Xəbər lenti


Cənab prezident!
 
Mən bu zamana qədər elə bilirdim ki, ölkəmdə 2 tabu var. Son zamanlar isə qənaətlərim büsbütün dəyişdi. Məgər ki, bu ölkənin bir tabusu varmış. O da kim olsa, yaxşıdır? – SR prezidin dayısı oğlu A.Ə. (Yeni hücumlara məruz qalmamaq üçün bəzi sözləri nöqtə ilə əvəz etməyi məsləhət bildik. Çünki məlumatımıza görə, R.A.-nın dayısı oğlunun senzura sistemi avtomatik isə düşür və öz adının keçdiyi saytları ağır bombardımana tutur – “Ovqat”).
Şəxsən mən bunu jurnalistlik fəaliyyətimdə dəfələrlə görmüşəm. Azərbaycan hakimiyyətinin ən yüksək pillələrində yer alan müxtəlif insanlar, o cümlədən sizin barədə tənqidi yazılarımız olub, amma heç vaxt A.Ə. barədə yazdığımız zaman qarşılaşdığımız hücumlara məruz qalmamışıq. Bu adam barədə yazı dərc etdiyimiz anda saytımızın fəaliyyəti dayanır. 
 
Cənab Prezident!
 
Ölkəmizdə baş verən naqislikləri obyektiv şəkildə işıqlandırmağımıza, bəzən kəskin tənqid etməyimizə baxmayaraq, Ovqat.com heç bir zaman milli maraqlardan kənara çıxmamış, bacardığı qədər xaricdən gələn təhlükələrə qarşı sinəsini qabağa verməyə çalışmışdır. Saytımız oldu-olmadı, bu mövqeyimiz dəyişilməyəcək, bundan sonra da belə qalacaqdır. Çünki bu dövlət hamımızındır və onun milli maraqlarının qorunmasında hər birimiz səfərbər olmalı, tarixi fürsətin millətimizə bəxş etdiyi ən böyük ilahi nemətimizi qorumalıdır. 
 
Sözsüz ki, eyni Evin müxtəlif övladları kimi bizim bir-birimizə irad tutmağımıza, Ailəmizin ümumi maraqları naminə yeri gələndə bir-birimizi tənqid etməyə də haqqımız olmalıdır. Zira bu həssasiyyət Evimizin rifahı, Ailəmizin səadəti, daha yaxşı olması, özünü düzəltməsi üçündür. Odur ki, dövlət məmurları və onların ərköyün qohum-əqrəbaları da səmimi və safniyyətli tənqiddən narazı qalmamalı, əksinə, yazılanlardan nəticə çıxarmalıdır.
 
Nə yazıq ki, bu həssasiyyəti bir çox məmurlar və onların qohumları göstərə bilmirlər. S. P.-nin dayısı oğlu da bu qəbildən olan “hövsələsiz” ərköyünlərdəndir. Bildiyimə görə, onun barəsində ən kiçik tənqid belə “zati-alilərinin” qəzəbinə tuş gəlir; həmin mətbu orqana hücumlar başlayır, fəaliyyəti məhdudlaşdırılır. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşlara verdiyi, dövlətimizin beynəlxalq konvensiyalara imza ataraq bir öhdəlik kimi boynuna götürdüyü söz və mətbuat azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Belə çıxır ki, SOCAR Prezidenti Rövnəq Abdullayevin “ərköyün” qohumları ümummilli maddi sərvətimiz olan karbohidrogen ehtiyatlarımızı necə gəldi dağıtmaqla kifayətlənmir, həm də mənəvi sərvətimiz olan media orqanlarının normal fəaliyyət göstərməsinə maneçilik törədirlər. Azərbaycanın hüquq mühafizə orqanları isə bu boyda həngaməyə laqeyd qalırlar. Nəticədə Azərbaycan ictimai rəyi xarici təsirlərə daha çox məruz qalmaq təhlükəsi ilə üz-üzə buraxılır. Yəqin razılaşarsınız ki, bu, həm də siyasi cinayət deməkdir. 
 
R. A.-nın ərköyün dayısı oğlunun əməllərinə gəlincə, bu adamın nadürüst işləri barədə Fransadan tutmuş Böyük Britaniyaya qədər dünyanın ən müxtəlif ölkələrinin media qurumları gündə bir material dərc edir. Azərbaycanın milli sərvətlərinin talanmasından tutmuş, mənimsənilən bu varidatın Avropanın müxtəlif ölkələrində keyfə, eyş-işrətə xərcləməsinə (özü də xalqımızın koronavirusla mübarizədə ciddi maliyyəyə ehtiyac duyduğu bir zamanda) qədər ən müxtəlif mövzularda qələmə alınan bu yazıları saytımıza edilən hücumlar səbəbindən işıqlandıra bilmirik. Belə çıxır ki, yalnız Azərbaycan xalqının SOCAR-da baş verən cinayətlər barədə informasiya almaq hüququ yoxdur; dünyanın bütün xalqları bu özbaşınalıqlara görə millətimizə rişxəndlə baxmalı, bizi mədəniyyətdən nəsibini almamış toplum kimi tanımalı, öz ictimaiyyətimiz isə Rövnəq Adullayevin tayfa-tuluğunun korrupsiya və əxlaqsız əməlləri barədə xəbər tutmamalıdır. 
 
Ovqat.com olaraq bunu dövlətimiz və millətimiz adına böyük haqsızlıq, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin media qurumlarına və vətəndaşlara verdiyi söz azadlığına qarşı qəsd kimi qiymətləndirir, saytımıza olan hücumların dərhal dayandırılmasını tələb edirik. 
 
Cənab prezident, bəlkə ağır çıxacaq, amma inanın səmimiyyətimə, A. Ə.-nin bu qanunsuz əməlləri istər-istəməz bəzi suallara yol açır və mən ölkənin qələm əhli kimi, bunu sizə çatdırmağı özümə borc bilirəm: Bu ölkənin sahibi kimdir? Heç bir dövləti dəyər daşımayan, işi-gücü ancaq Azərbaycanın adına ləkə gətirməkdən ibarət olan bu adam hansı haqla media qurumlarına qarşı senzura tətbiq edə bilir? Bu qanunsuzluğun məsuliyyətini kim daşıyır? Niyə SOCAR prezidenti Rövnəq Abdullayevə göstəriş verən yoxdur ki, azğınlaşmış dayısı oğlunun qanunsuz əməllərini dayandırsın?
 
Hörmətlə, Heydər Oğuz.
 
P.S. Müraciət [email protected] ünvanına göndərilmişdir.


Ana səhifəyə qayıt        Baxış: 6 774          Tarix: 16-04-2020, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma