İlk dəfə 2019-cu ilin dekabr ayında Çində ortaya çıxan koronavirusun yeni tipi olan və sonralar "COVID-19" adlandırılan infeksiya qısa müddət ərzində bütün dünyaya yayıldı və Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq xarakterizə edildi. Qərbdəki bir çox mütəxəssisə görə, bu infeksiya 11 sentyabr hadisəsi, eləcə də 2008-ci il dünya iqtisadi böhranından daha ağır və dağıdıcı iqtisadi təsirə malik olacaq. Bəzilərinə görə isə, infeksiyanın qarşısı cari ilin sonuna qədər alınmazsa, dünya iqtisadiyyatı, ümumilikdə durğunluq mərhələsindən sürətlə geriləmə mərhələsinə daxil olacaq və bu da, 1929-cu ildə dünyanı cənginə alan və təsiri 10 il hiss edilən “Böyük Böhran” adlanan olduqca çətin mərhələyə bənzər yeni bir mərhələnin başlamasına yol aça bilər. Lakin bu iddianın dəstəkçiləri azdır. Qeyd edək ki, dünya iqtisadiyyatının orta illik inkişafı 2%-dən aşağı olarsa, bu göstərici iqtisadi durğunluq olaraq xarakterizə edilir. Lakin Çin statistika milli bürosunun verdiyi məlumatda, dünyanın əsas sənaye-istehsal mərkəzi olan Çinin cari ilin yanvar və fevral ayları üzrə sənaye məhsullarının istehsalı-13,5% azalıb. Halbuki bu göstərici keçən ilin mart ayında +8,5 %, dekabr ayında isə +6,5% olub. Çində sənaye-istehsal sahəsinin bu qədər ağır zərərə məruz qalması dünya ticarət zəncirinə də ciddi təsir göstərdi. Eyni zamanda, Çində avtomobil satışlarının 92% azalması, turizmin çökməsi, vergi gəlirlərinin geriləməsi, ümumi nəqliyyat sisteminin ağır zərbə alması, xarici investorların Çini sürətlə tərk etməsi ölkənin illik iqtisadi inkişafına öz mənfi təsirini göstərəcək. Hazırda Çində virusla bağlı vəziyyətin nisbətən normallaşdığı müşahidə olunsa da, infeksiyaya qarşı təsirli bir peyvənd tapılana qədər mövcud problemlərin öz həllinin tapması real görünmür. Məhz bu səbəbdən də, dünya iqtisadiyyatının yenidən böyük böhranla qarşılaşacağını iddia edənlər, hazırkı vəziyyətin uzun müddət davam edəcəyini nəzərə alaraq belə bir iddia səsləndirirlər.
Avropa Birliyinə təsiri
Hazırda infeksiyanın mərkəzi Avropa olaraq göstərilir. İtaliya və İspaniyada daha ağır şəkildə və ölümcül yayılan infeksiya ümumilikdə Avropaya da ağır iqtisadi zərbə vurur. BMW, "Audi", "Volkswagen" kimi məşhur alman avtomobil markalarının istehsalı dayandırması, Avropa Birliyində aparıcı iqtisadi güc olan Almaniyanı da ciddi iqtisadi təzyiq altında saxlayır. Bütün bunlardan əlavə, infeksiya sonrası mərhələ Avropa Birliyi sisteminin yenidən sorğulanmasını qaçılmaz edəcək. Uzun müddətdir, İtaliyada da tez-tez gündəmə gələn Avropa Birliyinin işlək olmaması fikri daha qüvvətli bir şəkildə səsləndiriləcək. Ağır itkilərlə infeksiyaya qarşı mübarizə aparan İtaliyaya birlik daxilindən deyil, Çindən və daha sonra Rusiyadan dəstək gəlməsi, birliyin “möhkəm zəmin” üzərində inşa edildiyi fikrini boşa çıxartdı. Digər tərəfdən, Serbiya Baş Naziri Vuçiç də Avropa həmrəyliyini artıq bir "nağıl" olaraq xarakterizə etdi və Çindən rəsmi olaraq yardım istədi. Avropada infeksiyanın sürətlə yayıldığını nəzərə alsaq, iqtisadi cəhətdən birlik daxilində zəif gücə sahib ölkələrin, növbəti həftələr ərzində Çindən yardım istəyəcəkləri də istisna deyil. Miqrant axını, müdafiə və təhlükəsizlik məsələlərində fərqli fikirlərə sahib birlik ölkələrinin, səhiyyə sistemində də müştərək hərəkət etmədiyinin şahidi olduq. Birlik daxilində hər ölkənin öz vətandaşlarını əsas alması, xüsusilə, İtaliyanın təcrid edilməsi, hətta İtaliya və Çexiya arasında qoruyucu tibbi maska və süni tənəffüs aparatları ilə bağlı anlaşmazlığının yaşanması birliyə olan etimadın sarsıldığını göstərir. Bütün bunlar, şübhəsiz ki, infeksiya sonrası mərhələdə gərgin müzakirələrin başlamasına, hətta Avropa Birliyinin işləmə mexanizmasına da təsir göstərə bilər.
Digər tərəfdən, Avropanın infeksiya məsələlərinin koordinasiyasında Çin, Yaponiya, Sinqapur və Cənubi Koreya kimi şərq ölkələrindən çox geridə qaldığı ortaya çıxdı. Yuxarıda adıçəkilən ölkələrin çox sürətli və işlək qərar mexanizminin olması nəticəsində infeksiyaya yoluxan xəstələrin müəyyənləşdirilməsi üçün Qərblə müqayisədə daha çox testlər tətbiq edildi. Qeyd edək ki, Çinin infeksiyanı 15 dəqiqəyə müəyyən edən xüsusi test üsulundan istifadəsi infeksiyanı nəzarət altına ala bilmələrinə şərait yaratdı. Avropada isə Almaniya istisna, digər ölkələrdə ölüm faizinin yüksək olması mövcud hökumətlərin fəaliyyətini sual altına alır. İtaliya, İspaniya və Fransanın infeksiyaya qarşı ləng qərar vermələri, böhranı idarə etmə qabiliyyətlərinin olduqca zəif olması, hazırkı hökumətlərin növbəti seçkilərdə yenidən uğur qazanmalarına ciddi kölgə olacaq. Bütün bunlar, sadəcə ümumilikdə birliyin deyil, birlik tərkibindəki fərdi dövlətlərin də operativ mexanizmə sahib olmadığını göstərir.
Birlik ölkələrinin infeksiya ilə mübarizədə yüz milyard avrolarla ölçülən məbləğdə maliyyə resursları ayırmalarına baxmayaraq, ciddi bir uğur əldə edildiyi müşahidə olunmur. Bir çox mütəxəssisə görə isə xəstəlik Avropada hələ zirvəyə çatmayıb. İnfeksiyanın zirvəyə çatması ilə müxtəlif ölkələrin xalqlarında yüksək gərginlik və həyəcanın meydana çıxacağı, ağır psixoloji travmaların müşahidə olunacağı və bunun nəticəsində bəzi hökumətlərin vəziyyəti idarə etmə qabiliyyətlərinin ümumiyyətlə iflic olacağı da istisna olunmur.
ABŞ-Çin rəqabətinə təsiri
Məlum olduğu kimi, ABŞ-ın uzun illərdir dəstəklədiyi qloballaşma anlayışı artıq özünə mənfi təsir etməyə başlayıb. Xüsusilə də, dünya sənayesinin aparıcı mərkəzi olaraq Çinin ön plana çıxması, ABŞ liderliyinin sonunu sürətlə yaxınlaşdıran amildir. İş adamı şəxsiyyəti ilə şöhrət qazanmış Trampın bu mərhələni ləngitmək və qloballaşma təsirlərindən ABŞ iqtisadiyyatının minimum zərərlə çıxması üçün atdığı əsas addım mühafizəkar qərarların qəbul edilməsi və ABŞ şirkətlərinin istehsal mərkəzlərini Çindən ABŞ-a daşınması ilə bağlı çağrışlar etməsi idi. Hazırkı infeksiya problemi dünya iqtisadiyyatı üçün yeni bir "böyük böhrana" çevrilərsə, ABŞ iqtisadiyyatı bu böhrandan Çinlə müqayisədə daha ağır itkilərlə çıxacağına isə şübhə yoxdur. "Bloomberg"in hesablamalarına görə, infeksiyanın qarşısı alınmazsa, ABŞ iqtisadiyyatı cari ilin ikinci rübündə (aprel-may-iyun ayları üçün) 30% geriləyəcək və bu da böyük böhrana səbəb olacaq. Nəzərə alsaq ki, 1929-cu il böhranı Britaniyanın "böyük güc" statusundan məhrum olmasına və ABŞ-ın ağır iqtisadi zədələrə rəğmən yüksəlişinə səbəb oldu, yeni bir böyük böhranın davamlı olması da Çinin ABŞ-dan önə keçməsini sürətləndirə bilər. 19-cu əsrdə Britaniyanın oyandığı dünya sənaye mərkəzi rolunu hazırda Çin oynayır.
Lakin hazırkı problemə müsbət nöqteyi-nəzərdən yanaşsaq və infeksiyanın bir müddət sonra aradan qalxdığını fikirləşsək, bu zaman ABŞ-ın Çin yüksəlişini dayandırmaq məqsədilə sadəcə Amerikan şirkətlərinin deyil, Avropa şirkətlərinin də Çini tərk etmələri və Hindistana yönəlmələri üçün təzyiq göstərəcəyi və ya onları "təşviq edəcəyini" görə bilərik. Şübhəsiz ki, infeksiya sonrası mərhələ Amerikan-Çin rəqabətini daha da kəskinləşdirəcək. Məhz bunun nəticəsidir ki, hazırda Tramp administrasiyası rəsmi Pekinin etibarını zədələmək üçün "COVID-19" virusunu "Çin virusu" olaraq xarakterizə edir. Bu da psixoloji mübarizənin başladığını göstərir.
Çinin hazırkı böhran mərhələsində Avropaya yardım etməsi, eləcə də Afrika ölkələrinə dəstək verəcəyini bildirməsi, rəsmi Pekinin infeksiya sonrası mərhələdə daha da böyük nüfuz qazanmasına və bu ölkələr üzərində təsir qabiliyyətinin artmasına səbəb olacaq.
İnfeksiya problemi bu ilin noyabr ayında planlaşdırılan ABŞ Prezident seçkilərinə də təsir göstərə bilər. Tramp administrasiyası təşəbbüsü ələ alaraq infeksiya ilə uğurla mübarizə apara bilsə, seçkilərdə demokratlar qarşısında şansını daha da artıracaq. Lakin bunun əksi demokratların qalib çıxmasına zəmin hazırlaya bilər.
Nəticə etibarilə, "COVID-19" infeksiyası dünya iqtisadiyyatı üçün dağıdıcı təsirə malikdir. İqtisadi baxımdan zəif olan ölkələrin, bu mərhələni olduqca ağır şəraitdə keçirəcəkləri, bəlkə də iqtisadi çöküşlə üzləşəcəkləri ehtimal olunur. Bu yeni mərhələ ərəfəsində işsizliyin sürətlə artacağı, sənaye, turizm,nəqliyyat kimi bir çox sahələrin ağır zədə alacağı bir həqiqətdir. İqtisadi inkişafın geriləməsi, neftə olan tələbatın azalmasına səbəb oldu. Bunun nəticəsində büdcələrinin formalaşmasında neft gəlirlərinin önəmli rol oynadığı Yaxın Şərqdəki Körfəz ölkələri böyük zərərlə çıxacaq. Bir çox iqtisadi hesabata görə isə bu ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 2030-cu ilə qədər tamamilə iqtisadi çöküşlə üzləşmələri qaçılmaz olacaq. Digər tərəfdən, bu mərhələdən sonra Avropa Birliyinin bir birlik olaraq mövcud olub-olmayacağı da sual altına alınacaq. Hadisələrin gedişatından asılı olaraq, ABŞ hegemoniyası sürətlə başa çata bilər. Lakin ABŞ-Çin rəqabətinin daha da kəskinləşəcəyinə heç bir şübhə yoxdur.
Hafiz Məmmədov
Eastnews.org
Paylaş: