Xəbər lenti

 

Dünən Varşavadan Bakıya uçan təyyarə barədə ziddiyyətli məlumatlar verilmişdi.

Ovqat.com-un xəbərinə görə, jurnalist Elgiz Nəbili ilə Azərbaycanın Polşadakı Səfirliyinin məlumatları arasında ziddiyyətlər vardı və bu tutarsızlıq hansının doğru dediyi barədə ciddi suallara yol açırdı

Polşadan Azərbaycana uçan sərnişin təyyarəsi ətrafında müəmma: Bakıya enib, enməyib?

Məsələ burasındadır ki, jurnalist ötən gün Polşa Hava Yolları ilə Bakıya uçan təyyarənin yanacaq çatışmazlığından geri qayıtdığını bildirir, bir zamanlar Azərbaycanın idarə edən, xarici siyasətini müəyyənləşdirən, Polşadakı Səlahiyyətli və Fövqəladə səfirimiz Həsən Həsənov isə qəti şəkildə onu yalanlayır, təyyarənin Varşava-Bakı reysini “müvəffəqiyyətlə həyata keçirildiyini” iddia edirdi. Bu iki fərqli iddia arasında qalan ictimaiyyət də istər-istəməz “əcəba, təyyarəyə nə oldu” sualı qarşısında qalmışdı.

Az əvvəl AZAL ağılları qarışdıran bu müəmmaya aydınlıq gətirib. AZAL-ın həmin açıqlamasını təqdim edirik:

 

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən gün "Polşa Hava Yolları" şirkətinin (LOT) Azərbaycan istiqamətində yerinə yetirdiyi çarter reysi ilə əlaqədar yayılmış məlumatlara aydınlıq gətirib.

Hava limanından "Report"a bildirilib ki, içində 90 Azərbaycan vətəndaşı olan və Varşava-Lənkəran reysi üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblərdən geriyə qayıtmaq barədə qərar qəbul edib.

LOT-un təyyarəsi yenisi ilə əvəz edildikdən sonra hava gəmisi Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Təyyarə ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və martın 28-də Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

 

“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edib”.

AZAL-ın açıqlamasından da göründüyü kimi, ictimaiyyətdə çaşqınlıq yaradan tərəf Polşadakı səfir Həsən Həsənovun bilmədiyi mətləblərdən danışmasıdır. Maraqlıdır ki, bu diplomatik səhlənkarlıq Həsən Həsənovun ilk təcrübəsi də deyil. Uzun illər Azərbaycanın ən yüksək vəzifələrində işləyən Həsən Həsənovun diplomat kimi fəaliyyəti həmişə müzakirə mövzusu olub və bu barədə məlumatlar vaxtaşırı dövri mətbuatda dərc edilib. Həsən Həsənova ən yaxşı qiyməti isə uzun illər onunla eyni yerdə işləmiş Hafiz Paşayev verib.

Gəlin, biz də Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovu müasir diplomatiyamızın müəllimi sayılan Hafiz Paşayevin təqdimatında tanıyaq. Hafiz müəllim özünün “Bir səfirin manifesti” kitabında keçmiş həmkarını bu cür xarakterizə edir:

 

 “Həsənov BMT-də də keçmiş iş üslubunu davam etdirir. Özünün hakim mövqedən çıxış etdiyinə əmin olan Həsənov nəinki öz həmkarlarının, hətta xarici ölkə səfirlərinin və BMT əməkdaşlarının üstünə qışqırmaqdan usanmır və əsla bu xasiyyətindən əl çəkmirdi. Öz fikirlərini başqasına qəbul etdirmək üçün Həsənov daim həmsöhbətlərilə yüksəkdən danışar, onlara əmr etməkdən çəkinməzdi. Bu cür iş üslubundan narahatlıq keçirən BMT Baş katibinin müavini rusiyalı Petrovski Azərbaycan xarici işlər naziri ilə görüşündə öz etirazını bildirib”.

Paşayev daha sonra yazır: “…O, idarəçilik, iqtisadiyyat və təsərrüfat işini gözəl bilirdi. Hesab edirəm ki, bu sahədə hər hansı vəzifəyə təyin olunsaydı, xidmətləri daha səmərəli olardı. Həsənovu bu qurumda yadlaşdıran isə onun özünəməxsus mentaliteti və davranışı, keçmişdən miras qalmış qaydaları idi. Həsənovun keçmişdən miras qalmış düşüncə tərzi və idarəetmə üslubu yeni reallıqlarla ziddiyyət təşkil edir, nəinki idarə daxilində, eyni zamanda diplomatik münasibətlərdə də lüzumsuz gərginlik yaradırdı.

 

…Idarəetmədə hökmranlıq mövqeyindən çıxış etməyi üstün tuturdu. Özünü tərəf müqabilindən bir pillə yuxarı tutmaq Həsənovun səcdə etdiyi prinsiplərdən biri idi. Tabeliyində olan şəxsdən tam itaətkarlıq tələb edərdi. Elə məhz bu xüsusiyyətinə görə də mənimlə münasibətlərində gərginlik yarandı. İşi hər an gərginləşdirmək imkanını əldən verməzdi. Tez-tez Vaşinqtona Bakı vaxtı ilə saat 12-də zəng edərdi. Uzun müddət Nyu-Yorkda yaşamış nazir yaxşı bilirdi ki, gecə 3.00-da Vaşinqtonda telefon dəstəyini qaldıran şəxs iş masası arxasında deyil, çarpayıda şirin yuxudadır. Buna baxmayaraq, nazir əmri əmr dalınca verər, hər hansı məsələ barəsində dərhal tədbir görməyi hökmlə tələb edərdi. Əlbəttə, Amerikada hökumət idarələrinin gecə saat 3.00-də bağlı olduğu faktı naziri qane etməzdi…”

 

Qeyd edək ki, fövqəladə və səlahiyyətli səfir Həsən Həsənovun bu ilin okyabr ayında 79 yaşı tamam olacaq. Ötən il Prezident İlham Əliyevin 70 yaş senzi çərçivəsində apardığı kadr islahatları zamanı vəzifəsiylə vidalaşacaqlardan birinin də Həsən Həsənov olacağı düşünülürdü. Bu qənaəti gücləndirən dəlillərdən biri də hakim ailənin nümayəndəsi Hafiz Paşayevin Həsən Həsənova xoş münasibət bəsləməməsi idi.

Maraqlıdır ki, 70 yaş senzində ələnən tərəf Hafiz Paşayevun özü oldu. Hər kəs o zaman 77 yaşı olan Hafiz müəllimin öz ərizəsi ilə Xarici İşlər nazirinin müavini vəzifəsindən istefa etməsini 70-i ötmüş diplomatlara göstərilmiş nümunə kimi qiymətləndirmişdi. Di gəl ki, onun bu jesti özündən 1 yaş böyük olan və diplomatik qabiliyyəti hər zaman dartışılan Həsən Həsənov üçün nümunə ola bilmədi.




Ana səhifəyə qayıt        Baxış: 6 825          Tarix: 28-03-2020, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma