Ermənistan İsraildə səfirlik açıb.
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan Ermənistan prezidentinin 31 mart 2018-ci il tarixli və NH-200-A nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərman Ermənistan baş nazirinin təklifilə Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyanın rəhbərliyi altında səfirliyin İrəvandan Təl-Əvivə köçürülməsini nəzərdə tutur.
Qeyd edək ki, Ermənistan və İsrail arasında diplomatik münasibətlər əslində 1992-ci ildə qurulub. Amma ölkənin İsraildə səfirliyi olmadığından diplomatik nümayəndələr İrəvanda otururlar. Armen Smbatyan isə indi deyil, 2018-ci ildən Ermənistanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bəzi müşahidəçilər Ermənistanın İsraildə səfirlik iqamətgahı açmamasının səbəbini ölkənin İranla yaxın münasibətləri ilə əsaslandırırlar. Cənubi Qafqaz ölkələri arasında iqtisadi cəhətdən ən çox İrana bağlı olan dövlət kimi Ermənistan rəsmi Tehranla münasibətləri korlamaqdan çəkindiyi üçün bu məsələyə ehtiyatla yanaşırdı. İndisə İranın ABŞ-ın ağır embarqosuna məruz qalması və koronavirus səbəbindən sərhədlərini bağlaması İrəvan üçün də onun əvvəlki cazibəsini azaldıb və görünən budur ki, Paşinyan hakimiyyətini sionizmin qucağına atıb.
Sözsüz ki, İrəvanın ənənəvi müttəfiqinə özü də ən ağır zamanında arxa çevirməsi Tehranda xoş qarşılana bilməzdi və qarşılanmayıb da. İrəvanın bu dönəkliyinə cavab isə İran parlamentinin yetkilisi Əmir Abdullahyandan gəlib.
“Parstoday”-ın məlumatında görə, İran İslami Şurasının Fələstin İntifadasına Dəstək komitəsinin sədri olan Ə.Abdullahyan İrəvanın bu qərarını heyrətverici olaraq qiymətləndirib və erməni hökumətini qərara yenidən baxmağa çağırıb.
Abdullahyanın fikrincə, Ermənistan rəhbərliyinin bu qərarı Fələstin xalqının maraqlarına ziddir, bölgənin sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərəcək.
Tehran və İrəvan arasındakı dostluq münasibətlərinin bölgədəki sabitliyin və təhlükəsizliyin qorunmasında vacib amillərdən olduğunu vurğulayan Əmir Abdullahyan onu da vurğulayıb ki, İran İslam Respublikası Fələstinin əsas sakinlərinin xristian, yəhudi və ya müsəlman olmasından asılı olmayaraq haqlarını və öz müqəddəratını təyin etməsini dəstəkləyir. O, həmçinin sionizmin təkcə fələstinliləri deyil, işğal altındakı torpaqlarda yəhudiləri də girov götürdüyünə inandığını bəyan edib.
Sumbatın törəmələri
Doğrusu, Əmir Abdullahyanın bu mövqeyi nəinki ermənilərə, hətta bizə də aydın deyil: axı müsəlman fələstinlilərdən və ya yəhudilərdən xristian ermənilərə nə? Ermənilər öz maraqlarını düşünürlər və milli mənafeləri naminə əsrlər boyu hamilərini dəyişməklə məşhurdurlar. Bu mənada bir vaxtlar İran xalqlarının ərəb istilasına qarşı azadlıq müharibəsinin yenilməz sərkərdəsi Babəki Abbasilərə satan Səhl İbni Sumbatı bu gün Armen Sumbatyanın əvəz etməsi qayət normaldır. Zira Abdullahyan da gözəl bilir ki, familyadakı “yan” şəkilçisi nəvəni, “ibn” şəkilçisi isə oğlu ifadə edir. Yəni “İbn Sumbat” Sumbatın oğlu, “Sumbatyan” isə Sumbatın nəvəsi deməkdir. Tarixi zərurətlər Şumbatın nəvələrinin də öz ata-babalarının yolunu getməsini tələb edir və buna görə onları deyil, başqa cür olacağını düşündüyümüz üçün özümüzü qınamalıyıq. Anlamalıyıq ki, Sumbat törəmələrinə güvənib minillərlə eyni taleyi və mədəniyyəti bölüşən qardaş xalqlara düşmən olmağa dəyməz və yanlış yoldan qayıtmaq heç vaxt gec deyil.
Paylaş: