Xəbər lenti
Dünən, 19:15
Dünən, 16:00
Dünən, 14:00
Dünən, 12:20
Dünən, 11:58
Dünən, 10:08
Dünən, 09:13
27-12-2024, 23:53
27-12-2024, 22:59
27-12-2024, 20:27
27-12-2024, 19:51
27-12-2024, 18:30
27-12-2024, 17:30
27-12-2024, 16:22
“İlqar Məmmədova və Rəsul Cəfərova verilmiş bəraət Tofiq Yaqubluya niyə çox görülür? Axı o da siyasi sifarişlə həbs olunub və dünyanın koronavirusa görə məhbusları azad etdiyi bir zamanda həbsxanaya salınıb”.
Ovqat.com xəbər verir ki, bunu Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti qəribə bir ədalət prinsipi mənimsəyib: “Əvvəl “sözə baxmayan” siyasi xadimləri qanunsuz həbs edir, illərlə həbsxanalarda çürüdür, məsələ Avropa məhkəmələrinə qədər gedib çıxır, ölkənin adı bədnam olur, beynəlxalq qurumlar Azərbaycana vaxt verəndən sonra siyasi məhbusları azadlığa buraxırlar. Nəticədə ölkənin suveren hüquqları da şübhə altına alınır. Belə məlum olur ki, Azərbaycan qanunlarla deyil, xarici təzyiqlərlə və daxili göstərişlərlə idarə olunur. Rəsmi Bakının özü barədə bu dərəcədə acizlik imici yaratması nə dövlətçilik adına, nə qanunun aliliyi prinsiplərinə, nə də millət kimi bizim şanımıza yaraşır. Ağıllı dövlətlər məsələ bu qədər şişməmiş problemi yoluna qoyarlar. Üstəlik, həbs edilən insanlar siyasi xadimlərdirsə və sifariş əsasında azadlıqdan məhrum olunublarsa, bu cür halların heç bir məntiqi əsaslandırması yoxdur”.
Əməkdaşımızla söhbətində partiya sədri “Real”-ın lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsinə də öz münasibətini bildirib. O deyib ki, Ali Məhkəmənin plenumun qərarı ilə həmin şəxslər bəraət alıblar: “Bəraət isə o deməkdir ki, onlar ittiham edildikləri cinayəti törətməyiblər. Halbuki, bu şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsindən tutmuş Ali Məhkəməyə qədər bütün instansiya məhkəmələrində baxılıb və hamısının hökmü eyni olub. Ali Məhkəmənin plenum qərarı isə bütün bu hökmlərin heç birinin qanuni əsasının olmadığını təsdiqləyir. İlqar Məmmədov 4 il, Rəsul Cəfərov isə 2 il qanunsuz yerə həbsdə saxlanılıb. Elədirsə, bu adamları qanunsuz həbsə atan, illərlə ailə-uşaqlarından ayrı salan, ağır stress yaşadan hakimlər niyə indiyədək öz layiqli cəzalarını almayıblar. Onlar indi də öz vəzifələrinin başındadırlar və növbəti qurbanlarını gözləyirlər. Halbuki, bu qanunsuzluğa imza atan hakimlərin hər biri nəinki işdən çıxarılmalı, hətta ən ağır cəzaya layiq görülməlidirlər”.
“Hakimin cənayətkarından daha təhlükəli cani ola bilməz”
Hüquq elmləri doktorunun fikrincə, dünyanın ən qatı cinayətkarı siyasi sifarişlərlə kiməsə layiq olmadığı cəzanı verən hakimdir: "Oğurluq edənlər bəzən bir tikə çörək xətrinə ilk cinayətlərinə başlayırlar və bu onların çarəsizlikdən öyrəşdikləri peşəyə çevrilir. Bir çox cinayətkarlar hətta törətdikləri əməlin hüquqi məsuliyyətini belə, anlamırlar. Qanunsuz qərarlar qəbul edən hakimlər isə cinayəti şüurlu şəkildə və dəfələrlə düşünərək həyata keçirirlər. Hüquqda şüurlu davranışla sövqi-təbii davranış arasında məsuliyyət fərqi var. Törətdiyi əməlin cinayət olduğunu bilə-bilə, şüurlu şəkildə həyata keçirilməsi qanunvericilikdə ağırlaşdırıcı hal sayılır. İllərlə məhkəmələrə rəhbərlik edən məhkəmə sədrləri, minlərlə insanın taleyinə imza atan hakimlər yuxarıların sifarişiylə qərara imza atırlar və öz əməllərinin qanunsuz olduğunu anlamadıqlarını da iddia edə bilməzlər. Onlar şüurlu şəkildə bu cinayətə yol verdikəri üçün Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə cəzalandırılmalıdırlar. Əfvə, aministiyaya belə salınmamalıdırlar. Çünki hakimin cənayətkarından daha təhlükəli cani ola bilməz”.
“Məhkəmə nədir, inada düşmək nədir, Cənab Səməd Seyidov?!”
İlyas İsmayılov Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bu məsələylə bağlı mətbuata verdiyi açıqlamasına da münasibət bildirib. O qeyd edib ki, Səməd Seyidovun sözlərindən bəraət qərarının belə, siyasi sifarişlə verildiyi aydınlaşır: “Səməd Seyidov deyir ki, Avropa Şurası bizə təzyiq etdikcə, biz inada düşürük. Qanunsuz həbsə atılmış adamları vaxtında azadlığa buraxmırıq. Əvvəla, Səməd Seyidov səhv deyir, Avropa Şurası vaxt verməsəydi, Ali Məhkəmə o şəxsləri azadlığa buraxmazdı. Ali Məhkəmə elə müstəqildirsə, Tofiq Yaqublunu da buraxsınlar. Onu da gözləyib-gözləyib axırda beynəlxalq təşkilatların təzyiqiylə azadlığa buraxacaqlar. Nəticədə isə ölkəmizin avtoritar qaydada olduğu bir daha öz təsdiqini tapacaq.
İkincisi, birisi bu adama başa salsın ki, məhkəmələr inada düşüb hökm çıxarmırlar. Qanunun tələbi nədirsə, ona qərar verirlər. Səməd Seyidovun mülahizələri düzdürsə, yəni Azərbaycanın məhkəmə sistemi inada düşürsə, deməli, öz təyinatına görə hərəkət etmir. Məhkəmə nədir, inada düşmək nədir?
Üstəlik, gecikmiş qərarlar heç vaxt ədalətli sayıla bilməz. Hakimiyyət isə illərlə azadlıqdan məhrum etdiyi insanlara 5-10 manat pul verməklə ədalətsizliyini kompensasiya etdiyini düşünür. Halbuki Azadlıqda keçən hər anın dəyəri ölçülməzdir”.
Ölkə başçısı İlham Əliyevin bu yaxınlarda yeni Baş prokuror Kamran Əliyevlə videokonfransda söylədiyi fikirləri dinlədiyini bildirən İlyas İsmayılov onun bütün sözlərinə qatıldığını, amma Baş prokurora bu göstərişin Prezident tərəfindən verilməsini qəbul etmədiyini bildirdi: “Qanunun aliliyi, hüquq-mühafizə orqanlarının obyektiv çalışması ölkə başçısının iradəsindən asılı olmamalıdır. Ən azı, ona görə ki, Prezident hakimiyyətin icra qolunun rəhbəridir, hüquq mühafizə orqanları isə nəzarət hakimiyyətini təmsil edirlər. Bütün hüquq mühafizə orqanlarının qanunun aliliyini əldə rəhbər tutması hakimiyyət mexanizminin təbiətindən irəli gəlməlidir. Bununla belə, Azərbaycan reallıqlarını nəzərə alır və üzümü ölkə başçısına tutub səslənirəm: “Qanunun aliliyi bir ölkədə o zaman təmin olunar ki, hakimlərin çıxardığı hökmlərin qanunsuzluğu Ali Məhkəmənin plenum qərarı ilə bir daha təsdiqlənərsə, onların hamısı öz cəzasını alarlar. Bu həm də digər hakimlər üçün ibrət dərsi olar. Əks halda ən qatı cinayətkarlar vəzifələrində saxlanıldığı halda, acından ölməmək üçün dükandan çörək oğurlayana oğurluq maddəsilə cinayət işi açmaqla heç bir ədalətli cəmiyyət quruculuğundan danışmağa dəyməz”.
İlyas müəllim söhbətimiz sonunda Kamran Əliyevin Baş prokuror təyin edilməsini təqdirlə qarşıladığını və onun barəsində indiyədək xoş sözlər eşitdiyini bildirdi: “Ümidvaram ki, Kamran Əliyev öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edəcək və kimlərinlə göstərişini deyil, qanunun tələblərini yerinə yetirəcək.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar