Xəbər lenti

 

 

Neçə gündür İstanbulun hava limanında Bakıya uçacaq təyyarə gözləyən vətəndaşlarımızın üsyanı davam edir.

Ovqat.com xəbər verir ki, tələbələrin “Biz yük deyilik, vətəndaşıq” şüarıyla başlayan etiraz aksiyasına artıq digər vətəndaşlar da qoşulublar.

Etirazçılar İstanbuldakı Baş Konsulluq əməkdaşlarının aradan çıxmasından sonra AZAL-ın hava limanındakı ofisi qarşısında toplaşıblar. Ofisin kassa otağında şüşə arxasından vətəndaşlarla danışan AZAL-ın Rəşid adlı nümayəndəsi onlarlıq heç nə olmadığını bildirirək bütün günahları Heydər Əliyev adına Binə hava limanının boynuna atıb. Vətəndaşlar isə ona vəzifə borcunu - Bakıdan təyyarə tələb etmək məsuliyyətini xatırladıblar.

Vətəndaş AZAL-dan soruşur: Ofisinizdə Dövlət bayrağımız niyə asılmayıb?

Etirazçıların diqqətini çəkən başqa bir məqam da olub - Azərbaycanın dövlət havaçılıq şirkəti olan AZAL-ın ofisində dövlət bayrağımızın asılmaması. Vətəndaşın “niyə dövlət bayrağımızı ofisdən asmayıbsınız” sualına isə cavab verən tapılmayıb.

Türkiyədə təhsil alan tələbələrdən də şikayətlər almışıq. Ədirnədə ali məktəbdə oxuyan tələbələrdən birinin valideyni redaksiyamıza zəng edərək övladının qürbətdə çətin vəziyyətdə qaldığını bildirib. Onun sözlərinə görə, özü və övladı dəfələrlə İstanbuldakı Baş Konsulluğumuza zəng edib təyyarənin nə zaman olacağı ilə maraqlanıblar. Aldıqları cavaba isə inanmayıblar: “Biz təyyarənin uçuşundan yalnız 2 saat əvvəl sizi məlumatlandıra bilərik”.

 

Şikayətçiləri heyrətləndirən məqam ondan ibarətdir ki, Ədirnədən İstanbula məsafə 4 saatdır. Üstəlik, bir də özünü hava limanına yetirmək də var. Tələbəyə isə ən tezi uçuşdan 2 saat əvvəl xəbər veriləcəyi bildirilib. Belə çıxır ki, tələbə xəbəri alıb hava limanına gələnə qədər təyyarə artıq göydə və yolun yarısını qət etmiş olacaq.

“Bu cür əndrabi təfəkkürlü adamları hardan tapıb diplomat ediblər? Bizim övladlarımızın və dövlətimizin taleyi niyə bu cür məntiqdən yoxsul insanlara həvalə olunmalıdır? Hansı məntiqlə biz sizə təyyarə uçduqdan sonra xəbər verəcəyin deyə bilirlər?”, - vətəndaşın bu və bənzər suallarını cavablandırmaq ixtiyarını XİN (Yeri gəlmişkən XİN abreviaturasının yeni açılışını kəşf etmişik – Xab-ü İstirahət Nazirliyi. “Xab” farsca yuxu anlamına gəldiyindən ən kritik konfransları mürgüləyərək yola verən Cənab nazirə bu status daha çox yapışır) rəhbəri Elmar Məmmədyarova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və AZAL-ın sədri Cahangir Əsgərova buraxırıq.

 

Bizə maraqlı gələn isə valideynin İstanbuldakı Baş konsulumuz barədə irəli sürdüyü mülahizələrdir: “Mən digər valideynlərdən öyrəndim ki, oğluma 4 saatlıq yolu 2 saata qət etməyi məsləhət görən Məsim Haciyev sən demə mühasibatçı imiş. Vaxtilə İstanbuldakı Baş Konsulluqda mühasibatçı işləyib. Adam 4 saatı 2 saata qət etməyin mümkünlüyünə inanacaq qədər qeyri-səlis riyazi hesablamalar ustasıdır. Görünür, elə bu qabiliyyətinə görə də birdən-birə Baş konsul vəzifəsinə sıçrayış etməyi bacarıb. Amma cənab konsul unudur ki, hər kəs onun kimi böyük sürətli sıçrayış qabiliyyətinə malik olmaya bilər və hər kəsdən dahi olmasını gözləmək mümkün deyil”.




Ana səhifəyə qayıt        Baxış: 4 618          Tarix: 21-03-2020, 00:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma