Xəbər lenti
Dünən, 19:25
 
 
1918-ci ildə Şərqdə qurulan ilk demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprel ayının 28-də Sovet qoşunlarının hərbi təcavüzü nəticəsində süqut etmişdir. Düşünürəm ki, nə qədər acı olsa da, hər halda həmin günlərin tarixi ilə bağlı sovet tarixçilərinin yazmış olduqları əsərlərin bir qismini təhlil etmək vacibdir... 
Öncədən qeyd etmək lazımdır ki, sovet tarixşünaslığında problemin nəzəri və konkret tarixi hadisə kimi araşdırılmasına XX əsrin 20-30-cu illərindən başlanmışdır. 1920-1930-cu illərdə SSRİ-də aparılan elmi tədqiqatlar, sonralar problemin öyrənilməsində müəyyən əhəmiyyət kəsb etdiyi qeyd olunmalıdır. 
Məlumdur ki, 1920-1980-ci illərdə Kommunist partiyasının ideoloji xəttinin əsas aparıcı sahəsi olan tarix elmi marksizm-leninizm metodologiyasının tələblərinə uyğun olaraq formalaşmış və inkişaf etmişdir. Sovet tarixçiləri tərəfindən yazılmış əsərlərdə müstəqil Azərbaycan dövlətini zorakı üsulla devirmək planının qabaqcadan hazırlandığı və həyata keçirildiyi qeyd olunmuşdur. Lakin sovet tarixçiləri hərbi müdaxilənin Azərbaycan zəhmətkeşlərinin “xahişi” və Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin “müraciəti” əsasında (işğalın əsas mahiyyətini gizlətmək üçün) baş verdiyini də ön plana çəkmişdilər. 
1920-ci ilin fevral-mart aylarında bolşevik Rusiyasının hərbi qüvvələri tərəfindən Cənubi Qafqazı sovetləşdirmək üçün xüsusi əməliyyat planı hazırlanmışdır. Halbuki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə (1918-1920-ci illər) bolşevik Rusiyası üçün heç bir təhlükə yaranmamışdı. 



1920-ci ilin aprel ayının 27-də sovet-rus qoşunlarının Azərbaycana hərbi təcavüzü və bunun nəticəsi olaraq Azərbaycanda sovet hakimiyyəti qurulmasının “qanunauyğunluğunu” sübut edən tarixşünaslığın yaranması sovet tarixçilərinə aiddir. Həmin tarixçilər tərəfindən hazırlanmış konsepsiya 70 il sovet tarixşünaslığında hakim mövqe tutmuşdur. Əlbəttə, kiçik bir yazıda 70 illik sovet tarixşünaslığının hamısını təhlil etmək mümkün deyildir.  Ona görə də bu yazıda sovet dönəmində yazılmış əsərlərin az bir qismi təhlil olunur. 
Sovet tarixçisi Y.Rathauzer “Sovet Azərbaycanı uğrunda mübarizə. Aprel çevrilişinə dair” adlı əsərində (Ратгаузер Я. Борьба за советский Азербайджан. К истории апрельского переворота. Баку, Типография «3-й Интернационал», 1928) dövrün siyasi hadisələrinə qiymət verərkən ancaq bolşevik mətbuatına və kommunist partiyasının sənədlərinə istinad etmişdir. O, bütün diqqətini bolşeviklərin inqilabi fəaliyyətinə yönəltmişdir.
Y.Rathauzer 1920-ci ilin aprel ayının 28-də bolşevik ordusu tərəfindən Azərbaycanda həyata keçirilmiş işğala (müəllif bu işğalı çevriliş kimi qiymətləndirmişdi) haqq qazandırmışdı. O, Azərbaycanda bir-iki kəndli və fəhlə çıxışlarını həddindən artıq şişirdərək ona inqilabi rəng vermiş, sovet silahının gücü ilə hakimiyyətin devrilməsini “Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsi”nin nəticəsi kimi göstərmişdi.
Problemlə bağlı yazan digər bir sovet tarixçisi A.Rayevskinin əsəri (Раевский А. Английские «Друзья» и Мусаватские «патриоты». Баку: АЗГИЗ, 1927) oktyabr inqilabının on illiyinə həsr olunmuşdur. O, bu əsəri yazarkən hər-hansı bir arxiv sənədinə və ya elmi-tədqiqat materiallarına istinad etməmişdir. A.Rayevski əsərində bütün nifrətini “Müsavat” partiyasının üzərinə yönəltmişdir. Müəllif mühacirətdə yaşayan Cümhuriyyət liderlərinin Azərbaycanın müstəqilliyinin bərpası uğrunda apardıqları mübarizəni kəskin nifrətlə qarşılamışdır.



Mühacirət ədəbiyyatında Sovet Rusiyası işğalçı, təcavüzkar bir dövlət kimi göstərilirdi. Ona görə də kommunist partiyası tərəfindən sovet tarixçilərindən tələb olunurdu ki, Sovet Rusiyasının hərbi təcavüzünü “qardaşlıq” yardımıAzərbaycan xalqının “xahişi” kimi göstərsinlər. 
A.Rayevski Ankarada M.Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabının çap olunması ilə bağlı Mərkəzin həmin kitaba və digər “antisovet” təbliğatlara qarşı yerlərə, o cümlədən Azərbaycan hökumətinə göndərdiyi təlimatdan da bəhs etmişdir. O, RSFSR hökumətinin Azərbaycanı işğal etmək planından bir cümlə belə yazmamışdır.
Daha sonra müəllif, 1920-ci il yanvarın 12-də (tarixi sənədlərdə yanvarın 11-i göstərilir – A.V.) Antanta tərəfindən, Azərbaycanın de-fakto tanınandan sonra iki yol ayrıcında qaldığını qeyd etmişdir. Müəllif yazırdı: “Beləliklə, müsavatçılar imperializm və inqilab arasında qalmışdı və bunlardan birini seçməli idi. Ya onlar Antanta ilə gedəcəklər, onda Sovetlərə qarşı olacaqlar, yaxud da bolşeviklərlə qalacaqlar, onda da Antanta onlara qarşı olacaq”. 
Əslində bu dövrün beynəlxalq mənzərəsi belə idi: Rusiya vətəndaş müharibəsi və xarici müdaxiləni aradan qaldırdıqdan sonra qonşu dövlətlərə qarşı təcavüzkar siyasət yürütməyə başlamışdır. Ona görə də Azərbaycan hökuməti öz varlığını qoruyub saxlamaq üçün güclü Antanta dövlətlərinə meyl etməli idi və belə də etmişdir. Azərbaycan hökuməti demokratik, dünyəvi dövlət qurmaq siyasəti qürüdürdü, bunun üçün də Avropa dəyərlərindən bəhrələnmək və onlardan kömək almaq fikrində idi. 
1920-ci ilin aprel hadisələrindən məlumat verən müəlliflərdən biri də İ.Q.Dudindir (Дудин И.Г. Прорыв бронепоездов. Бакы: Азернешр, 1970). O, həmin günlərin hadisələrində aktiv iştirak edən bolşeviklərdən biri olmuş, Azərbaycana hücum edən zirehli qatarların komandiri M.Q.Yefremovun yaxın silahdaşı və komissarı olmuşdur.



Müəllifin yazdığından aydın olur ki, Sovet Rusiyası Azərbaycanı işğal etmək üçün çox ciddi plan işləyib hazırlamışdır. İ.Dudin, Bakıya hücum ərəfəsində oradakı vəziyyəti aydınlaşdırmaq üçün Bakı bolşeviklərindən “... Cəbiyev, Mikoyan və Musabəyovun” XI Ordunun qərargahına gəldiyini qeyd etmişdir. O, Həbib Cəbiyevi və Qəzənfər Musabəyovu Bakı proletariatının görkəmli rəhbərləri kimi təqdim etmişdir. Halbuki, müəllifin qeyd etdiyi şəxslərin Azərbaycan fəhlə və kəndliləri arasında tanınmayan şəxslər olmuşdular. Onlar Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Mikoyanın təxribatçı-pozucu qrupuna daxil olan şəxslər olmuşdur.
V.S.Yemelyanov da (Еmeльяanov В.С. На заре новой жизни. Баку: Азернешр,1979) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə münasibətində sovet tarixçilərinin yazdıqlarından uzağa gedə bilməmişdir. O, XI Qırmızı Ordunun Azərbaycana hərbi təcavüzünü “Bakı proletariatına və Azərbaycan kəndlilərinə yardım göstərmək” kimi qeyd etmişdir. Müəllifin bu fikri bütün sovet tarixçilərinə xas olan cəhətlərdən biri olmuşdur. 
Tarixi sənədlərdən məlumdur ki, Azərbaycanda fəhlə və kəndlilər heç vaxt AXC hakimiyyətini devirmək üçün mübarizə aparmamışdır. AXC hakimiyyətini devirmək istəyənlər Rusiyanın Azərbaycandakı “beşinci kolon”u olmuşdur. Onun da tərkibi, əsasən erməni və rus bolşeviklərindən ibarət idi. AXC hakimiyyətini devirmək üçün bütün planlar isə Moskvada hazırlanmışdı.
Bütün bunlar onu göstərir ki, Sovet hökuməti müstəqil Azərbaycan dövlətini işğal etmək üçün çox ciddi planlar hazırlamışdı. Bu işdə onlara “beşinci kolon”na daxil olan erməni, rus və bir qrup azərbaycanlı bolşeviklər də yaxından köməklik göstərmişdir.
V.S.Yemelyanov AXC hökümətini xalqa “xəyanət” etməkdə və “xalqın düşməni” adlandırmışdı.  Lakin müəllif, bu “xəyanət” və “düşməni” yazanda hər-hansı bir mənbə və tarixi fakta istinad etməmişdir. Onun bu iddiaları 70 il sovet tarixşünaslığına xass olan ideoloji bir xətt olmuşdur.
AXC hökuməti mövcud olduğu 23 ay ərzində xalqa xəyanət etməmiş, əksinə Şərqdə ilk demokratik türk-müsəlman dövlətinin qurulmasında, Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunmasında, əhalinin təhlükəsizliyinin qorunmasında çox ciddi işlər görmüşdür...



28 aprel işğalında yaxından iştirak etmiş A.İ.Mikoyanın əsəri (Микоян А.И. Мысли и воспоминания о Ленине. Москва. 1970) də sovet tarixçilərinin yazdığından o qədər də fərqlənmir. Onun əsərində AXC hakimiyyətinin devrilmisində Sovet Ordusunun xüsusi rol oynamasından geniş bəhs olunur. Qafqaz cəbhəsinə Tuxaçevski, XV Orduya Levandovski komandanlıq etdiyini, Cəbhənin inqilabi hərbi şurasının üzvü Orconikidze, Ordu İnqilabı hərbi şurasının üzvləri isə Kirov və Mexonoşin olduğunu qeyd edən A.Mikoyan, XI ordunun Azərbaycana hərbi təcavüzünü aprelin 27-si göstərmişdir. 
Beləliklə, 70  il bəhs olunan problemdən yazan sovet tarixçilərinin əsərlərini təhlil edərkən aşağıdakı nəticələrə gəlmək mümkündür: 
1) Cənubi Qafqazda 1918-1920-ci illərdə baş vermiş siyasi hadisələrə birtərəfli yanaşılmışdır; 
2) sovet tarixçiləri 1918-1920-ci illərdə mövcud olmuş AXC hakimiyyətinin sosial-iqtisadi, mədəni və hərbi sahədə həyata keçirmiş olduğu tədbirlərin üstündən sükutla keçmiş  və tarixi reallıqları təhrif etmişdilər; 
3) sovet tarixçiləri tərəfindən kəndli və fəhlə çıxışları həddindən artıq şişirdilərək ona inqilabi rəng verilmişdir.  Onlar rus ordusunun gücü ilə AXC hakimiyyətinin devrilməsini “Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsi”nin nəticəsi kimi göstərmişdilər; 
4) 1920-ci il aprelin 28-də XI ordu müstəqil Azərbaycan dövlətini işğal etdikdən sonra buranı özünün forpostu etmişdir; 
5) Tarixi sənədlərdən məlumdur ki, Azərbaycan rus sovet ordusu tərəfindən işğal olunmasından dörd ay keçməmiş RSFSR hökuməti V.İ.Leninin “bəxş etdiyi” “Müstəqil Sovet Azərbaycan”nın müstəqilliyi məhdudlaşdırılmağa başlanmışdı. Belə ki, 1920-ci il avqustun 24-də RSFSR ilə Azərbaycan SSR arasında xarici ticarəti məsələləri, 1920-ci il sentyabrın 30-da poçt, teleqraf və radioteleqram idarələrinin, ərzaq siyasətinin birləşdirilməsi, vahid iqtisadi siyasətin həyata keçirilməsi, maliyyə, hərbi-iqtisadi ittifaq və hərbi-dəniz məsələləri və s. məsələlər üzrə müqavilələr bağlanmışdır. Bu “ikitərəfli” müqavilələrin bağlanması nəticəsində Azərbaycanın müstəqilliyi tədricən itirilmiş və bir müddətdən sonra isə tamamilə RSFSR hökumətindən asılı vəziyyətə düşməsinə gətirib çıxartmışdır; 
6) Azərbaycanın təbii sərvətləri – nefti, pambığı, taxılı və s. məhsulları təmənnasız olaraq sovet imperiyasının ümumi malı elan edilmişdir; 
7) Azərbaycanın idarə olunması və ərazi bütövlüyü məsələləri Sovet hökumətinin nəzarəti altında, Azərbaycanın əleyhinə həll olunmağa başlanmışdır...
Vaqif Abışov,
Tarix üzrə elmlər doktoru  


Ana səhifəyə qayıt        Baxış: 4 087          Tarix: 11-04-2020, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma