Pul kütləsi sürətlə artır, inflyasiya isə sabit qalır. Bəs bu necə mümkün olur?
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu belə mütənasibliyin dünya iqtisadiyyatında indiyədək qeydə alınmadığı və Azərbaycanın daha bir "ilk"ə imza atdığı iddiasındadır.
ADR Hərəkatı sədrinin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Qubad bəy, siz daha bir “ilk”ə imza atdığımızı deyərkən, yəqin ki, iqtisadi göstəricilərin saxtalaşdırıldığını nəzərdə tutursunuz. Bu saxtalaşdırma faktını necə müəyyənlışdirdiniz?
-Burda çətin bir məsələ yoxdur. Sadə hesablama ilə də bunu müəyyənləşdirmək mümkündür. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-ə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub, həmin tarixə olan illik hesablamada isə pul bazasının həcmi 18,8 faiz artıb. Belə ki, noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat, yaxud 11,8 faiz; illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat yaxud 18,8 faiz olub. Məlumat üçün qeyd edim ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib. Göründüyü kimi cari ildə pul bazası daha sürətlə artıb. İqtisadi qanunauyğunluğa görə, pul bazasının artımı ÜDM-in atımından çox olanda monetar amillərin inflyasiyaya yaradıcı təsirləri güclənir. Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımından 9 dəfə çox olduğu halda, inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər. Hesab edirəm ki, bu, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricidir. Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır.
-Əhalinin yaşayışına bu amilin təsirini necə qiymətləndirirsiz?
-Bu amilə görə, sözsüz ki, əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndiyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz ki, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir. Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq.
Nazilə Nəriman,
Ovqat.com
Paylaş: