Xəbər lenti

  

Dünən qələmə aldığımız bir yazıda Azərbaycanın Türkiyədəki bütün diplomatik nümayəndəliklərinin fəaliyyətlərində ümumiyyətlə rəsmi Bakını hesaba qoymadıqlarını, bir sıra rayonların icra başçıları kimi, bu Səfirlik və Baş Konsulluqlarda da mini-xənadanlıqlar qurulduğunu, həmin xənadanlıqların isə mərkəzdən gələn təlimatlarla yox, diplomat-“xanlarının” keyflərinə görə idarə olunduğunu bildirmişdik. İddiamızın dəlili olaraq da Azərbaycan Nazirlər Kabinetinin yanında qurulan Operativ Qərargahın çıxardığı qərarların onlar tərəfindən hansısa səbəbdən (əslində səbəb bəllidir, biz sadəcə onu təkrar-təkrar yazıb qiymətli zamanınızı almaq istəmirik) mənasız kağız parçası hesab edilməsinin rəsmi sübutlarını ortaya qoymuşduq. Bildirmişdik ki, Operativ Qərargah 14 mart 2020-ci il tarixində Novruz bayramı günlərini adi iş rejimi elan etmiş və Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini də bayram günü işləyən qurumlar siyahısına salmışdı. Türkiyədəki diplomatik nümayəndəliklər isə hər birinin öz xanı olduğundan bu qərara əhəmiyyət verməmiş, tətilə çıxdıqlarını rəsmən elan etmişdilər.

Bu, Operativ Qərargahın qərarı 

 

Bu da Ankaradakı "xanədanlığın" qərarı

 

 

Sual olunur: Siz kimsiniz, cənab Xəzər İbrahim – Prezident İlham Əliyevin nümayəndəsi, yoxsa Ankara bələdiyəsinin Sosial Hizmetler Dairəsinin qulluqçusu?   

Nəzərə alsaq ki, Nazirlər Kabineti mövcud olduğu halda, bir də onun nəzdində Operativ Qərargahın yaradılması arabaya 5-ci təkər taxmaq zərurətindən irəli gəlməmişdir və bu Qərargah əslində Baş nazirin də deyil, Prezidentin rəhbərliyi altında fəaliyyət göstərir, o zaman Türkiyədəki diplomatik asiliyin də əsas hədəfinin kimliyi bütün çılpaqlığı ilə ortaya çıxır. Daha loru dillə desək, zikr etdiyimiz elanları verməklə diplomatik nümayəndəliklər əslində  Prezidentin iradəsini heçə saydıqlarını nümayiş etdirmişdilər.

Operativ Qərargahı hesaba qoymayıb “müstəqilliyini” elan edən belə xanədanlıqlardan biri də Azərbaycanın Qarsdakı Baş Konsulluğudur. Bu da onun rəsmi Bakıya növbəti etinasızlığının dəlili:

  

Maraqlı burasıdır ki, Nuru Quliyevin Qarsdakı “xanədanlığının” “milli maraqlar” çərçivəsini onun yalnız şəxsi mənfəətlərinin təşkil etdiyinə dair başqa dəlillər də  var. Bunlardan biri də Baş konsulun İğdırda fəaliyyət göstərən ASİMDER başkanı Göksel Gülbey ilə şəxsi davasına dövləti məsələ görüntüsü verərək, “xanədanlığın” (nə yazıq ki, son zamanlar təkcə Türkiyədə deyil, bir çox ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə baş verən özbaşınalıqların üzə çıxmasından sonra biz onlara Baş Konsulluq və ya Səfirlik deyə bilmirik. Hər şeyi öz adıyla çağırmaq daha doğrudur) rəsmi blankında İğdır məhkəməsinə 2 fərqli şikayətlə müraciət etməsidir. Qeyd edək ki, məhkəmə hər iki şikayəti əsassız sayaraq cinayət işi başlanmasına lüzum görməmişdir.

 

Qarsdakı Azərbaycan “xanədanı”nın “xanı” isə məhkəmənim bu hökmüylə razılaşmamış (əslində Nuru “xan” haqsız da deyil; “xan” olan yerdə qazi nə karədir ki, hökm çıxara?) və eyni şikayət məktubunu İğdır valiliyinə göndərmişdir. Görünür, koronavirus kimi xan virusu da yoluxucu olduğundan İğdır valisi həmin məktubu əlinə alar-almaz “xanlıq” xəstəliyinə tutulmuş, o da məhkəmənin cinayət tərkibi görmədiyi bir xüsusda ASİMDER başqanını cəzalandırmağa qərar vermişdir; şəxsi əlaqələrini iş salan vali Göksel Gülbeyin İğdırdan uzaqlaşdırılaraq Çoruma sürgün edilməsinə nail olmuşdur.

   

Lap 1937-ci ilin Stalin repressiyasını xatırladan bu sürgün hekayəsinin məğzi bundan ibarətdir ki, Göksel Gülbey İğdır valiliyində məmurdur. Dolayısıyla onun İğdırdan Çorum valiliyinə transfer edilməsi müasir dövrümüzdə sürgün edilmək mənasına gəlir. Hər halda İğdırdakı ASİMDER üzvləri belə düşünürlər. Onlar günlərdir davam etdirdikləri etiraz aksiyasına Göksel Gülbeyin Azərbaycan Baş konsulunun şikayəti əsasında Çoruma sürgün olunduğu iddiasını təkrarlayır və bu barədə Türkiyənin mərkəzi media qurumları dayanmadan xəbər tirajlayırlar. Nəticədə ölkəmizin onsuz da xoş olmayan beynəlxalq imicinə bir çox eybimizə kor olan qardaş qapısında da kölgə salınır. Rəsmi Bakıda isə Qars “xanədanlığının” əzəmətli “xan”ına söz deməyə cürəti çatan tapılmır. Nədən ki, Qars “xanı” Naxçıvan “xanı”nın himayəsi altındadır və himayədarın Azərbaycan dövlətində müstəsna “muxtar” hüquqları var.

Di gəl ki, Türkiyədə “xan”, “xanədanlıq” qaydalarına hələ də yaxşı alışmadıqlarından bir çox iğdırlılar baş verənlərı anlaya bilmir və Göksel Gülbeyin Çoruma sürgün edilməsinə qarşı çıxırlar və İğdır əhlinin bu harayına Azərbaycandan da qatılanlar olur. Türkiyənin Haberler.com saytının yazdığına görə, ASİMDER-in harayına səs verən Azərbaycanlılardan ikisi Ramil Əliyev və Elnur Cəfərovdur. Hər ikisi İğdır Universitetində oxuduğundan bir az Türkiyə havasıyla ağciyərlərini genişləndirmiş bu tələbələr Haberler.com-a açıqlamalarında Göksel Gülbeyi 5 ildir tanıdıqlarını və onun Azərbaycanın milli mübarizəsində ön cərgədə dayandığını gördüklərini deyiblər.  

Azerbaycanlılardan Gülbey'in tayin kararına tepki

 

Haraya özünü yetirən digər Azərbaycan vətəndaşı isə Qarabağ qazisi Əli Alverdiyevdir. Qarabağ döyüşlərində iki dəfə yaralandığını deyən Əli Alverdiyevi erməni gülləsi belə Nuru Quliyevin ASİMDER-ə qarşı hücumu qədər ağrıtmayıb. Məhz bu ağrıyla da Göksel Gülbeyi dəstəkləmək üçün qalxıb Azərbaycandan Türkiyəyə gedib.

Mən illərdir Gülbəyin fəaliyyətini izləyirəm. Onun haqsızlığa məruz qaldığını eşidəndə qalxıb buraya gəldim. Prezident cənab Rəcəb Tayyib Ərdoğana səslənirəm; xahiş edirəm bu səhv və ədalətsizliyin düzəldilməsi üçün səslərimizi eşidəsiniz”, - Qarabağ qazisi Haberler.com-a açıqlamasında belə deyib.

 

Azərbaycandan Göksel Gülbeyin səsinə səs verən vətəndaşlarımıza ASİMDER adından təşəkkürünü bildirən təşkilatın sözçüsü Erhan Hacıkasımoğlu isə deyib ki, Nuru Quliyevin bu hərəkəti fərd olaraq bir nəfərə qarşı yönəlməyib: “Bu hadisə dərnəyimizlə Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev arasında çıxan ixtilafın nəticəsidir. Bu məsələ rəhbərimiz Göksel Gülbeyin nə şəxsi, nə də məmur fəaliyyətikə də bağlı deyil. İğdır valiliyinə Baş konsul Nuru Quliyev tərəfindən yazılan bir şikayət yazsına istinadən təyinat qərarının alınması haqsız və qanuna zidd hadisədir. Unutmayın ki, Türkiyə hüquq dövlətidir. 657 Dövlət Qulluğu Qanununda bu hadisənin yeri yoxdur . Baş konsul Quliyev bu hadisə ilə əlaqədar iki dəfə məhkəməyə müraciət edib, ikisində də şikayəti haqsız görülərək rədd olunub".

 

Bəs görəsən Azərbaycan hakimiyyəti illərlə onun haqqının könüllü müdafiəçisi olan bu insanlara dilə gətirməsələr də umduqları dəstəyi verəcəkmi? Doğrudanmı Qarsdakı Baş Konsulluğu özünün xanədanlıq iqamətgahına çevirən Nuru Quliyev bu qədər əvəzolunmaz diplomatdır?




Ana səhifəyə qayıt        Baxış: 6 413          Tarix: 22-03-2020, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma