Xəbər lenti


Böyük iş görüblərmiş kimi, gedib hələ bir də körpünün üstünə çıxıblar


 
“Azərbaycan hökumətinin başı xarab olub ki, ermənilər üçün körpü tikməyə pul ayırsın? Ona görə də biz müqavilənin bir kopyasını əldə etməliyik ki, məsələyə münasibət bildirək”.
 
Ovqat.com xəbər verir kİ, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu saytımızda dərc olunan bir məlumatı şərh edərkən belə deyib.
 


Xatırladaq ki, saytımızın Maliyyə Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, rəsmi Tehran Araz çayı üzərində inşa etdiyi iki körpü üçün Bakıdan 1 milyard dollar istəyir. Onun bu tələbi isə əsassız deyil və 2016-cı ildə Azərbaycanla bağladığı “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə söykənir. Azərbaycanın imzaladığı bu sazişdə işğal altında altında olan Qarabağla İran arasında SES və buna əlavə olaraq 2 körpünün tikilməsi nəzərdə tutulurmuş. Artıq neçə müddətdir ki, o körpü istifadəyə verilib üzərində o tərəfə-bu tərəfə yük maşınları şütüyür. İran tərəfi həmin maşınların SES üçün çalışdığını bildirsə də, başqa iddia irəli sürənlər də var. İddialara görə, Dağlıq Qarabağdakı separatçı rejim də bu körpülərdən istifadə edərək İrandan zəruri tələbat malları daşıyır. Belə çıxır ki, Azərbaycan torpağının işğal olunması azmış kimi, biz bir də erməni separatçılarını iqtisadi blokadadan xilas etmək üçün 1 milyard dollar ayırıb onlara körpü tikməli, elektriklə təmin etməliyik. 


 
Sərdar Cəlaloğlu da indiyədək eşitmədiyi bu məlumatı şərh edərkən  təəccübünü gizlətməyib və belə bir məlumata malik olmadığını bildirib. Halbuki, Milli Məclisin sənədləri arasında həmin sazişin 2016-cı ilin 14 iyun tarixində ratifikasiya edilməsi barədə qərar var. Qərarı ölkə başçısı belə, imzalayıb.
 
Maraqlıdır ki, əvvəl Tehranda bağlanıb, sonra Bakıda Milli Məclisin sessiyasında müzakirəyə çıxarılıb ratifikasiya olunan sazişdən parlamentin ən fəal deputatı olan Qüdrət Həsənquliyevin də xəbəri yoxdur. BAXCP sədri əməkdaşımızla söhbətində belə bir sazişin müzakirəyə çıxarıldığını xatırlamadığını bildirib. Sual oluna bilər: bu qədər taleyüklü məsələnin müzakirəsi gözdən necə yayınıb? Özgə vaxt hakimiyyəti “yıxıb-sürümək” üçün əsaslı dəlil axtaran müxalifət nə yaxşı bunu görməyib?


 
Bəs bir zamanların Baş naziri olmuş, hazırda Azərbaycan  Xalq Partiyasının sədri vəzifəsini icra edən Pənah Hüseyn necə, belə bir sazişdən xəbərdardırmı?
 
Suallarımızı cavablandıran sabiq Baş nazir əslində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin yeni layihə olmadığını, hələ sovet dövründə belə bir planın hazırlandığını deyib. Bununla belə, Azərbaycan hakimiyyətinin İranla belə bir saziş bağladığını o da indi eşidib və buna təəccüblənib:
 

 
 “Bu, əslində, hələ Sovet dönəmində meydana çıxmış, o vaxt müzakirə olunan layihədir. Sonra 90-cı illərdə də bunun müzakirəsi ilə müəyyən razılaşmalar vardı. Hazırda həmin layihənin icra vəziyyəti nədən ibarətdir; o barədə Azərbaycanın müvafiq səlahiyyətli orqanları məlumat verməlidir ki, bu məsələyə dəqiq qiymət vermək olsun. Çünki sözün doğrusu, hazırda mətbuatda gedən informasiyalar xeyli dərəcədə cəmiyyət üçün gözlənilməz oldu. Hazırda 2 körpünün salınması, borcun istənilməsi və sair bu kimi məsələlər gündəmə gəlib. İstənilən halda  mətbuatda gedən informasiyalar ciddi şəkildə cəmiyyəti həyacanlandırıb və buna Azərbaycanın Xarci İşlər Nazirliyi rəsmən  və təfərrüatlı bir şəkildə aydınlıq gətirməlidir. Biz də bundan sonra məsələyə qiymət verə bilərik. Əks təqdirdə, bu cür məsələlər dəqiq olmayan faktlara əsasən qiymətləndirilə bilə ki, bu da doğru olmaz”. 


 
Pənah Hüseynin fikrincə, İranın işğal altında olan ərazidə hidroqurğu inşa etməsi həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüquqa ziddir və torpaqlarımızın işğalında iştirak etmək deməkdir:
 
“İşğalçılıq beynəlxalq hüquqda faktiki olaraq qadağan olunub. Həmin ərazidə bu cür qanunsuz fəaliyyət də işğalda iştirak etmək deməkdir və bu məsələyə də aydınlıq gətirilməlidir”.
 
Bəs faktiki olaraq Azərbaycanın dövlət maraqlarının əlyehinə olan bu saziş necə ləğv oluna bilər? Zira Azərbaycan xalqından gizlədilən, hətta siyasi xadimlərin, deputatların belə xəbəri olmayan bir sazişdən söhbət gedir. Yaxşı olmazmı ki, bu cür sənədlərə legitimliyi şübhə altında olan Milli Məclis yox, xalqın özü qərar versin? Axı qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak referendumla həyata keçirilir. Bu qədər həyati önəm daşıyan məsələ referenduma yenidən çıxarıla bilərmi?
 
 

P.Hüseynin cavabı:

“Mən dedim axı, bu  məsələnin konkret təfərrüatı ilə bağlı Xarici İşlər Nazirliyi və bu su obyektinin bilavasitə işi ilə məşğul olan, bu danışıqları aparan, müqavilələri imzalayanlar deyilənlərə aydınlıq gətirməlidir. Bir sıra siyasi partiyalar, o cümlədən Azərbaycan Xalq Partiyası bu barədə artıq müvafiq qurumlara müraciət ediblər. Həm Xarici İşlər Nazirliyi, həm hökumət, həm də o obyektlə bağlı konkret iş aparan idarələr səviyyəsində ən yaxın dövrdə buna aydınlıq gətirəndən sonra ona siyasi-hüquqi baxımdan da qiymət verəcəyik. Amma istənilən halda, işğal olunmuş ərazilərdəki bu fəaliyyət, əgər dəqiqdirsə, yolverilməzdir. Mənim konkret 2016-cı il sazişindən xəbərim yoxdur”.


 
Göründüyü kimi, 2016-cı il sazişindən ölkədə nə deputatın, nə də siyasi liderlərin xəbəri var. Mümkündür ki, XİN-nin sözçüsü Leyla Abdullayeva da “Real”TV-yə çıxıb belə bir saziş barədə eşitmədiyini desin. Rəsmi Bakı isə Qarabağdakı separatçılar blokadadan xilas olsunlar, işğal etdikləri ərazilərimizdə atalarımızın gorunu söyə-söyə kef etsinlər deyə İrana 1 milyard dollar pul ödəməlidir. Bax, bu yerdə Sərdar Cəlaloğlunun məsələylə bağlı səsləndirdiyi fikirlər bir daha yada düşür: “Azərbaycan hökumətinin başı xarab olub ki, ermənilər üçün körpü tikməyə pul ayırsın?”




Ana səhifəyə qayıt        Baxış: 5 942          Tarix: 7-05-2020, 17:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma