Xəbər lenti

 
 
“Ölkəmizin tarixində ən pis hücumu yaşayırıq. Bu, Pörl Harbor hücumundan daha pisdir. 11 sentyabr 2001-ci il tarixində Nyu Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumdan da pisdir".
 
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tibb bacıları günü münasibətilə Oval ofisdə keçirdiyi tədbirdə belə deyib.
 
Nə qədər çətin olsa da, karantin tədbirlərini getdikcə yumşaldılmasının vacibliyinə toxunan prezident hətta məktəblərin belə açılacağını istisna etməyib. Onun fikrincə, sağlamlıq problemləri varsa, yalnız 60 yaşından yuxarı müəllimlər karantin altına alına bilərlər, amma məktəblər mütləq açılmalıdır.
 
Jurnalistlərin karantin tədbirləri yumşaldılarsa, hər gün 3 min insanın ölməsi ehtimalını xatırlatmalarına Donald Trampın cavabı belə olub: "İnsanlar mübarizə aparmaq məcburiyyətindədirlər. Ölkəmizi illərlə karantin altında tuta bilmərik. Ümid edirəm ki, daha çox insan ölməyəcək, amma ölməsi də istisna deyil”.


 
Qeyd edək ki, jurnalistlərin bu xatırlatmaları təsadüfi deyil. İki gün öncə “New York Times”-da dərc olunan bir xəbərdə Tramp administrasiyasının daxili yazışmaları dərc olunmuşdu. Həmin yazışmalarda iqtisadiyyatın ənənəvi templə fəaliyyətə başlayacağı təqdirdə, gündəlik yoluxma sayının  yenidən 200 minə, ölüm sayının isə 3 minə yüksələcəyi ehtimalından söhbət açılırdı.
 


Trampın ABŞ-da geniş vüsətlə yayılan koronavirus epidemiyasını savaşla müqayisə etməsi də diqqətə şayandır. Nədən ki, ABŞ prezidenti bundan əvvəl dəfələrlə koronavirusun Çin tərəfindən bioloji silah kimi istehsal olunduğunu vurğulamış və ölkəsinə hücum edilməsinə eyham vurmuşdu. Bu da rəsmi Pekində sərt reaksiya ilə qarşılanmışdı. Maraqlıdır ki, Tramp daha sonra mətbuata verdiyi açıqlamalarında bu mövqeyindən qismən geri çəkilərək, koronavirusun Çində meydana gəldiyini, amma bunun qəsdən istehsal olunmadığını bildirmişdi.  
 


Bu gün isə ABŞ prezidentinin koronavirus infeksiyasını hücum kimi qiymətləndirməsi və onu ölkə tarixində iki önəmli hücumla müqayisə etməsi yenidən əvvəlki mövqeyinə qayıtması kimi başa düşülə bilər. Çünki Trampın adını çəkdiyi hər iki hücum ABŞ tarixinə düşmüş ən ağır xarici müdaxilələrdir. Pörl-Harbor hücumu 7 dekabr 1941-ci il tarixində Yaponiya,  2001-cil ildəki 11 sentyabr terror aktı isə əl-Qaidə tərəfindən həyata keçirilib. Pörl Harbor hücumunda ABŞ-ın 12 döyüş gəmisi ciddi şəkildə zədələnmiş və ya batırılmış, 188 qırıcı təyyarəsi məhv edilmiş, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldürülmüşdü. 11 sentabr terror aktı isə minlərlə dinc sakinin ölümüylə nəticələnmiş və bu hadisədən sonra ABŞ Yaxın Şərqdə və Əfqanistanda hərbi əməliyyatlara başlamışdı. Dünyanın super gücü indiyədək də bu bataqlıqdan çıxa bilmir.


 
Trampın koronavirus epidemiyasını məhz xarici hərbi müdaxilələrlə müqayisə etməsi hücumun arxasında Çinin dayandığına işarədir. Bu isə yaxın zamanlarda iki dövlət arasında hərbi gərginliklərin yaşanmasına gətirib çıxara bilər.
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 823          Tarix: 7-05-2020, 00:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma