Xəbər lenti
Bu gün, 10:38
Dünən, 19:15
Dünən, 16:00
Dünən, 14:00
Dünən, 12:20
Dünən, 11:58
Dünən, 10:08
Dünən, 09:13
27-12-2024, 23:53
27-12-2024, 22:59
27-12-2024, 20:27
27-12-2024, 19:51
27-12-2024, 18:30
27-12-2024, 17:30
27-12-2024, 16:22
Xatırlayırsınızsa, “Xudafərin” sazişi gündəmə gətiriləndə müraciət etdiyimiz ilk ünvanlardan biri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev olmuşdu. Bizi maraqlandıran məsələ sazişin parlamentdə ratifikasiyadan keçib-keçməməsi idi.
Millət vəkilinin cavabı isə bizi xeyli təəccübləndirmişdi. Onun sözlərinə görə, belə bir sazişin parlamentdə müzakirəsini xatırlamır və bunu araşdırmaq lazımdır: “Mən Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Tez-tez xarici səfərlərdə oluram. Bununla belə, Milli Məclisin bütün iclaslarını diqqətlə izləyirəm. Ola bilsin ki, mən xarici səfərdə olarkən bu məsələ parlamentin müzakirəsinə çıxarılıb”.
Halbuki, BAXCP sədri parlamentin ən fəal üzvüdür, müzakirə edilən hər məsələyə qiymət verməsiylə tanınır. Onun belə, məlum sazişin ratifikasiya edilməsindən xəbərinin olmaması ağıllara başqa mətləblər gətirirdi: Əcəba, saziş ümumiyyətlə Milli Məclisdə müzakirə edilibmi?
Ovqat.com-un araşdırmaları nəticəsində məlum olub ki, saziş Milli Məclisin 14 iyun 2016-cı il tarixli iclasında müzakirəyə çıxarılıb. Müzakirədə 100 deputat iştirak edib. Onlardan biri sazişin əleyhinə, digərləri isə yekdilliklə lehinə səs veriblər.
Ən maraqlısı isə odur ki, müzakirələrdə çıxış edənlərdən biri də Qüdrət Həsənquliyev olub. Onu saytımıza cavab verərkən çaşdıran məqam isə körpü məsələsi imiş. Belə ki, sazişin 17 maddəsindən heç birində Araz çayı üzərində körpü tikilməsinə dair heç bir müddəa yoxdur. İran tərəfi sadəcə müqavilədən irəli gələn hidroqovşaq tikmək səlahiyyətlərini həyata keçirmək üçün həmin körpüləri inşa edib. Millət vəkili isə hidroqovşaqla əlaqədar bağlanan sazişə münasibət bildirdiyindən bu detalı nəzərə almayıb.
Qeyd edək ki, Qüdrət Həsənquliyevin sazişlə bağlı çıxışında yalnız bir neçə cümlə mövzuyla əlaqədardır. O, həmin vaxt İran-Azərbaycan münasibətlərindən danışmağa daha çox üstünlük verdiyindən çıxışını xatırlamaya bilər.
Ovqat.com-un Milli Məclisin stenoqramını eşələyərək tapdığı həmin çıxışı təqdim edirik:
Q.Həsənquliyevin 14 iyun 2016-cı ildə MM-dəki çıxışının tam mətni
Çox sağ olun, cənab Sədr. Çıxışıma ilk öncə onunla başlamaq istəyirəm ki, cənab Prezident magistrlərə və doktorantlara möhlət hüquqi verərkən, yəqin ki, millət vəkillərinin parlamentdəki çıxışlarını də nəzərə alıb. Ona görə çoxlu sayda millət vəkili çıxış etdi, bunun vacibliyi barədə fikirlərini söylədi.
Oqtay müəllim, sazişlə bağlı onu qeyd etmək istəyirəm ki, doğrudan da, bu sənəd Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə mən də buna səs verəcəyəm.
Oqtay müəllim, mən şəxsən Sizin və iqtidar təmsilçilərinin narahatlığını başa düşürəm. İqtidar bu illər ərzində həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qorusun və inkişaf elətdirsin. Amma bizim el məsələsi var, deyir, belə olmur da, yəni “səni sevəcəyəm, sən sevməsən də”.
Çox təəssüf ki, biz bunun qarşılığını İran tərəfindən görməmişik və bu sazişin də tərəfi İran olduğuna görə onu müzakirə edərkən bəzi məsələlərə münasibətimizi bildirməliyik. Xahiş edirəm, Siz də bizim narahatçılığımızı bölüşəsiniz və qəbul edəsiniz.
Əvvəla, bu sazişin preambulasında qeyd olunur ki, tərəflər bu sazişi imzalayarkən, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” 2002-ci il 20 may tarixli Müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alırlar. Bu, çox önəmli bir məsələdir. Digər önəmli bir məsələni Valeh müəllim burada qeyd etdi. Sazişin 11-ci maddəsində qeyd olunur ki, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər. Amma buradan ortaya suallar çıxır.
Birincisi, Oqtay müəllim, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, islamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Eyni dinin daşıyıcılarıyıq, eyni təriqətin daşıyıcılarıyıq və İranda öz tarixi dədə-baba torpaqlarında 30 milyon azərbaycanlı yaşayır. İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub, amma İran rəsmiləri deyir ki, bu torpaqları işğal edən Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir. Sanki bizə acıq verirlər və qeyri-rəsmi söhbətlərdə deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, onlardan müasir silahlar alaq və müsəlman torpaqlarını – Qarabağı işğaldan azad edək. Bəs İran niyə Ermənistanla əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarının işğalda qalması daha çox davam etsin?
Bu gün xarici mətbuatdan oxudum, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, İranda etnik, milli, tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səylər göstərir. Bu səyi İran hakimiyyəti, İran rəhbərliyinin özü göstərir. Allah rəhmət eləsin, bizim Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Orada Sarkisyanın başçılığı ilə ermənilər azərbaycanlıları, qadınları və uşaqları qətlə yetiriblər. Hələ bununla kifayətlənməyib, sonra 3–5 yaşındakı qız uşaqlarını soyundurub təhqir ediblər. Həmin o azərbaycanlıların soyundurulmuş şəkilləri var, dəfələrlə bu kadrlar televiziyada nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmləri bunu görməsinlər. Axı onlar müsəlman uşaqları idilər. Onlar İranda yaşayan 30 milyon azərbaycanlının bacı-qardaşlarıdır.
Tektonik xətləri bax bu cür ədalətsiz yanaşma aktivləşdirir. Aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, o həm də Cənubda yaşayan 30 milyon azərbaycanlının namusudur. Qarabağ həm də onların torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ elə bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti, Azərbaycanın din xadimləri bu məsələlərdə susmamalıdırlar. Hörmətli Şeyximiz Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır, Azərbaycan tarixinin keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib. Hesab edirəm ki, indi də İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumətimiz rəsmi şəkildə müraciət etməlidir ki, bu nə davranışdır? Bizə sanki acıq vermək üçün Nalbandyan Tehranda az qala dünya lideri səviyyəsində qəbul olunur. Axı dediyim kimi, Sarkisyanın Xocalıda əli qana batıb. Bu həmin cinayətlərə şərik olmaq deməkdir. Bu necə dostluqdur? Biz bu barədə açıq danışmalıyıq.
Düşünürəm ki, bundan başqa Azərbaycan İslam Əməkdaşlığı Təşkilatında da bu məsələni qaldırmalıdır. İranın bu davranışına, bu fəaliyyətinə həm mənəvi, həm siyasi qiymət verilsin ki, bu necə müsəlmançılıqdır? İndi biz burada Xudafərindən danışırıq, YUNESKO-ya mü-raciət edirik ki, Dünya İrs Siyahısına salınsın. O biri tərəfdən, işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb. İslam mədəniyyətinə, islam tarixinə məxsus nə qədər eksponatlar, muzeylər dağıdılıb, məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər? Biz niyə buna susmalıyıq?
Ona görə də mən düşünürəm ki, İranın bugünkü rəhbərliyinin yürütdüyü siyasət, çox təəssüf ki, Azərbaycana dost siyasət deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən dünyəvi bir dövlət olmasına yanlış olaraq həyəcanlanırlar. Amma onları burada narahat edəcək heç nə olmamalıdır. Əslində, biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur.
Amma dediyim kimi, əgər onlar orada 30 milyon azərbaycanlının, – hələ müsəlmançılığı qırağa qoyuram, – milli kimliklərinə xidmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, əlbəttə, İran bu siyasətin acı nəticələrini dadacaq. Ona görə mən həm də buradan Cənubdakı azərbaycanlı qardaşlarımıza müraciət edirəm, onlar da öz səslərini qaldırmalıdırlar. Dediyim kimi, vaxtilə Rusiya ilə İran Azərbaycanı iki yerə bölüblər, Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda biz öz dövlətimizi qurmuşuq. Oqtay müəllim, hesab edirəm ki, bu torpaqlar həm də onların torpaqlarıdır, burada baş verənlərə onlar da biganə qalmamalıdırlar. Diqqətinizə görə sağ olun.
P.S. sazişin hüquqi-siyasi analizi barədə millət vəkilinin fikirlərini öyrənmişik və müsahibə dərcə hazırlanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar