Xəbər lenti


 
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakayanla aprelin 21-də keçirdiyi videokonfransdan sonra tənqid hədəfinə çevrildi. Nədən ki, bu görüşdə nazirlər Dağlıq Qarabağ məsələsindən daha çox koronavirus epidemiyası müzakirə edilmişdi. 
 
Görüşdən əvvəl Ermənistan Xarici İşlər nazirinin işğal altındakı Azərbaycan ərazilərinin qaytarılmayacağını bəyan etməsi, Elmar Məmmədyarovun isə ona adekvat cavab verməməsi ipləri tamamən qopardı və istər-istəməz ictimai qəzəbə səbəb oldu. Azərbaycanın bir sıra millət vəkilləri və ictimai xadimləri naziri iki gündür ağ yuyub qara sərirlər. Hətta onu yumşaqtəbiətlilikdə“dişsiz” mövqe sərgiləməklə erməni dəyirmanına su tökməkdə belə günahlandıranlar var.
 
Ovqat.com-a açıqlama verən AMİP sədr əvəzi Arzuxan Əlizadə də Elmar Məmmədyarovun Xarici İşlər naziri kimi özünü doğrultmadığına inanır. 
 


Onun fikrincə, Elmar Məmmədyarovun nazir olduğu 16 il ərzində varlığı ilə yoxluğu seçilməyib: “Xüsusilə, Dağlıq Qarabağ danışıqlarında onun və XİN-in bu “dişsizliyi”, daha konkret desək, mövqesizliyi problemin həll edilməməsinin ən başlıca səbəblərindəndir. Azərbaycan hakimiyyəti bir tərəfdən problemin diplomatik yolla həllinə üstünlük verir, digər tərəfdən isə Elmar Məmmədyarov kimi “dişsiz” bir adamı gətirib bu işlə məşğul olan nazirliyin başına qoyub. Bu anlamsız siyasət Azərbaycanın işğal olunmuş ərazilərinin erməniləşdirilməsinə xeyir-dua verməkdən başqa bir şey deyil”. 
 
AMİP sədr əvəzinin sözlərinə görə, rəsmi Bakının Xarici İşlər Nazirliyi kimi önəmli struktura bu dərəcədə barmaqarası baxmasının səbəbi şəxsən ona aydın deyil:  “Çünki hər bir dövlətin ən başlıca fəaliyyəti xarici siyasətlə bağlı olur. Elə bu səbəbdən də ciddi dövlətlərdə Xarici İşlər nazirlərinin çəkisi ölkə rəhbərindən sonra ikinci sırada gəlir. ABŞ-da da belədir, Rusiyada da, İranda da, bizim yaxından tanıdığımız Türkiyədə də. Bəs biz eyni sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov barədə deyə bilərikmi?”


 
Öz ritorik sualına “Əlbəttə, yox” cavabı verən Arzuxan Əlizadənin fikrincə, bu zəiflik ilk növbədə Elmar Məmmədyarovun şəxsi xarakterindən qaynaqlanır: “Bu adam düz-əməlli Azərbaycan dilində belə danışa bilmir. Öz tərcümeyi-halında bildiyi dillər arasında ana diliylə yanaşı türkçə, rusca və ingiliscəni də göstərən   Elmar Məmmədyarovun həmin dilləri bilməsi şübhə doğurur. Hətta bilsə belə, bu, Azərbaycanın xarici siyasət problemlərini ortaya qoymaq üçün yetərli deyil. Çünki dil təfəkkürün səsə çevrilmiş formasıdır. Odur ki, yaxşı nitq qabiliyyəti ilk növbədə fikir aydınlığından qaynaqlanır. Elmar Məmmədyarov isə ölkəmizin ən ümdə problemləri ilə bağlı aydın təfəkkürə və təsəvvürə malik deyil. Onun nadir hallarda dilə gətirdiyi sözlərinə fikir versəniz, nə dediyini anlamaqda çətinlik çəkərsiniz. Bu, təkcə nazirin nitqindəki problemdən qaynaqlanmır. XİN-nin yaydığı bir sıra bəyanatlarda da konkretlik yoxdur. Niyə? Çünki mövqe konkret deyil”.





Xarici İşlər nazirlərinin adətən geniş ictimaiyyətə yönəlik açıqlamalarında “aslan kəsildiklərini” deyən AMİP sədr əvəzi, Elmar Məmmədyarovun publika üçün nəzərdə tutulan çıxışlarında belə, güzəştə meylli ritorika mənimsədiyini xatırlatdı: “Bu onu göstərir ki, Elmar Məmmədyarov apardığı danışıqlarda da özünü əsl diplomat kimi aparmır, dövlətimizin mənafelərini layiqincə ifadə etmir. Hətta bəlkə ermənilərə güzəştə də gedir. Ermənistan XİN mətbuat katibi Anna Nağdalyanın "Kommersant" qəzetinə bu yaxınlarda verdiyi bir müsahibə də bu ehtimalı gücləndirir.



Təsəvvür edin ki, bu zamanadək Elmar Məmmədyarov və onun rəhbərlik etdiyi XİN bizə ermənilərlə mərhələli həll variantını masaya yatırdıqlarını bildirirdilər. İctimaiyyəti əmin edirdilər ki, artıq bu istiqamətdə ciddi nəticələr əldə olunub. Hətta yalandan saytlara “məlumat” ötürüdülər ki, bu yaxınlarda  5 rayon qaytarılacaq. Anna Nağdalyan isə 2018-ci ildən bəri ümumiyyətlə bu barədə danışıqlar aparılmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan üçün bu həll variantı ümumiyyətlə qəbuledilməz olduğundan müzakirə mövzusu deyil. Belə çıxır ki, Elmar Məmmədyarov ən azı iki ildir ermənistanlı həmkarıyla Qarabağın ermənilərə verilməsinin mümkün yollarını müzakirə edib. Bizə isə bu xəyanətkar mövqeyi mərhələli həll planı kimi sırıyıblar”.
 
AMİP liderinin fikrincə, Elmar Məmmədyarovun Valday sammitində yuxulaması isə daha dəhşətli mənzərə idi: “Bütün dünya Azərbaycan prezidentinin nə deyəcəyinə qulaq asdığı halda onun xarici işlər nazirinin iclasda gözününü acısını alırdı. Bu, ilk növbədə öz liderinə hörmətsizlik idi və Azərbaycan prezidentinin sözlərinə heç Elmar Məmmədyarov tərəfindən də əhəmiyyət verilmədiyini göstərirdi. Kim belə dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşar, siz də hələ Ermənistan Xarici İşlər nazirindən başqa mövqe sərgiləmək gözləyirsiniz? 


 
Ümumiyyətlə, Elmar Məmmədyarovda zərrə qədər diplomatik mədəniyyət olsaydı, Valdaydakı biabırçı görüntülər dünya mediasında yayılandan sonra dərhal istefa ərizəsi yazıb işdən uzaqlaşardı. O isə hələ də layiq olmadığı kreslosunda oturub. Məhz buna görə də mən ictimaiyyət nümayəndələrinin Xarici İşlər nazirini kəskin tənqid atəşinə tutmasına normaldır”.
 
O ki qaldı Elmar Məmmədyarovun ermənistanlı həmkarına adekvat cavab verməməsinə, Arzuxan bəyin bu sualımıza cavabı da çox lakonik oldu: “Dəvədən soruşurlar; belin niyə əyridir, deyir; haram düzdür ki? Dəvənin sözü olmasın, Elmar Məmmədyarovun harası o posta adekvatdır ki, Zöhrab Mnatsakanyana cavabı da adekvat olsun?”


Ana səhifəyə qayıt        Baxış: 6 075          Tarix: 24-04-2020, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma