə almalıyıq ki, ölkənin gələcək inkişafı və beynəlxalq nüfuzunun daha da artması, azad və ədalətli seçkilərdən keçir. Artıq dövlət quruculuğu tam başa çatıb və xüsusən də dövlətin təhlükəsizliyinə cavabdeh qurumlar yüksək peşəkarlıqla öz işlərinin öhdəsindən gəlirlər. Yəni bir sözlə, bu yöndə təlaşa əsas yoxdur. Odur ki ölkə başçısının bütün sahələrdə apardığı islahatlarda yanında olmaq hər bir mütərəqqi Azərbaycan ziyalısının ümdə vəzifəsi olmalıdır. Yəni ölkə elə bir sistem dəyişikliyinə getməlidir ki, hər kəs məhz bu ölkənin vətəndaşı olmağa can atsın. Xüsusən də kimləri nəzərdə tuturam, yəqin ki, anlaşıldı.




Ana səhifəyə qayıt        Baxış: 4 006          Tarix: 17-03-2020, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma