Xəbər lenti

 


Flora Kərimovanın məşhur bir mahnısı var: 

Min nəfərə bir dərd olsa
Hökmən gəlib tapar məni,
Yer üzündə bir it varsa,
Gəlib tapıb qapar məni”.
 
Çilili jurnalist Nikolas Roxası da bu “it” Şəkidə qapıb. Təsəvvür edin, adam Azərbaycandan 14 min kilometr uzaqda yaşayır. Hardasa 18 milyon əhalisi olan Çilinin Azərbaycanda koronavirus “tələ”sinə düşən yeganə vətəndaşıdır. Özü də harda? – Paytaxt Bakıdan 300 km uzaqda yerləşən Şəkidə. 6 həftədir ki, bu qədim şəhərin məcburi qonağına çevrilən Nikolas getdikcə şəkililəşir. Bunu özü Çilinin “T13” nəşrinə açıqlamasında deyib.
 
Yəqin razılaşarsınız ki, bu talesizlik Flora xanımın mahnıda bəhs etdiyi vəziyyətdən o qədər də fərqlənmir. Sual edə bilirsiniz: Uzaq Çilidə yaşayan bu adamın ilin-günün bu vaxtında Şəkidə nə iti azmışdı ki, onu “talesizlik iti” də qapa? 
 
Gəlin, bunu jurnalistin öz dilindən eşidək.
 
“T13” nəşrinin müəllifi Pablo Kadisin  qələmə aldığı “Bütün sərhədlər bağlıdır!”: Azərbaycanda təcrid olunmuş çililinin qeyri-adi hekayəsi” sərlövhəli yazısını Ovqat.com oxucularına təqdim edirik.

 
 
 
Jurnalist Nikolas Roxas Qafqazın ətəyindəki kiçik bir şəhərdə təcrid vəziyyətə düşənədək, Şərqi Avropa ölkələrində turnedə idi. Minlərlə kilometr uzaqlıqda başına gələnləri kitaba çevirməyi düşünən Nikolas bu haqda Çilinin “T13” kanalına danışıb.
 
Mən Nikolas Roxas İnostrozayam. Jurnalistəm, 30 yaşım var. Çilinin Azərbaycandakı səfirliyinin məlumatına görə, koronavirus üzündən Azərbaycanda təcrid olunmuş yeganə çililiyəm”.
 
Nikolas Roxas düz 6 həftədir Qafqazın ətəklərində yerləşən, UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan, tarixi İpək Yolunun üzərində yerləşən, bir zamanlar Çindən Avropaya gedən karvanların keçdiyi Şəki şəhərində qapalı şəraitdə qalmaqdadır.
 
Bəs bir çilili ölkəmizdən 14 min kilometr uzaqdakı bu “tələ”yə necə düşüb? Paytaxt Santyaqo ilə arasında 8 saat fərq olan bu ölkədə gecə 23:00 radələridir. Nikolas yazacağı kitabda yer alacaq qeyri-adi hekayəsini “T13” telekanalı ilə bölüşür.


 
Barselona Universitetində dünya irsi və mədəni layihələr üzrə magistr dərəcəsi almaq üçün İspaniyaya köçmüş Nikolas, 2019-cu ilin yanvarından indiyədək 36-dan çox ölkəni gəzib. Azərbaycana da bu çərçivədə yollanıb. Turne çərçivəsində Fransa, Misir, Türkiyə, Serbiya, Albaniya kimi fərqli ölkələrə aid xronika səyahət fotolarını bir kitabda cəmləməyi düşünən Roxas son olaraq, yanvarın əvvəlində Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycan paytaxtı Bakıya yollanmaq üçün qatara bilet alır. Və hər şey bununla başlayıb

“Bakıda həftəlik plan hazırlayırdım. Orada tanış olduğum insanlardan Azərbaycanda daha hansı bölgələri görə biləcəyimlə bağlı məsləhət alırdım. Hər kəs mənə Şəkinin çox yaxşı seçim olacağını dedi. Deyirdilər ki, Şəki həm tarixi baxımdan, həm də insanlarının istiqanlılığına, mehribanlığına görə ideal rayondur. Nəticədə 1 həftəmi Şəkidə keçirmək qərarına gəldim. Başqa lahiyələr üzərində də çalışıram. Odur ki, sakit bir yerdə qalmaq, həm şəxsi işlərimi görmək, həm də istirahət etmək istəyirdim. Amma artıq 6 həftədir ki, buradayam. Şəki mənə həqiqətən də çox sakit yer təsiri bağışladı”, - deyə Nikolas keçmiş Sovet ölkəsində keçirdiyi günlər haqda danışarkən bildirir.


 
Halbuki Roxasın planı orada 1 həftə zaman keçirdikdən sonra Gürcüstana qayıtmaq, oradan Ermənistana, daha sonra Rusiyaya getmək idi. Pandemiya planları alt-üst edib…
 
Qafqazın ətəyində karantin
 
Nikolas deyir ki, “bu ərəfədə lüks sayıla biləcək yeganə şey keçirdiyimiz boş vaxtdır”. Çünki Azərbaycan bütünlüklə karantin rejimindədir və bu üzdən, xüsusi səbəb olmadan küçəyə çıxmaq mümkün deyil.
 
Nikolas Roxasın sözlərinə görə, Azərbaycan həqiqətən effektli karantin rejimi tətbiq edir. Bu, kafe və restoranların əvvəlcə saat 21:00-da, daha sonra 15:00-da bağlanması ilə başlayıb. Nəticədə Şəkidə xüsusilə kişilərin asudə vaxtlarını dostları ilə bölüşmək üçün getdikləri çay evləri də qapadılıb. Nikolas bunu müsbət hal sayır.
 
Amma məsələ bununla bitmir. Bir müddət sonra demək olar ki, hər yer bağlanıb. Artıq ölkə ərazisində yalnız marketlər və apteklər işləyir, ora getmək üçünsə SMS vasitəsilə müvafiq qurumdan icazə alınmalıdır. SMS icazə də 2 saatlığa verilir. Nikolas deyir ki, bu vəziyyət böyük ehtimalla mayın 4-dək davam edəcək.
 
Azərbaycanda karantin qaydalarını pozanlara qarşı tətbiq edilən sanksiyalar getdikcə sərtləşdirilir. Nikolasın sözlərinə görə, belə pozuntulara yol verənlərə tətbiq olunan cərimələr minimum əməkhaqqına görə olduqca yüksəkdir: “İnsanlar parklara, meydanlara buraxılmır”.


 
Gözləmədiyi vəziyyətlə üzləşən Nikolas Çilinin Azərbaycandakı səfirliyinə müraciət edib. Lakin səfirlikdən ona yerli karantin qaydalarına riayət etməsinin vacibliyini bildiriblər. Səfirlikdən onu da deyiblər ki, onun ölkəsinə dönməsi üçün xüsusi təyyarənin ayrılması mümkün deyil. Sən demə, aprel-may ayları ərzində Azərbaycandan xaricə uçuşlar qadağandır.
 
Bu da son deyil. Quru sərhədləri də bağlıdır. Demək, Nikolas Azərbaycanı tərk edə bilməz. Belə olan təqdirdə səfirlik ona “sakit qalmasını” və “özünü qorumasını” tövsiyə edib.
 
İndi, Nikolasın bir təsəllisi var. Xoşbəxtlikdən onun təcrid olunduğu şəhərin insanları çox mehribandır. Üstəlik, orada koronavirusa yoluxma halı da yoxdur.
 
Kim düşünərdi ki, günlərin birində dilini belə, bilmədiyim bir ailədə qalacağam. Artıq onları öz ailəm kimi qəbul edirəm”, - deyə N.Roxas bildirir. Nikolas qapılarını ona açmış ailənin üzvlərilə az-çox ingilis dilində danışır: “Əsas ünsiyyətimiz isə işarələrlədir və bu, bizdə mükəmməl alınır”.

 
 
Beləliklə, Nikolas yazacağı kitabda fərqli mədəniyyət içərisində karantin şəraitində yaşamağın necə hiss olduğundan da bəhs edəcək. O, deyir ki, əslində Şəkidə bir kitab yazacaq qədər vaxtı var. Artıq kitabın adı da bəllidir: “All the borders are closed” (“Bütün sərhədlər bağlıdır”). Jurnalist son zamanlar bu cümləni çox tez-tez eşitdiyi üçün kitabı belə adlandırmaq qərarına gəlib.
 
Nikolas deyir: “Düşünürəm ki, bu səfər məni tamamilə dəyişib. Artıq tam başqa insana çevrilmişəm. Fərqli yerləri görmək, bu cür maraqlı, hər addımda mənə kömək edən insanlarla tanış olmaq dünya görüşümü dəyişib. Karantin mənə bu sevimli insanlarla daha sıx ünsiyyət qurmaq imkanı yaradıb. Eyni zamanda, sənədli filmlər izləmək, yazmaq, düşünmək, gələcəklə bağlı planlar qurmaq üçün də fürsət qazandım. Fikrimcə, koronavirus hər birimizi, bütün dünyanı çox dəyişdirəcək. Ən azı əllərimizi daha çox yuyacaq, həyata fərqli nöqteyi-nəzərdən baxacağıq”.


Ana səhifəyə qayıt        Baxış: 3 624          Tarix: 27-04-2020, 01:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma