Xəbər lenti

 
Azərbaycanda bəzi ev heyvanlarının sayında artım, bəzilərində azalma baş verib.
 
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ötən il iribuynuzlu mal-qara, qoyun və keçi, at və eşşəklər azalıb.
 
Atların sayı 68500 başdan 65200 başa, eşşəklərin sayı 30900 başdan 28000 başa düşüb. Ötən il 8.454.300 baş qoyun və keçi var idisə, bu il onların sayı 8.304.100 başa enib.
 
İribuynuzlu mal-qara (inək və camışlar) da 2.673.000 başdan 2.658.800 başa düşüb. Ölkədə fəaliyyət göstərən təsərrüfatlardakı donuzların sayı isə 4900 başdan 5500 başadək artıb.


 
Bu məlumatda bizim diqqətimizi cəlb edən əsas məsələ eşşəklərin sayında azalmanın baş verməsidir. Nədən ki, 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı bir məlumatda tamamilə fərqli iddia irəli sürülürək bildirilirdi: “1988-1992-cü illər arasında eşşəklərin sayında azalmalar baş versə də, 1993-cü ildən etibarən başlanan artım nəticəsində bu il Azərbaycanda eşşəklərin sayı 45 min 157 baş olmuşdur”.
 
Biz də həmin vaxt KTN-nin sevinərək verdiyi bu məlumatı Türkiyəli mərhum şair dostumuz Adnan Karamanla müzakirə masasına yatırmışdıq. Şair dostumuzla deyişməmiz əsnasında məlum olmuşdu ki, sən demə, o vaxt eşşəklərin sayındakı artım təkcə bizdə yox, həmçinin qardaş ölkədə gedirmiş.


 
O dövrdən indiyə qədər 7 il keçib. Dövlət Statistika Komitəsinin hesabatına görə, ölkəmizdə artıq 28 min eşşək qalıb. Əsas azalma isə ötən il baş verib. 
 
1993-cü ildən başlayan artımın ötən il prezident İlham Əliyevin başlatdığı kadr dəyişiklikləri ilə nə qədər əlaqəsi olduğunu deyə bilmərik. Amma bu da faktdır ki, Prezidentin ixtisara saldığı kadrların böyük əskəriyyəti 1993-cü ilin yadigarları idi. Nədənsə onlar hakimiyyətə gələndə eşşəklərin sayında artım, gedəndə isə azalma müşahidə olunur.


 
DTX-nın ötən il apardığı əməliyyat nəticəsində həbs olunan icra başçılarından birinin eşşək fermasının ortaya çıxdığını nəzərə alsaq, bu müəmmaya qismən aydınlıq gəlir. Mümkündür ki, icra başçısı həbs edildikdən sonra onun eşşəklərinə baxan olmayıb və bu dilsiz-ağızsız heyvanlar acından ölüblər.  Bəs digər kadrlar necə, yoxsa onlar da eşşək saxlayırmışlar? Axı 7 il ərzində eşşəklərin sayında 17 mindən çox fərq var. Bir icra başçısının bu qədər eşşək saxlaması nədənsə bizə inandırıcı gəlmir.
 
 Say azalmasının əsas səbəbini müəyyənləşdirməyi Kənd Təsərrüfatı naziri İnam Kərimovun öhdəsinə buraxırıq. Biz isə türkiyəli qələm dostumuza qoşulub o gözəl eşşəklərin şəninə söylədiyimiz deyişməni təqdim edir, Allahın bu zəhmətkeş heyvanlarının xatirəsini yada salmağı özümüzə borc bilirik.
 





Ana səhifəyə qayıt        Baxış: 6 557          Tarix: 26-04-2020, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma