Xəbər lenti

 

Mübariz Mənsimovun Türkiyədə həbsi Azərbaycan ictimaiyyətində ciddi şəkildə müzakirə edilir. Əksəriyyət iş adamını dəstəkləsə də, onun barəsində irəli sürülən ittihamları obyektiv hesab edənlər də var.

Maraqlıdır ki, bu fikir ayrılığı hətta eyni ailənin müxtəlif fərdlərini də ayrı-ayrı “cəbhələrə” bölüb. İş adamına münasibətdə iki ayrı düşərgədə dayan ailələrdən biri də Əlizadələrdir. Söhbət Zərdüşt – Araz Əlizadə qardaşlarından gedir.

Ovqat.com əlavə şərhə ehtiyac görmədən Əlizadə qardaşlarının mövqeyini təqdim edir:

 

 Zərdüşt Əlizadənin fikri:

O, bu olayla bağlı tam bir informasiya bilmədiyini etiraf edib və bunu Bakıda olduğu ilə əlaqələndirib: “Mən Bakıdayam, o isə Türkiyədədir”.

Politoloqun fikrincə, Türkiyədə kimisə sıradan çıxartmaq üçün o dəqiqə deyirlər ki, bu adam FETÖ-çüdür:

 

“Minlərlə insanı işdən çıxarıblar, həbs ediblər, qovublar və s. İndi belə bir şəraitdə, o “FETÖ-çü” sözü hansısa bir damğaya çevriləndə, hamıya vurula biləcək bir məqamda mən necə deyə bilərəm ki, Mübariz Mənsimov FETÖ-çüdür ya yox?! Məsələ ondadır ki, Mübariz Mənsimov iş adamıdır. FETÖ neft alveri ilə məşğul olmur, onun neft alverinə dəxli yoxdur. Onun əsasən təhsil müəssisələri, güc strukturları, prokurorluq, məhkəmə və s. ilə əlaqələri ola bilər”.

  

Zərdüşt Əlizadə fikrini belə tamamlayıb:

 

“Bəzi məsələlər Türkiyənin istintaq orqanlarının obyektivliyinə dərin şübhələr yaradır”.

Konkret.az

  

Araz Əlizadənin fikri:

“Mən o adamlara demək istəyirəm ki, kimsə gedib haradasa nə isə edirsə, bunu Azərbaycan dövlətinin üzərinə yıxmaq gülüncdür. Əvvəla, Mübariz Mənsimov Azərbaycan vətəndaşı deyil. Digər tərəfdən isə Azərbaycan dövləti onun hərəkətlərinə cavabdeh deyil. Mübariz Mənsimov xarici ölkə vətəndaşıdır və Türkiyədə bizneslə məşğul olur. Eşitdiyimə görə, Mübariz Mənsimov son vaxtlar xaricdə biznesdən kənar işlərə baş qoşurdu. Yəqin ki, bu səbəbdən də ona cinayət işi açılıb. Ancaq mənim cinayət işinin detallarından xəbərim yoxdur”.

Araz Əlizadə Mübariz Mənsimovun həbsinin siyasiləşdirilməsini düzgün hesab etmədiyini söyləyib:

“Onun həbsini siyasiləşdirmək doğru deyil. Mübariz Mənsimov neçə illərdir ki, xaricdə biznes fəaliyyəti ilə məşğul olur. Əgər onu siyasi fəaliyyətinə görə həbs etmək istəsəydilər, indiyədək edərdilər. Onun insanlara yardım göstərməsini də siyasiləşdirmək lazım deyil. Əvvəla, o hamıya kömək etməyə borclu deyil. Digər tərəfdən isə əgər onun yaxşı imkanı varsa, o zaman bir azərbaycanlı digər azərbaycanlıya kömək etməlidir. Bir daha deyirəm ki, buna görə onu qəhrəman etməyin heç bir mənası yoxdur. Mübariz Mənsimov Türkiyə vətəndaşıdır və bütün məsuliyyəti həmin dövlət daşıyır”.

Demokrat.az




Ana səhifəyə qayıt        Baxış: 4 609          Tarix: 18-03-2020, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma