Xəbər lenti


Fazil Mustafa,
Milli Məclisin üzvü

Bu dar düşüncədə olanlar bir, deyil, iki deyil. Leksikonlarındakı “vətənə xəyanət”, “Qarabağı satdılar” ifadələrini əzbərlədikləri kimi illərdir məsuliyyətsiz şəkildə cəmiyyətə sırımaqla məşğuldurlar. Sanki nə hökumətdə, nə parlamentdə Vətəni bunlardan başqa düşünən kimsə yox, onun taleyinə acıyan kimsə qalmayıb. İctimai-siyasi həyata bir ağıllı mövqeləri ilə, faydalı tezisləri ilə qatılımları, təsirləri yox. Əsas işləri də ictimai rəyi çaşdıraraq əsassız, yalan informasiyaları yaymaqla insanları qışqırtmaqdır. İki həftədir ki, açıqlama vermişəm ki, İran qanunsuz olaraq Araz çayı üzərindən salınmış körpülərlə Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərimizdə qeyri qanuni məskunlaşmış erməni quldurlarına hərtərəfli yardım edir. Bu qonşuluq, dostluq prinsiplərinə ziddir. Bizim məsələyə münasibətimizdən sonra hər iki tərəfdən münasibətlər açıqlandı, yazılar yazıldı və mövzu xeyli aktuallaşdı.



Məsələnin mahiyyətinin üzərinə getmək əvəzinə bir çox populist insanlar başladılar ki, bəs 2016-cı ildə Azərbaycanla İran arasında saziş əsasında belə bir addımın atılması mümkün olub. Və bu məsələ də parlamentdə müzakirə olunarkən, hamı lehinə səs verib. Bununla da əsas məsələdən diqqəyi yayındırmış oldular. Bəli, həmin saziş parlamentdə qəbul olunub, hamı da ona görə lehinə səs verib ki, bu Azərbaycanın dövlət maraqlarına uyğundur. Həmin saziş Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında”dır.



İran Tərəfinin gördüyü işlərə və fəaliyyətə əsaslanaraq, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinin və başa çatdırılmasının vacibliyini qeyd edərək, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsində və istismarında hər iki tərəfin suverenliyinin vacibliyindən çıxış edərək, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq, müştərək sərhədlərin və elektrik enerjisinin ötürülməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini nəzərə alaraq bu razılığa gəlmişlər.

Maddə 1-də qeyd olunur ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər. İran Tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu Saziş əsasında aparır.



Maddə 5-də qeyd olunur ki, hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət bərabər şəkildə Tərəflərin üzərinə düşür. İran İslam Respublikası mövcud şəraitdə, BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək, bu məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz üzərinə götürür. Bununla əlaqədar İran Tərəfindən elan olunan müvafiq xərclər Birgə Texniki Komissiya tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Tərəfinin payına düşən hissə İran Tərəfinə ödəniləcəkdir.

Maddə 6-da qeyd olunur ki, tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir.



Maddə 7-də tərəflərin “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır.

Hidroqovşaqlar və su elektrik stansiyaları istismara verildiyi tarixdən etibarən, tərəflər arasında paritet əsasda razılaşdırılmış qaydada İran tərəfinin “Qız qalası” hidroqovşağından götürdüyü suyun həcminə bərabər miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla Azərbaycan Tərəfi, hidroqovşaqlardan su götürmək imkanı yarananadək Araz çayı üzərindəki “Mil-Muğan” və “Bəhramtəpə” hidroqovşaqlarında istifadə edəcəkdir.



Maddə 8-də qeyd olunur ki, Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər.

Maddə 9-da isə qeyd olunur ki, mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan Respublikası mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İran İslam Respublikasının öhdəsində olacaqdır.



Məsələnin sadə izahı belədir: İran özbaşına, Azərbaycanın razılığı olmadan Araz çayının işğal olunmuş ərazilərə aid hissəsində su bəndinin 2000-ci illərin əvvəllərindən tikintisinə başlayıb. Azərbaycan buna etiraz edərək hüquqi cəhətdən bunun Azərbaycanla birlikdə edilməsinin vacibliyini tələb etdikdən və uzun müddətli müzakirələrdən sonra Azərbaycan tərəfinin tələbləri qəbul olunaraq saziş imzalanıb. Bu tələblər, yuxarıda qeyd olunan müddəalarda yer alıb. Burada cəmiyyətdə geniş müzakirə mövzusu olan yol və körpü məsələsi ilə bağlı hər hansı bir razılaşma yoxdur. Orada çəkilən körpü yalnız hidroqovşaq və su elektrik stansiyalarına texniki xidmət üçün istismar oluna bilər. Sazişdə hər hansı daşıma, gediş-gəliş üçün körpü və ya yol barədə hansısa müddəa yoxdur.

Əsas məqam da buradadır ki, bu sazişə dəxli olmadan İran tərəfi beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın ərazi bötüvlüyünə hörmətsizlik göstərərək yalnız bu ərazilərdən deyil, digər işğal olunmuş ərazilərdən də burada məskunlaşmış erməni terrorçularına dəstək verir. Adı çəkilən Saziş əslində bizə imkan verir ki, İranın bu sənəddən kənara çıxan davranışları ilə bağlı iddialarımızı ortaya qoyaq. Qeyd etmək istəyirəm ki, İranın ermənilərə dəstəyi heç bir halda bu Sazişlə əlaqələndirilməməlidir, ayrıcı kontekstdə dəyərləndirilməlidir.



Digər tərəfdən Allahşükür Paşazadənin İrana tətbiq olunan sanksiyaların götürülməsi ilə bağlı müraciəti də humanist addım kimi normal qiymətləndirilsə də, sənəddə siyasi baxımdan natamamlıq mövcuddur. Düşünürəm ki, məktubda belə bir ideya hökmən vurğulanmalı idi: “Biz İran dövlətinə tətbiq olunan sanksiyalardan İran xalqının necə əziyyət çəkdiyini görürük və istərdik ki, bu sanksiyalar qaldırılsın. Bu həm də ona görə vacibdir ki, sanksiyalar qaldırıldıqdan sonra ümid edirik ki, İran beynəlxalq hüququn prinsiplərinə daha həssas yanaşacaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində məskunlaşmış erməni terrorçularını dəstəkləmək siyasətindən əl çəkəcəkdir”. / Modern.az



Ana səhifəyə qayıt        Baxış: 3 483          Tarix: 9-05-2020, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma