
“Londonun Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı 2016-cı ildəki qərarından sonra bəziləri Britaniyanın Azərbaycan kimi ölkələrlə əlaqələrinin inkişafına şübhə ilə yanaşmağa başlamışdı. Amma onlar müstəqil dövlətlər kimi, daha sıx əlaqələr quracaqlarını nümayiş etdirirlər”.
Ovqat.com xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkman politicshome.com portalında dərc olunan “Sülhlə inkişaf anlayışını bölüşən Britaniya ilə Azərbaycanın çox ümumi dəyərləri var” sərlövhəli məqaləsində yazıb.
Britaniyanın 1918-ci ildən başlayaraq, tarixin müxtəlif dövrlərində Azərbaycanla sıx əlaqələri olduğunu xatırladan deputat bu gün münasibətlərin daha da genişləndirildiyini bildirib: “British Petroleum” (BP) Xəzər dənizinin neftinə hələ 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə çıxış əldə edib. Britaniya şirkəti bu gün də Azərbaycanın ən güclü tərəfdaşıdır. BP bu ölkədə təhsil və biznes sahəsində çox sayda layihəni maliyyələşdirib”.
Bakı ilə London arasında iqtisadi əməkdaşlığın əsasını enerji sənayesinin təşkil etdiyini bildirən parlamentarinin fikrincə, Böyük Britaniya bu gün Azərbaycandakı ən böyük xarici investordur, BP şirkəti onun “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi kimi layihələrdə, neft və qaz yataqlarının tədqiqində fəal iştirak edir.
“Hesab edirəm ki, hökumətimiz Bakı ilə plüralizm, multikulturalizm və bərabərlik mövzularında da müzakirələri davam etdirməlidir. Azərbaycan “Azlıqlara hörmət proqramı” çərçivəsində sinaqoqların və digər dinlərə mənsub ibadət məkanlarının 24 saat ərzində azad fəaliyyətini təmin edir. Belə müzakirələr onun bu işinə töhfə olardı”,-müəllif belə düşünür.
Britaniya ilə Azərbaycanın bir çox ortaq dəyərlərə malik olduğunu düşünən Bləkman xüsusilə 2 müştərək prinsipin üzərində dayanıb: sülh və inkişaf: “Odur ki, iki ölkənin daha sıx əməkdaşlıq edəcəyinə, əməkdaşlıqda yeni səhifə açacağına ümid edirəm. Bu, xüsusilə, təhsil və beynəlxalq ticarət sahəsilə ilə bağlı olmalıdır. Bu gün Böyük Britaniyanın ən yaxşı universitetlərində çox sayda azərbaycanlı tələbə təhsil alır. Bundan başqa, bu gün beynəlxalq ticarət sahəsində müzakirələr ən vacib məsələlərdəndir”.
Məqaləsində Azərbaycanda keçirilən son parlament seçkilərindən də danışan parlamentari səsvermə günü ölkəmizə gəldiyini və bəzi müşahidələr apardığını vurğulayıb. Ən qəribəsi isə odur ki, ingilis deputat Azərbaycanın seçki təcrübəsinə heyran qalıb və bu təcrübənin Böyük Britaniyada da tətbiqini arzulayır:
“Gördüyüm o oldu ki, Azərbaycanda seçki mürəkkəb demokratiya quruculuğunun bir hissəsidir. Bu prosesdə əsas mövzu şəffaflıq və saxtakarlıq olur. Azərbaycanın bu problemləri necə həll etdiyini gördüm və bu, məni sözün yaxşı mənasında təəccübləndirdi. Orada seçicilərin barmağına görünməyən mürəkkəb vurulur. Bununla da bir nəfərin təkrar səs verməsinin qarşısı alınır. Bu üsula həqiqətən heyran oldum. Düşünürəm ki, növbəti seçkilərdə Böyük Britaniyada da bu üsuldan istifadə oluna bilər”.
Paylaş: