Xəbər lenti

 
ABŞ Hərbi Donanması Barents dənizinə 4 hərbi gəmi göndərmək qərarına gəlib və bu istiqamətdə ilk addımlarını atıb.
 
Ovqat.com-un məlumatına görə, məlumatı ABŞ Hərbi Dəniz Qüvvələri yayıb.
 
Bildirilir ki, gəmilər Barentsdə “dəniz təhlükəsizliyi əməliyyatı” həyata keçirəcəklər.
 
Pentaqon onu da bəyan edib ki, "anlaşılmazlıqların qarşısını almaq, riskləri azaltmaq və gərginliyi təsadüfən artırmamaq üçün" Barents dənizində həyata keçiriləcək missiya barədə mayın 1-də Rusiyaya məlumat verilib.
 
 Moskvadan gələn cavab isə qeyri-müəyyənliyi ilə seçilir: “Rusiyanın Şimal Donanması bu əməliyyatı izləyəcək”.


 
Qeyd edək ki, ABŞ hərbi gəmiləri bu dənizdə ən son 1980-ci illərdə  olub. 1987-ci ildə Qorbaçovla Reyqan arasında  bağlanan “Ortamənzilli Nüvə Gücü Müqaviləsi”ndən sonra Barents dənizindən çəkilən ABŞ donanmasının bir də 2020-ci ildə bölgəyə qayıtması ciddi narahatlıq doğurur. Çünki ABŞ ötən il avqustun 2-də Rusiyanın sözügedən müqavilənin şərtlərini pozduğunu elan edərək, özü də bu sənədi artıq tanımadığını bildirmişdi. 
 
Ötən illərdə rus hərbi təyyarələrinin Barents dənizi üzərində hərbi manevrlər keçirməsi İngiltərə ilə Rusiya arasında gərgin anlar yaşatmışdı.
 
ABŞ hərbi donanmasının məhz bu hadisələrdən sonra Barents dənizinə qayıtması Skandinaviya ölkələrini rus təhlükəsindən qorumaq üçün də NATO-nun əsas prioritetlərindən sayılır.


 
Verilən məlumatlara görə, ABŞ-a məxsus USS Porter və USS Donald Cook gəmisi və Böyük Britaniyaya məxsus HMS adlı firekatla (böyük gəmiləri dəstəkləyən orta böyüklükdə gəmi)  dünən səhər Barents dənizinə daxil olub.
 
USS Porter və USS Donald Cook gəmilərinin Tomahawk raketləri və Aegis raketdən müdafiə sistemi ilə təchiz edildiyi bildirilir. 
 
Məlumat üçün bildirək ki, ötən il Baltik dənizinə girən ABŞ gəmiləri üzərində rus təyyarələri dövrə vurmuş və bu da ciddi gərginliyə yol açmışdı. ABŞ-ın bu dəfə Barents dənizinə tam təchizatlı girməsi Rusiya təyyarələrinə bu imkanı verməmək məqsədi güdə bilər.
 
Gəmilərin təchiz edildiyi Tomahawk raketləri bir zamanlar dünyanın ən iri silahları sayılır və adına “raketlərin anası” deyilirdi. İndi də bu silahlar ən müasir raketlərdən biri ünvanını qoruyur. Ağıllı raket olaraq adlandırılan “Tomahawk”lar aşağı hündürlükdən yerə paralel hərəkət edir, maneələrin ətrafında fırlana bilir və radarlara yaxalanmırlar.


 
Aegis raketdən müdafiə qurğularına gəlincə, bu sistemlər Avropanı Rusiyanın raket hücumlarından qorumaq üçün hazırlanıb. Atılacaq raketləri Rusiya səmasında zərərsizləşdirməyi qarşısına məqsəd qoyan Aegis qurğuları bundan əvvəl Polşada və Rumıniyada qurulmuş, bu da Moskvanın sərt reaksiyalarına səbəb olmuşdu. İndi həmin qurğuların gəmilərə quraşdırılması ABŞ-ın hərbi təlimləri bəhanə edərək girdiyi Barents dənizində uzun müddət qalacağına işarə sayıla bilər. Çünki bu qurğular adətən torpaq üzərində quraşdırılır, yerdən-göyə prinsipiylə çalışırlar.
 
ABŞ-ın Barentsdə qalması üçün hələ ki hüquqi əsası olmasa belə, bunu təşkil etmək çətin deyil. Barentsdə Rusiya ilə həmsərhəd olan Finlandiya və Norveçin cənub-şərq qonşusu ilə münasibətləri xoş deyil və hər an rus hücumlarına məruz qalma təhlükəsi var. Bu ölkələrə ABŞ hərbi donanmasının onların qoruması hava və su qədər lazım ola bilər.


 
Rusiyanın Barents dənizində ABŞ donanmasına aid gəmilərə laqeyd qalması isə mümkün deyil. Çünki Rusiyanın Şimali Buzlu Okeanında və Arktikada neft və qaz axtarışı apardığı bəllidir. Dünyanın ən zəngin neft və qaz ehtiyatının bu bölgədə olduğu və bir müddətdən sonra Şimal qütbü əsas karbohidrogen enerji mənbəyinə çevriləcəyi bildirilir. Bir neçə dövlətin sərhədlərində yerləşən Arktikadanın hüquqi statusu və hansı hissəsinin kimə aid olduğu isə müəyyənləşdirilməyib. Bu isə Rusiyanın Şimal qütbündə neft və qaz tədqiqatlarına mane olmağa kifayət qədər əsas verir.



 
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, son zamanlar ABŞ-ın Rusiyanı çevrələmə strategiyanın daha aktiv şəkildə həyata keçirildiyini görürük. ABŞ hərbi qüvvələrinin Barents dənizinə dislokasiyası da bu strategiyanın tərkib hissələrindən biridir və Rusiyanı dəniz gücündən məhrum etmək məqsədi güdür.
 
Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 026          Tarix: 6-05-2020, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma