Xəbər lenti


Yəqin ki, bir çoxlarınızın xəbəri olmayıb ki, 4 gün bundan əvvəl axşamdan gecə yarıya qədər Nərimanov rayonundakı Heydər Əliyev Mərkəzinin binası Çin bayrağına bürünübmüş. Açığını desək, bu barədə məlumata Çin mətbu orqanlarında rast gəlməyənədək bizim də hadisədən xəbərimiz yox idi.
Maraqlıdır ki, bir çoxlarımızın indiyədək xəbər tutmadığı bu hadisə Çin mətbu orqanlarının gözündən yayınmayıb. Hətta ölkənin ən nüfuzlu nəşrlərindən olan “China News” qəzeti bu rəng dəyişikliyini araşdırıb, bəzi mətləblərə aydınlıq gətirib. Nəşrin iddiasına görə, Azərbaycan hökuməti Vuhanda koronavirus pandemiyasına qurban gedənlərin xatirəsini yad etmək məqsədilə özünün ən çox dəyər verdiyi binanı işıq effektləri vasitəsilə Çin bayrağına boyayıb. Çinə mənəvi dəstək nümayişi olan bu addım deyəsən öz muradına çatıb: dünyanın yeni super gücü olmaq imtahanına çəkilən ölkədə bu jest xüsusi ehtiramla qarşılanıb. “China News” nəşrinin hadisə ilə bağlı məqaləsindən də bu hiss olunur.



Nəşr rəsmi Bakının jestini belə qiymətləndirib: “Azərbaycan pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq, beş ulduzlu qırmızı bayrağımızı “dalğalandırıb”.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı “Chinanews”a açıqlamasında bildirib ki, burada əsas məqsəd Azərbaycan xalqının epidemiya ilə mübarizədə Çin xalqınına dəstəyini ifadə etmək, eyni zamanda, epidemiya nəticəsində dünyasını dəyişmiş insanların xatirəsini yad etmək olub.
Qəzet yazır:



“Həmin gecə Heydər Əliyev Mərkəzinin binası klassik Çin musiqisinin müşayiəti və müvafiq işıqlar vasitəsilə qırmızı rəngə bürünüb. Daha sonra bina üzərində Çinlə Azərbaycanın dövlət bayraqları peyda olub. Bu, iki xalq arasında dərin dostluğu, eyni zamanda, pandemiya ilə mübarizədə əməkdaşlığı əks etdirib. O anda yaxınlıqdan keçən nəqliyyat vasitələrinin sürücüləri də səs siqnalı vasitəsilə Çinə dəstək verib.
Səfir aprelin 4-nün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm günü elan olunduğunu xatırladıb. O da öz növbəsidə, bu xəstəlikdən dünyasını dəyişmiş şəxslərin yaxınlarına başsağlığı diləklərini çatdırıb.



Matəm günündə Çin xalqına həmrəylik əlaməti olaraq, Azərbaycan səfirliyi önündəki bayraq da endirilib.
Əkrəm Zeynallı hesab edir ki, Çin hökuməti və xalqı bu ağır günlərdə dünya səhiyyəsinə böyük töhfələr verib, insanların sağlamlığı üçün böyük fədakarlıq göstərib. Hökumət virusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb və bu tədbirlər ciddi nəticələr verib. Bu da öz növbəsində, epidemiya ilə qlobal mübarizədə nümunə olub. Diplomatın fikrincə, Çin belə hərtərəfli və ciddi tədbirlər görməsəydi, dünya yəqin ki, daha çox qurban verəcəkdi: “Çin hökuməti və xalqı təkcə ölkə daxilində mübarizə ilə kifayətlənməyib, eyni zamanda, digər ölkələrə də epidemiya ilə mübarizədə fəal kömək göstərib. Belə xəstəliklə heç bir ölkə təkbaşına mübarizə apara bilməz. Odur ki, indi bölünmə, parçalanma yox, birlik, əməkdaşlıq vaxtıdır”.
Pandemiyanın kölgəsi, nəhayət, isti günəş və bahar küləyilə aradan qalxacaq. Əkrəm Zeynallı "für​​​​sətdən istifadə edərək", Çin xalqına epidemiya ilə mübarizədə göstərdiyi səylərə görə bir daha səmimi qəlbdən təşəkkür edib: “Çinə firavanlıq və inkişaf”.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 519          Tarix: 7-04-2020, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma