Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Ovqat.com-un təqdimatı
Müasir dünyamızın ən güclü silahı mediadır. Hakimiyyətin 4-cü qolu adlanan bu “silah” təkcə hansısa siyasi qrupu hakimiyyətə daşıyan əsas platforma olmaqla qalmır, həm də düşmən dövlətlərə qarşı ən etibarlı müdafiə və hücum “silahı” sayılır. Təsadüfi deyil ki, ərəb dünyasını iğtişaşlarla alt-üst olunmasında Qətərin yaratdığı “Əlcəzirə” telekanalının müstəsna rolu oldu. Hərbi və iqtisadi cəhətdən Qətərdən qat-qat üstün olan dövlətlər bu gözəgörünməz silahın qarşısında aciz qalıb yox oldular.
Media siyasəti həm də beynəlxalq ictimai rəyi düşmən tərəfin əleyhinə çevirib öz məqsədinə çatmaq “silahı”dır. Etiraf edək ki, bu gün bir ovuc erməni qarşısında çətin vəziyyətində düşməyimizdə həmin silahdan doğru istifadə etməməyimizin də payı az deyil. Biz media gücümüzü daxili savaşlara sərf etdiyimiz bir zamanda ermənilər beynəlxalq ictimai rəyi ölkəmizin əleyhinə formalaşdırmaqla məşğul idilər. Nəticədə beynəlxalq güclər ölkəmizin haqq davasına mane olur, erməniləri dəstəkləyən mövqe tuturdular.
Sevindiricidir ki, Azərbaycan gec də olsa, bu səhvini anladı. Əsasən xaricdə təhsil alan və ordakı media qurumlarına çıxışları olan mütəxəssislərdən təşəkkül tapan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yarandı və bu qurumun fəaliyyəti yalnız problemləri analiz etməklə yekunlaşmadı. Bu gün dünyanın müxtəlif yerlərində erməni media gücünün qarşısına BMTM-nin milli məfkurə ilə silahlanmış “intellektual əsgərləri” çıxırlar.
BMTM-nin şöbə müdiri Fuad Çıraqovun Polşada yayımlanan New Eastern Europe nəşrində yayımlanan “Tarixi iddialar və revizionist yanaşmalar Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirir” sərlövhəli yazısı da intellektual müdafiəmizin ən gözəl örnəklərindəndir.
Məqaləni Ovqat.com oxucularına təqdim edirik.
Fuad Çıraqov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri
Redaktorun qeydi: Bu məqalə nəşrimizdə bu yaxınlarda dərc edilmiş “Dağlıq Qarabağ niyə vacibdir?” başlıqlı yazıya cavabdır. Biz bu məqaləni debat ruhuna uyğun olaraq dərc edir, oxucularımızın məsələyə başqa mövqedən də baxa bilməsinə şərait yaradırıq.
Müəllif həmin məqalənin giriş hissəsində Dağlıq Qarabağ münaqişəsinin yekun həllilə bağlı bugünkü çətinliklərindən, Ermənistan və Azərbaycan liderlərinin öz ritorikalarının tələsinə necə düşdüklərindən bəhs edib. Düşünmək olardı ki, o müəllif “mif yaradıcılığı”ndan, tarixi hadisələrin ideallaşdırılmasından qaçacaq, tərəflərdən birinin mövqeyini əsaslandırmağa çalışmayacaq. Hər halda, iki dövlət arasındakı münaqişədə hər iki ölkənin iqtisadi potensialına, insan resurslarına, hər iki xalqın firavanlığına, həmçinin regionun keçmişinə, bu gününə, təəssüf ki, gələcəyinə ciddi zərbə vurub. Üstəlik, bütün dünya üçün çətin keçən indiki dövrdə Dağlıq Qarabağ münaqişəsi haqda yazan hər hansı müəllif mənasız mübahisələrdən yan keçməli, tərəflərdən birini günahlandırmamalıdır. Çünki bu, “dalana dirənmiş” münaqişə ilə bağlı vəziyyəti daha da qəlizləşdirə bilər. Odur ki, bu iki ölkənin liderlərinə və cəmiyyətinə münaqişə ilə bağlı hazırkı status-kvodan qurtulmaqda yardım etmək üçün ehtiyatlı olmaq, qeyri-müəyyən tarixi arqumentlərə əsaslanan təhlükəli revizionist iddialardan çəkinmək lazımdır.
Hər halda, dürüst, qərəzsiz, özünü qarşı tərəfin yerinə qoya bildiyini iddia edən eskpert nəyin bahasına olursa-olsun tərəflərdən birinin mövqeyini haqlı çıxartmaq üçün tarixi faktları təhrif, yaxid yanlış şərh etməməlidir.
Həmin məqalədə isə müəllif xanım Mnatsakanyan birincisi, Qarabağ və Azərbaycanın digər əraziləri haqda doğru olmayan tarixi iddialar irəli sürür, bununla da Ermənistanı haqlı çıxartmağa çalışır. Halbuki, bunun nə tarix, nə də müasir beynəlxalq hüquq normaları ilə əlaqəsi var. Müəllif tarixi hadisələrin xronologiyasını qeyd edən zaman mühüm tarixi faktlara toxunmur. Bununla da o, həmin dövrün tarixini bilməyən oxucuları özlərindən müəyyən nəticələr çıxartmağa sövq edir. Halbuki, onun qeyd etmədiyi faktlar ortaya tam başqa mənzərə çıxarır. Məsələn, müəllif Qarabağın Erməni Assambleyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 1919-cu il avqustun 26-da imzalanmış sazişdən danışmır. Həmin sazişə əsasən, Qarabağın Erməni Assambleyası Azərbaycanın ərazi bütövlüyü və yurisdiksiyasını qəbul etmişdi. Bu vacib faktı qeyd etməyən müəllif yalnız Qarabağın Erməni Assambleyasının 1920-ci il 23 aprel tarixli qərarını xatırladır və ermənilərin 1919-cu il avqustun 26-da imzalanmış sazişi nə üçün pozduğuna aydınlıq gətirmir. Ermənilər bu qərarı 1920-ci il aprelin 23-də, yəni “Qırmızı ordu”nun Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsindən (28 aprel) 5 gün əvvəl vermişdi. Həmin dövrdə “Qırmızı ordu” ilə müttəfiq olan ermənilər Azərbaycana qarşı təcavüzkar siyasət yürütməyə başlamışdılar. Məhz bu üzdən, Azərbaycan şimal sərhədindəki ordusunun böyük hissəsini qərb bölgəsinə göndərməyə məcbur olmuşdu. Belə olmasaydı, həmin hərbi birləşmələr “Qırmızı ordu”ya qarşı mübarizə apara bilərdi...
Beləliklə, bolşeviklər Azərbaycanı Qarabağ ermənilərinin “Qırmızı ordu” ilə müttəfiqliyi və Azərbaycana qarşı təcavüzü nəticəsində asanlıqla işğal edib.
Müəllif daha sonra işğalçı kommunist rejiminin 1920-ci il noyabrın 30-da Dağlıq Qarabağı, Naxçıvanı və Zəngəzuru Sovet Ermənistanının ərazisi kimi tanıdığını qeyd edir. Bəs məsələnin mahiyyəti nədən ibarətdir? Bu qərar işğalçı rejimin hakimiyyətinin ən sərt dövründə verilmişdi. Kommunist rejimi bununla erməniləri Azərbaycanın işğalına yardım etdikləri üçün mükafatlandırmaq istəmişdi. Lakin sonradan onlar bu qərarın ərazilərin demoqrafik xarakterinə uyğun olmadığını anlayıb, bununla regionun nəzarətdən çıxa biləcəyini başa düşüb. Nəticədə kommunist rejimi həmin qərarını dəyişib: Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi qalır, Zəngəzur isə Ermənistana verilir. Odur ki, müəllifin Dağlıq Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmadığına dair iddiasının nəinki əsası yoxdu, bu, müzakirə mövzusu belə, deyil.
Qısası, tarixin belə xülasəsi, bu formada debatlar xalqlar arasında dialoqa, sülh səylərinə töhfə vermir. Odur ki, saxta tarixi arqumentlərə əsaslanmış revizionist iddialar çox təhlükəlidir.
Yeri gəlmişkən, Cənubi Qafqazın tarixində çox sayda münaqişə və müharibə olub. Bu, təkcə Ermənistanla Azərbaycan arasında baş verməyib. Ermənistan ərazi iddialarına görə, Gürcüstanla da müharibə aparıb. Odur ki, tarixə birtərəfli yanaşma beynəlxalq hüquqa və təhlükəsizliyə zərbə vura, mənfi presedentlər yarada bilər.
Dəfələrlə təkrar edildiyi kimi Ermənistanın tarixi iddialarının nə dərəcədə doğru olub-olmadığından asılı olmayaraq, həmin iddialar kritik dövrlərdə mövcud olmuş hüquqi vəziyyəti dəyişdirə bilməz. Bu, həm Azərbaycanın müstəqilliyinin ilk illərindəki, həm də ondan sonrakı dövrdəki hüquqi vəziyyətə də aiddir. Əks halda, beynəlxalq ictimaiyyət tarixi arqumentlərə əsaslanan çoxsaylı revizionist iddia ilə qarşılaşacaq.
Bir sözlə, Ermənistan beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və ona bitşik 7 rayonu işğal edib. İşğal zamanı Ermənistanın bilavasitə öz hərbi qüvvələrindən, yaxud dolayısı ilə qondarma “Dağlıq Qarabağ hakimiyyəti”nin formalaşdırdığı qüvvələrdən istifadə etməsindən asılı olmayaraq, o, bu əraziləri işğal edib və işğal altında saxlayır! Hər halda, qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini Yerevanın özü də daxil olmaqla, heç bir dövlət tanımır. Yerevan bu qondarma qurumu tam dəstəkləyir və nəzarət altında saxlayır. Bu fakt Avropa İnsan Haqları Məhkəməsi daxil olmaqla, çox sayda beynəlxalq təşkilatın sənədlərində də əksini tapıb. Məsələn, Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında bu, açıq şəkildə qeyd olunur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə isə Azərbaycan Respublikasının işğal altındakı ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Bütün bu faktlara əsaslanaraq, həmçinin tarixi və hüquqi nöqteyi-nəzərdən işğal altındakı əraziləri “müstəqil hüquqi qurum” və ya “müstəqil siyasi qurum” kimi təqdim etmək yolverilməzdir.
Bu gün Ermənistanın Dağlıq Qarabağda qondarma qurum yaratdığı hər kəsə bəllidir. Bunun əksini sübut etməyə çalışmaq, Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil tərəf kimi göstərmək, reklam etmək hüquqi və tarixi faktların manipulyasiyası və diqqətin substantiv danışıqlardan yayındırılmasıdır.
Digər tərəfdən, universal beynəlxalq hüquq doktrinasına əsasən, SSRİ-yə daxil olmuş keçmiş müttəfiq respublikalar sovet dövründəki sərhədləri çərçivəsində yeni müstəqil dövlətlər kimi tanınıb. Başqa sözlə, Azərbaycan 1992-ci ilin martında BMT-yə Sovet dövründəki administrativ sərhədləri çərçivəsində tamhüquqlu üzv qəbul olunub. Yəni beynəlxalq hüquq doktrinasına əsasən, Azərbaycan öz müstəqilliyini Sovet dövrünün qanunları ilə müəyyən edilmiş sərhədləri çərçivəsində elan edib.
Hesab edilir ki, müasir dövlətlər beynəlxalq hüquqa və onun əsas prinsipi olan ərazi bütövlüyünə hörmət etməlidir. Yəni müasir dövlətlər cəmiyyətin ərazilər və sərhədlərlə bağlı tarixi iddialarından asılı olmayaraq, bu prinsiplərə hörmətlə yanaşmalıdır. Bu, İkinci Dünya müharibəsinin bitməsindən və nasizmin süquta uğramasından sonra beynəlxalq təhlükəsizliklə bağlı ən mühüm təməl və tarixi dərsdir. Hazırkı statusla, ərazilərlə, sərhədlərlə, həqiqi və ya uydurma travmalarla, subyektiv keçmişlə bağlı narazılıqlar demək olar ki, bütün ölkələrdə var. Odur ki, bütün dövlətlər bu fantaziyalara və revizionist iddialara əsaslanan siyasət yürüdərsə, bütün dünya düzəni təhlükə ilə qarşı-qarşıya qalar.
Beləliklə, müasir dövlətlər müxtəlif etnik, dini və mədəni qruplarla bağlı, həmçinin vətəndaş millətçiliyi, multikulturalizmlə bağlı inklüziv siyasət yürütməli, panerməni ideologiyası kimi dar etnomərkəzçi, panmillətçi və s. ideologiyalardan uzaq durmalıdır.
Təəssüf ki, Mnatsakanyan məqaləsində Dağlıq Qarabağ və ona bitişik rayonlardan olan məcburi köçkünlərin, həmçinin Ermənistandan qaçqın düşmüş insanların ağır vəziyyətinə, əzablarına bəraət qazandırmağa çalışır. Bu gün təxminən 1,2 milyon azərbaycanlı qaçqın və məcburi köçkündür. Ermənistanın işğalı nəticəsində bu gün Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ilk sıralarda gəlir.
Bir zamanlar Cənubi Qafqaz regionu etnik müxtəlifliyə malik olub. Burada müxtəlif etnik və dini qrupa aid insanlar əsrlər boyu çiyin-çiyinə yaşayıb. Yalnız ermənilərin son yüz ildə yürütdüyü etnik təmizləmə siyasəti, digər xalqlara qarşı qeyri-tolerant münasibəti nəticəsində bu gün Ermənistan monoetnik dövlətə çevrilib. Bu gün Ermənistan əhalisinin 97%-ni ermənilər təşkil edir. Bu, panerməni ideologiyasıdır. Ermənistanın dövlətçiliyinin bu əsas ideologiyasından təkcə Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinə deyil, həm də qonşu dövlətlərə qarşı istifadə olunur.
Yeri gəlmişkən, son illərdə sağçı partiyaların və ideologiyaların mövqeyi xeyli güclənib və bu, narahatlıq yaradan məqamdır. Çünki bu gediş sonda bütünlükdə beynəlxalq sistemi silkələyə bilər. Cənubi Qafqazda isə bu, heç də yeni ideologiya deyil. Panerməni ideologiyasının əsasında illərdir “dənizdən-dənizə Ermənistan” fikri dayanır. Ermənilərin iddialarına görə, guya II Tiqran eramızdan əvvəlki dövrdə qısa müddət ərzində bu əraziləri tuta bilibmiş.
Ermənistandan fərqli olaraq, etnik və dini müxtəlifliyə malik Azərbaycanda dövlət siyasəti, ideologiyası multikulturalizmdir. Əsrlər boyu azərbaycanlıların həyat tərzinə çevrilmiş multikulturalizm və toletantlıq bu gün də milli kimliyindən, dinindən və dilindən asılı olmayaraq, Azərbaycan dövlətinin vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman ölkəmizdə yaşayan yəhudilər, talışlar, ləzgilər, avarlar, kürdlər, ruslar və sair daxil olmaqla, bütün etnik və dini azlıqların nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb, onların əksəriyyəti həyatlarını itirib, Azərbaycanın Milli Qəhrəmanı adına belə, layiq görülüb.
Azərbaycanlı rəsmilərin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağ regionunda yaşayan erməni vətəndaşlarını qəbul etməyə, onlara Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müqəddəratını təyinetmə hüququ verməyə hazırdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar