Xəbər lenti

 
İqtisadi cəhətdən tənəzzül yaşayan, iyun ayına çıxıb-çıxmayacağı dəxi bəlli olmayan Azərbaycan mənasız xərcləri azaltmaq üçün bir çox yarışları, festivalları, beynəlxalq toplantıları təxirə salmaq yolunu tutub. Bizi xam yerinə qoyan dövlətlər isə deyəsən yuxudan gec ayılmağımızı belə həzm edə bilmirlər. Rəsmi Bakının Formula 1 yarışlarını təxirə salmaq qərarına beynəlxalq təşkilatların və onların təsiri altında olan media qurumlarının reaksiyası bu cür düşünməyə əsas verir.
 
Ovqat.com xəbər verir ki, Fransanın F1ACTU nəşrinin 27/04/2020 tarixli buraxılışında dərc olunan Bakı və Moskva Formula 1 yarışlarında tribunaların dolu olmasını istəyir sərlövhəli məqaləsindən də əməlli-başlı təzyiq iyi gəlir.


 
Formula 1 yarışlarının rəsmi orqanı olan saytın Azərbaycanın və Rusiyanın “iştirakçısız yarış olmaz” arqumentinə açıq-aşkar istehzanın yer aldığı məqaləsində bu öhdəliyi zorla boynumuza qoyacaqlarına ümidlərini gizlətmirlər: “Ümid edirik ki, iyunun sonunadək Bakının Formula 1 komandalarını və azarkeşlərini qəbul etmək imkanı yaranacaq”.


 
Əslində isə Azərbaycanın və Rusiyanın bu arqumentinin çox önəmli əsasları var. Hər il yüzmilyonlarla dollar xərc çəkdiyimiz Formula 1 yarışına gələn qonaqların hesabına heç olmasa göyə sovurduqlarımızın bir qismini çıxara bilirdik. Böyük qismini isə ölkəmizi dünyada təbliğ etməyin “qara gözlərinə qurban” deyib susurduq. İndi bizə cüzi qazanc gətirən həmin qonaqlar da gəlməyəcəklər.
 
Azərbaycan isə, Beynəlxalq Avtomobil Federasiyasının fikrincə, əlində-ovcunda qalan kapitalını küçələrə səpib koronavirusun dünyaya qan uddurduğu ilin-günün bu zamanında “avtoşluğ”un reklamına pul xərcləməlidir. Niyə? Ona görə ki, Almaniyanın, Fransanın, ABŞ-ın avtomobil sənayesi yeni müştərilər qazansın.


 
Özü də nə qədər xərcləməliyik? - 100 milyonlarla dollar.

Yarışların Azərbaycan üzrə təşkilatçısı (promouteri) Arif Rəhimovun bildirdiyinə görə, təkcə Formula-1 trekinin inşasına ildə təxminən 30 milyon dollar tələb olunur. Hökumət koronavirusa görə karantin rejimi tətbiq etdiyi ölkədə ev həbsinə atdığı zavallı vətəndaşına ayda 190 manat tapıb verə bilmir. Millət ot yeməklə hakimiyyətin bu xəsisliyinə etiraz edir. Formula 1-in baş “avtoşları” isə iki ayaqlarını bir başmağa dirəyib iyunun 1-də Bakıda Qran Pri yarışlarının keçirilməsinə “ümidlərini” dilə gətirirlər. Həm də elə bir tərzdə ki, bu sözləri ümiddən çox, basqıya oxşayır.
 
“F1ACTU” nəşrinin ümid dolu təzyiq yazısını Ovqat.com oxucularının ixtiyarına buraxırıq. Buyurun, əziz oxucular, bu böyük həyasızlığa siz qiymət verin.
 

 
Keçmiş sovet ölkələri olan Azərbaycan və Rusiya 2020-ci ilin Formula 1 yarışlarını gec də olsa, tamaşaçıların iştirakı ilə keçirəcəklərinə ümid edirlər.
 
Bakıda şəhər trasında keçirilməli olan yarış artıq təxirə salınıb. İndi isə promouter tədbirin proqrama tamaşaçısız yarış kimi salınmasından imtina edir. “Biz tamaşaçısız yarış təşkil etməyi məqsədəuyğun saymırıq”, - deyə promouterin açıqlamasında bildirilir: “Ümid edirik ki, iyunun sonunadək Bakının Formula 1 komandalarını və azarkeşlərini qəbul etmək imkanı yaranacaq”.
 
Promouterlər deyirlər ki, hava şəraiti ilə əlaqədar olaraq, yarışı oktyabrın ortalarından gec olmayaraq da keçirə bilərlər.
 


Rusiya Qran Prisinin promouterisə sentyabrın sonuna planlaşdırılan yarışın keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
 
Biz yarışı Formula 1 tərəfindən təsdiq olunmuş tarixlərdə tamaşaçıların iştirakı ilə keçirəcəyik. Odur ki, Rusiya tarixinin yeddinci yarışına hazırlığı davam etdiririk”, - deyə Rusiya çempionatının promouteri bildirib: “Əgər şərait hər hansı əlavə tədbirləri zəruri edərsə, texniki cəhətdən alternativ varianta da hazırıq. Sadəcə bu zaman müqavilə öhdəlikləri bir az fərqli ola bilər”.
 
Formula 1 tərəfindən Rusiya Qran Prisinin tarixinin dəyişdirilməsilə bağlı hər hansı təklif yoxdur. Şübhəsiz ki, biz də yarışın əvvəldən müəyyən edilmiş tarixdə keçirilməsini istərdik”, - deyə açıqlamada bildirilir.
 
 
Patrik Anqler
 
Fransa



Ana səhifəyə qayıt        Baxış: 9 685          Tarix: 2-05-2020, 02:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma