Xəbər lenti



Orta çağların yazılmamış müharibə qanunlarına görə, bir ordu bir ölkəni işğal edəndə sərkərdə əsgərlərinə 3 gün yağmala hüququ verirdi. Bu hüquqa əsasən, kim əlinə nə keçdi, qənimət kimi götürürdü. Daha sonra işğal olunmuş ölkəyə nizam-intizam gətirib öz məmləkətlərinin bir parçası kimi idarə edirdilər.
Azərbaycanın indiki iqtidarı isə 27 ildir bu ölkəni idarə edir. Bu 27 ildə yağmalamaq siyasəti dayanmadan sürdürülüb, indi də sürdürülməkdədir. Ən maraqlısı isə budur ki, bizdən oğurlanan sərvər eynilə orta əsrlərin işğal əsgərlərinin qənimət malı kimi xaricə daşınıb. Dolayısıyla öz məmləkətinin mülkiyyətinə düşmək malı kimi baxan bu anlayış bizi müflisləşdirib, əcnəbiləri inkişaf etdirib. 
Sözsüz ki, bu siyasətin əsas məqsədi əslində xalqa düşmən kimi baxmaqdan qaynaqlanmayıb. İri məmurlar taladıqları ölkənin gələcəyinə inanmadıqlarından bu yolu tutublar. Xarici ölkələrdə isə az-çox qanunlar var və onların mülkiyyətləri güvəndədir anlayışı ölkəmizin öz məmurlarımız tərəfindən daha çox sömürülməsinə yol açıb. 
İnsafən, Azərbaycan iri məmurları arasında öz məmləkətini yaddan çıxarmayan tək-tük vicdanlılar da olub. Onlardan biri də Kəmaləddin Heydərovdur. Fövqəlnazir Azərbaycanda da özünün iqtisadi imperiyasını qurmağa, nəticə etibarilə bir çox vətəndaşları işlə təmin etməyə də pul ayırmağı bacarıb. Bununla belə, onun da sərvətinin böyük hissəsinin xaricdə olduğu bildirilir.
Qismətə bax ki, xalqın sərvətini korrupsiya yolu ilə mənimsəyən məmurların xaricdə qurduqları iqtisadi qurumlar da artıq çökməyə başlayıb. Koronavirusun qurbanına çevrilənlərdən biri də elə Kəmaləddin Heydərov olub. Hər halda Timetv.live bu iddiadadır. 
Ovqat.com Timetv.live-nin “KORONAVİRUS KƏMALƏDDİN HEYDƏROVU DA VURDU” sərlöhəli xəbərini təqdim edir:

Nə qədər inandırıcı görünməsə də, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Almaniyada qeydiyyatdan keçirdiyi və Latviyanın paytaxtı Riqa şəhərində “Roma” otel də daxil olmaqla bir neçə obyekt işlədən şirkəti müflis olub.



Bir neçə il ərzində Latviya Respublikasına 4 milyon avrodan çox vergi ödəyən şirkətin hazırda vergi orqanlarına 32 min avro borcu var. Şirkətin 55 nəfər işçisi isə bu günlərdə işdən azad edilib. Minimum əmək haqqı 750 avro olan otelin müdiri, keçmiş politik Linda Murniece bununla bağlı bildirib ki, şirkəti xilas etmək üçün sahibkarla danışıb. Amma sahibkar otelin və biznesin artıq gəlir gətirmədiyini səbəb gətirərək bağlayacağını bildirib. Martın 31-də Linda Murniece Latviya dövlət orqanlarına müraciət edib və onlar kömək etməkdən imtina ediblər. Həmin ərəfədə otel işçilərindən biri – İlze Larinova bunları yazıb: “Oteldə 7 ildir ki, işləyirəm. Hər ay xüsusilə mənə kompaniya 900 avro maaş ödəyirdi.Bu gün mən və həmkarlarım qərarı eşitdik. Bu çox kədərlidir və ədalətli deyil. Mən bilirəm ki, vergidən hansısa müddətə işsizlik pulu alacağam. Amma biz bu fövqəladə vəziyyətdən sonra işimizə qayıtmaq istəyirik”.

Linda Murniece isə bunları bildirir:


Linda Mūrniece
Linda Mūrniece


Təsəvvür edin, mən, əməkdaşlarım və kompaniya dövlətdən dəstək aldıqmı, əlbəttə, yox. Hazırda 55 işsiz var və dövlət onlara işsizlik pulu verməlidir. Eyni zamanda bu o deməkdir ki, dövlət böyük bir vergi ödəyicisini itirir. Otel biznesi mövsümidir. Mart ayına borcumuz var. Hesaba pul gəlmir və biz yaya doğru “gedirik”. Keçən il firmamız dövlətə 354 min avro vergi ödəyib”..

Otel administratoru və onun keçmiş işçiləri yaranmış durumdan şikayətçidilər, lakin onlar sahibkarı suçlu bilmirlər. Görünən isə odur ki, “Roma” otel və ya Kəmaləddin Heydərovun biznesi koronavirusun qurbanı olub.

Eyni zamanda biz fikirləşirik ki, mövzu tək bununla yekunlaşmır. Çünki “Roma” oteli işlədən şirkətin həm də Almaniyada çoxlu aktivləri var və güman ki, Kəmaləddin Heydərov artıq həmin obyektləri də bağlayır. Bununla bağlı araşdırmamız davam edəcək. Qarşı tərəf hər hansə bir fikir bildirmək istəsə onları da dinləməyə hazırıq.

TİME TV




Ana səhifəyə qayıt        Baxış: 7 919          Tarix: 6-04-2020, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma